Okeanlar rəngini niyə dəyişir?

post-img

Builki anomal istilər də ciddi suallar doğurur

NASA peykləri iqlim dəyişikliyinin okean ekosisteminə təsirini də öyrənib. Məlum olub ki, dünya okeanlarının yarısından çoxunun ekosistemi pozulub, rəngi isə yaşıla çevrilib. Okeanın rəngindəki qəribə dəyişikliklər elm adamlarının ciddi araşdırmalarına səbəb olub.

Peyk məlumatları göstərir ki, son 20 ildə dünya okeanlarının 56 faizində mavidən yaşıla doğru rəng dəyişikliyi baş verib. Bu fərq ekvatora yaxın tro­pik bölgələrdə xüsusilə nəzərə çarpır. Tədqiqatçılar deyirlər ki, okeanların nəzərəçarpan yaşıllaşması iqlim dəyi­şikliyinin sualtı həyata təsiri ilə bağlıdır.

Sual yaranır: okeanlar niyə yaşıl­laşır? NASA-nın “Modis-Aqua” peyki dünya okeanlarının yarısından çoxunda mavi rəngdən yaşıla keçidi qeydə alıb. Rəngini dəyişən sahə Yerin quru sahə­sindən böyükdür.

Sauthemptondakı (Böyük Brita­niya) Milli Okeanoqrafiya Mərkəzinin əməkdaşı B.Keyl və onun həmkarları NASA-nın əldə etdiyi məlumatları təh­lil edərək yaşıl rəngin qlobal istiləşmə nəticəsində ekosistemlərin dəyişməsi­nin əlaməti olduğunu bildiriblər. Bunun nədən ibarət olduğu və onların dəqiq səbəbi hələ müəyyən edilməyib. Lakin B.Keyl güman edir ki, bu, əksər qida zəncirlərinin əsasında duran canlılarla – fitoplanktonla əlaqəlidir. Bu orqanizmlər həm də nəfəs aldığımız oksigenin bö­yük hissəsinin istehsalında və atmosfe­rin sabitləşməsində mühüm rol oynayır. Tədqiqatçı qeyd edib: “İqlim dəyişikliyi­nin təsirləri artıq dənizin üst mikroorqa­nizmlərinin ekosistemində hiss olunur”.

Okeanların rəngindəki dəyişikliklər, öz növbəsində, daha böyük problemdən xəbər verir. Tədqiqat müəlliflərinin fikrin­cə, okeanın rənginin dəyişməsi, yaşıl rənglər fitoplankton fəalləğının artdığını göstərir. Bu, suyun səth qatlarında baş verənlər haqqında fikir söyləməyə də imkan verir. Bununla belə, okeanların rəngi ildən-ilə dəyişə bilər, çünki suyun səthində xlorofilin (fotosintetik orqa­nizmlərə, bitkilərə yaşıl rəngini verən piqment) səviyyəsi geniş şəkildə dəyi­şir. Yəni arta və azala bilir. Bu, iqlim də­yişikliyinin mavi rəngi yaşıla çevirdiyini müəyyən etməyi çətinləşdirir.

Alimlər inanırlar ki, hər hansı bir tendensiyanın fərqinə varmaq üçün okeanın rənglərinin müşahidəsi 40 ilə qədər çəkə bilər. Bundan əlavə, müxtəlif peyklər rəng dəyişikliklərini fərqli şəkildə ölçür. Bu, o deməkdir ki, onların hər bi­rindən alınan məlumatları çox vaxt ümu­miləşdirmək olmur. 

Okean rənginin dəyişməsini daha dərindən öyrənmək üçün NASA-nın “Pace” kosmik gəmisinin 2024-cü ilin yanvarında buraxılması planlaşdırılır. O, planktonları, aerozolları, buludları və okean ekosistemini müşahidə edəcək. Bundan sonra müəyyən fikir söyləmək mümkün olacaq.

İqlim dəyişikliyinin səbəb olduğu istilər isə yenidən Avropaya qayıdır. Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada yüksək temperatur ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Ümumdünya Meteoro­logiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib. İyul ayının tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladan K.Nullis quru havanın bu həftənin əvvə­lində İspaniyanın Tenerife şəhərində bö­yük yanğınlara səbəb olduğunu bildirib. 

Sinoptiklər bu gündən İtaliyada +42°C, Fransada +40°C, İsveçrədə +37°C-yə qədər isti olacağını proqnoz­laşdırırlar. Həftə sonu Avropada tempe­raturun kəskin yüksəlməsi ilə isti dalğası baş verəcək. İsveçrə və Fransa mete­oroloji qurumlarının məlumatına görə, İspaniyanı əhatə etdikdən sonra mərkə­zi Avropaya yayılacaq, ən azı, gələn həftənin sonuna qədər səngiməyəcək. Fransanın cənubunu, İsveçrəni, Alma­niyanın cənubunu və İtaliyanın şimalını belə hava ssenarisi gözləyir. 

Beləliklə, İtaliya bu yay üçüncü isti dalğası ilə üzləşir. Bu, ilk növbədə, Əl­cəzair və Mərakeş vasitəsilə Saharadan gələn isti hava kütlələrinin hərəkəti ilə bağlıdır.

Avropa kimi Amerika və Asiya ölkələri də isti dalğasının təsiri altında­dır. Həddən artıq kəskin temperatur nə­ticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb. ABŞ-də Hilari qasırğasının kateqoriyası 4-ə yüksəlib. Yaponiyada rekord istilər qeydə alınır. 

Bütün bunlar bəşəriyyəti ekosis­temə zərərli təsirləri azaltmağa və yox etməyə çağırır.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya