Sumqayıt teatrı yeni mövsümdə

post-img

Ölkəmizin teatrları yeni mövsümə ciddi hazırlıq görürlər. Sumqayıt Dövlət Dram Teatrında bu münasibətlə kollektivlə görüş keçirilib. 

Teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov bu barədə “XQ”-yə açıqlama verib: “Tədbirdə yeni tamaşaların hazırlanması, repertuar siyasətinin qurulmasında tarixə istinad edən, bədii estetik zövqü formalaşdıran, maarifçilik missiyası daşıyan klassik əsərlərə önəm verilməsinin vacibliyindən danışılıb. Qeyd edilib ki, Sumqayıt səhnəsində bu mövsümün ilk tamaşalarından biri 18 sentyabr – Milli Musiqi Günü  münasibətilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri olacaq. Tamaşaya quruluşu Əməkdar artist Namis Şirməmmədov verib”. 

Vidadi Məmmədov, həmçinin yaradıcı kollektivin Azərbaycan Teatr Xadimləri İttifaqının ənənəvi klassika festivalı üçün polyak yazıçı-dramaturq Slavomir Mrojekin "Mühacirlər" əsərini tamaşaya hazırladığını bildirib. “Sumqayıt teatrının yeni mövsümü Laçın şəhərində H.Ataxanlının “Missiya” mistik dramı ilə açacaq. Əslən Laçının Güləbird kəndindən olan Milli Qəhrəman Qorxmaz Eyvazov əsərin əsas obrazlarından biridir. Bundan başqa, truppamız Bərdə şəhərinə də qastrol səfərinə yollanacaq”, – deyə o bildirib.

Hazırladı: 
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət