“Vaqner”in Belarusda mövcudluğu qonşu dövlətləri narahat edir

post-img

Qiyamçı “Vaqner” ruplaşmasının əsas zərbə dəstələrinin Belarusda yerləşməsi bu ölkə ilə qonşu olan dövlətləri, xüsisilə Polşada ciddi təşvişə səbəb olur. Varşavada və Baltikyanı ölkələrin paytaxtlarında hesab edirlər ki, “vaqnerçilər” Belarusda qaldıqca, onlardan hər an arzuolunmaz hərəkətlər gözləmək mümkündür.

Dünən bu məsələ ilə bağlı Pol­şa və Baltikyanı dövlətlərin daxili işlər nazirləri Varşavada görüşüblər. Orada “Vaqner”dən gözlənilən “sürpriz”lərlə bağlı danışıqlar aparılıb. Bir neçə saat davam edən müzakirələrdən sonra na­zirlər mətbuat konfransı keçiriblər. 

Polşanın daxili işlər naziri Mariuş Kaminski jurnalistlərə bildirib ki, son həftələr ərzində NATO-nun şərq cina­hında gərginlik xeyli artıb və bunun da əsas səbəblərindən biri “Vaqner”dən qaynaqlanan təhlükədir. Həmçinin bildi­rib ki, muzdlulardan ibarət qrup ilə bağlı “kritik insident” baş verərsə, Polşa və Baltikyanı ölkələr Belarusla sərhədləri­ni dərhal tamamilə bağlayacaq.

Qeyd etmək lazımdır ki, Belarusla ümumi sərhədi bölüşən Avropa İttifaqı və NATO ölkələri olan Latviya, Litva və Polşa “Vaqner” qrupunun Belarusa gəlməsindən sonra sərhədlərinin təh­lükəsizliyi ilə bağlı narahat olduqlarını gizlətmir və rəsmi Minskdən muzdluları təcili çıxarmağı tələb edirlər. Belarus hökuməti isə bu tələbləri gözardı edir.

Bundan əlavə, Belarus son aylar, əsasən, böyük hissəsi Yaxın Şərq və Afrikadan olmaqla, sayı getdikcə artan miqrantların Avropa İttifaqınin Şərq döv­lətlərinin sərhədlərini keçməsinə şərait yaratmaqda ittiham olunur. Belarus rəs­miləri bu ittihamları da təkzib edirlər. 

Vəziyyət isə günbəgün gərginləşir. Belarus Prezidenti A.Lukaşenko bu yaxınlarda ölkədə 10 minə yaxın “Vaq­ner” döyüşçüsü saxlamaq niyyətində olduğunu bəyan edib. Lakin qruplaş­manın Rusiya, yaxud Belarus tərəfin­dən maliyyələşdiriləcəyi məlum deyil. Analitiklər hesab edirlər ki, böyük eh­timalla “Vaqner”in yükünü Rusiya çək­məli olacaq. 

Xatırladaq ki, Polşa əsilli jurnalistin Belarusda həbs edilməsi və Polşa diplo­matlarının ölkədən çıxarılmasından son­ra Polşa bu il Belarusla bir sərhəd keçid məntəqəsindən başqa hamısını bağla­yıb. Bir müddət əvvəl isə Belarusun hərbi təyyarələrinin Polşanın hava məkanını pozduğu barədə məlumatlar yayılmışdı. 

Ən qəribəsi bu idi ki, NATO rəh­bərliyi Belarusla hərbi münaqişə baş verəcəyi təqdirdə Polşanın tərəfindən vuruşmayacağını elan etdi. Bu xəbər Belarus ictimaiyyətində dərin məyusluq doğurdu. Bu tərəfdən “Vaqner”in Pol­şanın “qulağının dibində” olması ölkə əhalisində təşviş yaradıb. 

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun professoru, siyasi şərhçi 

– Artıq il yarımdan çoxdur ki, Ru­siya–Ukrayna müharibəsi başlayıb və o vaxtdan bu ağır silahlı münaqişənin böyüyərək Avropanın şərqinə doğru genişlənib-genişlənməyəcəyi gün­dəmdədir. Bir müddət əvvəl “Vaqner” özəl hərbi qruplaşmasının Belarus ərazisində yerləşməsi bu problemi daha da aktuallaşdırıb. 

Qərbdə hesab edirlər ki, Rusiya 2022-ci ilin 24 fevralında beynəlxalq norma və qaydaları kobud surətdə pozub. Rusiya Ukraynada gözlədiyi və ümid etdiyi böyük hərbi uğura nail ola bilməyib. Bununla bərabər, müha­ribə günbəgün uzanır və münaqişənin gələcək taleyi barədə proqnozlar ver­mək çətindir. 

ABŞ və müttəfiqləri Kiyevə ki­fayət qədər maliyyə və hərbi yardım göstərsə də, Ukrayna Silahlı Qüv­vələri hələlik cəbhədə ciddi dönüş yarada bilmir. Bu səbəbdən Qərbdə münaqişəni dondurmağın vaxtının çatdığı fikirini dəstəkləyənlərin sayı artır. 

Məlumdur ki, “vaqnerçilər” Ukray­nadan əvvəl Afrikada, oradan qabaq isə Suriya və Liviyada vuruşaraq Ru­siyanın qlobal maraqlarına xidmət ediblər. Rusiya–Ukrayna müharibəsi başlanandan bir müddət sonra “Vaq­ner”in əsas zərbə qüvvəsi Ukrayna cəbhəsinə gətirilib. 

Lakin Ukraynadakı döyüşlər “vaq­nerçilər” üçün Afrikadakı qədər asan olmayıb. Burada muzdlular fədakar Ukrayna xalqının ciddi müqaviməti ilə üzləşiblər. “Vaqnerçilər”in Ukrayna torpağında ağır zorakılıqlar törətdiyi bildirilir. 

Qruplaşma Donetsk vilayətinə daxil olan Baxmut şəhəri uğrunda dö­yüşlərdə ağır itkilər verib, lakin şəhəri ələ keçirməyə müvəffəq olublar. Bun­dan sonra qrupun başçısı Yevgeni Priqojin ilə Rusiya Ordusunun rəhbər­liyi arasında ixtilaf yaranıb və məlum qiyam baş verib. 

Əslində, “Vaqner” təkcə Polşa və Baltikyanı ölkələr üçün təhlükə törət­mir, onun Ukraynanın şimalından yeni­dən bu ölkəyə qarşı hücuma keçəcəyi istisna edilmir. Hər halda, başçısız qa­lan muzdlu dəstənin müharibənin tale­yinə ciddi təsir göstərəcəyi inandırıcı görünmür.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Dünya