Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəldilir

post-img

Bu il bərpa işlərinə 12 milyard manat xərclənəcək

Azərbaycanın işğaldan azad azad olunmuş torpaqlarında həyat yenidən əvvəlki məcrasına qayıdır. Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. 

Dövlət başçısı İlham Əliyevin müəy­yənləşdirdiyi bərpa və quruculuq mis­siyasının uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ötən müddətdə işğaldan azad olunmuş əra­zilərimizdə insanların rahat və firavan yaşayışın təməlinin qoyulması üçün mü­hüm infrastruktur layihələri icra olunub. Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir. 

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yeni­dənqurma işləri üçün dövlət büdcəsin­dən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi is­tifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-qu­ruculuq işlərinə, təqribən, 12 milyard ma­nata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da Qarabağ və Şərqi Zən­gəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruk­tur yenilənir, dədə-baba yurdlarına qayı­dacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır.

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəl­ki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastrukturun yara­dılması sürətlə davam etdirilir.

Bu baxımdan Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında təqdirəlayiq işlər görülür, bölgədə iqtisadi fəallığın təməli qoyulur. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində yaradılan Ağ­dam və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezi­dentlik və qeyri-rezidentlik statusu verilib. Agentliyin məlumatına görə, həmin sa­hibkarlıq subyektləri tərəfindən sözüge­dən sənaye parklarında, ümumilikdə, 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq Ağdam və “Araz Vadisi İqtisa­di Zonası” sənaye parklarının rezident­lərinin bir çoxu tikinti işlərinə başlayıb. Hazırda sözügedən parkların ərazisində yeni istehsal sahələrinin yaradılması ilə bağlı işlər sürətlə davam etdirilir. Bunun­la yanaşı, layihələndirmə mərhələsində olan bir sıra müəssisələrdə də tezliklə tikinti işlərinə başlanılacaq. 

Ötən müddətdə işğaldan azad edil­miş ərazilərin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən tədbirlər, xüsusən də ölkəmizdə yaradılmış əlve­rişli biznes mühiti bir sıra xarici şirkətləri də burada reallaşdırılan layihələrdə işti­raka sövq edib. Son zamanlar Qarabağ və Şərqi Zəngəzurda biznes quran və buna maraq göstərən yerli qurumlarla yanaşı, əcnəbi şirkətlərin də sayı getdik­cə artır. İqtisadiyyat Nazirliyinin yaydığı məlumata əsasən, azad edilmiş ərazilə­rimizdə həyata keçirilən layihələrdə işti­rak üçün indiyədək 1500-dən çox şirkət müraciət edib ki, onların da 500-ə qədəri xarici şirkətlərdir. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqti­sadi potensialının, əlverişli biznes və in­vestisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. 

Hazırda ölkəmizdəki digər sənaye parklarında olduğu kimi, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında da sahibkarlar üçün əlverişli investisiya mühitinin formalaşdırılması ilə yanaşı, rezidentlər dövlət vəsaiti hesabına qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s. hazır infrastrukturla təmin edilir. Bununla ya­naşı, adıçəkilən parkların rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra vergilərdən, o cümlədən istehsal məqsədilə idxal etdik­ləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumla­rından azad olunurlar. 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kənd təsərrüfatı potensialı da olduqca yüksəkdir. Torpağının hər qarışı­nın qızıla bərabər tutulduğu bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, eləcə də heyvandarlığın inkişafı üçün çox yaxşı imkanlar mövcuddur. Uzun illər idi ki, azğın düşmənin minalarla çirkləndirdi­yi bərəkətli torpaqlarımız qoynunda halal nemətlərin yetişdirilməsinin intizarını çə­kirdi. Artıq iki ildən çoxdur ki, Qarabağın və Şərqi Zəngəzurun minalardan təmiz­lənmiş torpaqlarının əkin dövriyyəsinə qaytarılması istiqamətində işlər sürətlə davam etdirilir. İndi mənfur düşmənin vaxtilə minalar “əkdiyi” torpaqlarımıza düşən hər bir dən cücərək boy atır, ölkə­də məhsul bolluğuna töhfə verir. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ötən ilin payızında 2023-cü ilin məhsulu üçün 210 min 478 hektar sahədə dən və yaşıl yem əkilib. Cari ilin yanvar-iyul aylarında adıçəkilən iqtisadi rayonlarının fermer və fərdi təsər­rüfatları tərəfindən, ümumilikdə, 105 min hektardan artıq sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən isə 401 min tondan artıq dənli bitkilər yığılıb. Bununla yanaşı, bu ilin 7 ayı ərzində Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının təsərrüfatlarında 1043 ton dən üçün günəbaxan, 16 min 515 ton kartof, 165 min 816 ton tərəvəz, 51 min ton bostan məhsulları, eləcə də 21,3 min ton meyvə və giləmeyvə tədarük edilib. 

Göründüyü kimi, işğaldan azad olun­muş ərazilərimizin sənaye və kənd təsər­rüfatı potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla davam etdirilir. Bu­nun da nəticəsində Azərbaycan iqtisadiy­yatı özünün növbəti inkişaf mərhələsinə qədəm qoyacaq, ölkədə ümumi daxili məhsul istehsalında əhəmiyyətli artıma nail olnacaq. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat