Dünya bazarında qazın qiymət ziqzaqı

post-img

Dünən Avropada təbii qazın qiyməti ICE birjasında kəskin ucuzlaşıb. Ticarət məlumatlarına görə, sentyabr ayı üçün yanacaq füçerslərində qiymət 4 faizdən çox düşüb. Hollandiyada Avropanın ən likvid virtual satış mərkəzində (TTF) isə təbii qazın sentyabr füçersində min kubmetri 428 dollara satılıb. Sonra yanacağın minimum qiyməti 413 dollara düşüb. Oktyabr füçersində isə 19,81 faiz ucuzlaşma qeydə alınıb və qazın min kubmetri 336, 42 dollara təklif olunub. 

Bundan bir gün əvvəl isə dünya ba­zarlarında fərqli qiymətlər olub. Məsələn, TTF-də təbii qazın sentyabr fyuçersləri­nin qiyməti 12,39 faiz artaraq min kub­metr üçün 436,5 dollara çatıb. 

“Bloomberg” qeyd edib ki, qiymətlər Norveçdə qaz tədarükünün azalması və Avstraliyada işçilərin tətil təhlükəsi fonun­da yüksəlir. Avropanın əsas qaz tədarük­çüsü olan Norveçdən ixrac son bir ildə ən aşağı səviyyəyə düşüb. Bu, ilk növbədə, planlı təmir işləri çərçivəsində “Troll” ya­tağından tədarükün dayandırılması ilə bağlıdır. Bundan əlavə, Norveçin qaz kəməri operatoru “Gassco” Böyük Brita­niyada SEGAL qaz kəmərləri şəbəkəsini qazla təmin edən yataqlarda əlavə təmir işlərinin görüləcəyini elan edib. 

Dünya bazarına mayeləşdirilmiş təbii qazın (LNG) çıxarıldığı Avstraliyada isə tətil təhlükəsi qalmaqdadır. Avstraliya­nın mayeləşdirilmiş qaz istehsalı üzrə ən böyük zavodunun sahibi olan “Woodside Energy Group”, keçən həftə planlaşdırı­lan tətili ləğv etmək üçün işçiləri ilə da­nışıqlar aparıb, müsbət nəticə əldə edib. Lakin ABŞ-ın ən böyük neft-qaz şirkəti “Chevron”un Avstraliyadakı Qorqon və Uitstoun şəhərlərindəki zavodlarında və­ziyyəti fərqlidir.

Bazar ertəsi, avqustun 28-də Qər­bi Avstraliyadakı “Chevron” layihəsində çalışanlar tətil keçirməklə bağlı razılığa gəliblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Ötən həftənin sonunda şirkətin Avstraliyadakı digər iki müəs­sisəsinin işçiləri də analoji qərar qəbul ediblər. “Chevron” şirkətindən bildirilib ki, danışıqları davam etdirilir. Hələlik ümumi razılığa gəlmək mümkün olmayıb. Bu da o deməkdir ki, tətil təhlükəsi qalır, qaz tədarükü və onun dünya bazarına çıxa­rılması sual altındadır. Bu şirkətlər Avst­raliyadan bütün mayeləşdirilmiş təbii qaz ixracının təxminən 20 faizini təmin edir. Tətillər Avropaya mayeləşdirilmiş qaz tə­darükünü ildə 10 milyon tondan çox azal­masına səbəb ola bilər. 

Təkliflə təlabat arasında tarazılığın pozulması isə təbii qazın dünya baza­rında qiymətinin kəskin artmasına səbəb olub.

Beləliklə, dünya bazarında son iki gündə fərqli qiymətlər qeydə alınıb. Eyni vəziyyət sonrakı günlərdə də müşahidə olunacaq. Amma ekspertlər payız-qış aylarında qiymət artımında yekdil fikirdə­dirlər. Onların fikrincə, Avropada onsuz da mövcud olan qaz qıtlığı vəziyyəti kri­tikləşdirə bilər. VEB.RF dövlət korpora­siyasının baş iqtisadçısı Andrey Klepaç 2023-cü ilin payız-qış aylarında avropalı istehlakçılar üçün qazın qiymətinin min kubmetr üçün 500 dollardan çox arta biləcəyini proqnozlaşdırır.

Xatırladaq ki, dünya bazarında təbii qazın min kubmetrinin maksimum qiy­məti ötən ilin mart ayında qeydə alın­mışdı. 

Əhməd Talıbov, 
kimya elmləri doktoru, professor

– Azərbaycan büdcəsində nef­tin satışından əldə edilən gəlirlərin payı hələlik böyük olsa da, getdikcə qaz ixracatından əldə edilən gəlirin həcmi və dövlət büdcəsində payı artır. Artıq 2021-ci ildən Azərbay­can özünün qaz təchizatının coğ­rafiyasını Avropa bazarına qədər genişləndirib. Bu, hamı üçün uduş­lu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Məsələn, 2021-ci ildə Azərbay­canın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təş­kil edib. 2022 -ci ildə qaz ixracı 11,4 milyard kubmetrə çatıb. Prezident İlham Əliyevin “gələcək üçün yol xəritəsi” adlandırdığı Aİ ilə keçən il imzalanmış enerji memorandu­muna əsasən, Azərbaycandan Av­ropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdı­rılmalıdır. 

Hərracda satılan qazın Azər­baycan büdcəsinə isə birbaşa adiyyatı yoxdur. Cünki Azərbaycan öz qazını hərracda satmır. Sadəcə bu, dolayı yolla təsir edir. Biz qazı öz tərafdaşlarımıza uzunmüddətli müqavilələrlə satırıq. Müqavilələr­də qazın qiyməti göstərilmir. Orada qazın formulası var. Hansı ki, hər rübdə qiymət dəyişir. Buna uyğun olaraq da əldə edəcəyimiz gəlir müəyyənləşir.

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”



Dünya