Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur
Son illərdə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialının və infrastruktur təminatının inkişafı xüsusi diqqətdə saxlanılıb. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi, ümumilikdə, məqbul səviyyədə qərarlaşıb.
Yerli istehsal potensialı ilə yanaşı, respublikada ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edib. Belə ki, təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması respublikanın ərzaq təhlükəsizliyini sabit şəkildə təmin etməyə imkan verib.
Ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında görülən tədbirlər hazırda öz nəticələrini verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı da xüsusi qeyd olunmalıdır. Bu sənəd ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini və ərzaq təhlükəsizliyinin gücləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur.
Respublikada əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Təkcə ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib.
Bütün bunların məntiqi nəticəsi Dövlət Statistika Komitəsinin yaydığı göstəricilərdə də diqqət çəkib. Belə ki, cari ilin yanvar–iyul aylarında Azərbaycanda 7 milyard 262 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal edilən bitkiçilik məhsullarının dəyəri 3,2 faiz artaraq 3 milyard 851 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 faiz artaraq 3 milyard 411 milyon manat olub.
Avqustuın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 902 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 243 min ton (4 faiz çox) tərəvəz, 388,8 min ton (eyni səviyyədə) bostan məhsulları, 8,1 min ton (5 faiz çox) üzüm, 2,9 min ton (0,5 faiz çox) günəbaxan, 9 min ton (53,6 faiz çox) şəkər çuğunduru, 1,8 min ton (0,7 faiz çox) tütün, 717,2 ton (15,4 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Onu da qeyd edək ki, cari il 18 rayonda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahənin 22 min hektarında (98,1 faiz) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.
Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi həyata keçirilir. Son məlumata əsasən, indiyədək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə, həmçinin un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilməsi qərara alınıb.
Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” Sərəncam qəbul edib. Həmin sənəddə yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyənləşdirilib.
Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə görə, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.
Bütün bununla yanaşı, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 428 min dollar dəyərində 348 min 774 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6,8 faiz və ya 22 milyon 319 min dollar, həcmi isə 13,8 faiz və ya 42 min 398 ton artıb. Keçən ilin ilk 6 ayında Azərbaycandan 328 milyon 109 min dollar dəyərində 306 min 376 ton meyvə-tərəvəz ixrac edilib.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,78 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22,51 faizə bərabər olub.
Yeri gəlmişkən, hazırda ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. Ötən ilin iyul ayında qəbul edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edən layihələr məhz həmin məqsədi daşıyır.
Hazırda ölkmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Qarşıdakı illərdə 80–100 min hektar arasında torpağın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: “İndi isə işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialı var. Hazırda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, həmin zonalarda Prezidentin xüsusi nümayəndələri və digər qurumlar birgə çalışırlar ki, kənd təsərrüfatına uyğun torpaqlardan maksimal səmərəliliklə istifadə edilsin. Çünki 30 il ərzində Ermənistan qanunsuz olaraq torpaqlarımızı istismar edib, lakin bu da səmərəsiz edilib. Onlar heç bir vəsait yatırmayıb, sadəcə, torpaqdan istifadə ediblər və bu səbəbdən məhsuldarlıq Azərbaycanda digər növlərlə müqayisədə üç dəfə aşağı olub. İndi isə biz azad olunmuş ərazilərə qayıdacaq fermerlərimiz üçün hansı məhsulların yetişdirilməsi ilə bağlı tövsiyələr hazırlayırıq və zənnimcə bu iş bitib. Biz onları məcbur edə bilmərik. Lakin güzəştli subsidiyalarla biz onları istiqamətləndirə bilərik ki, bəzi torpaqlar kartof, digərləri başqa tərəvəz və meyvələr üçün istifadə edilsin”.
Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Artıq qoyunçuluq təsərrüfatları yay aylarında Kəlbəcər və Laçın yaylaqlarına köçürülür.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq aqrar sektorun əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə ehtiyacının təminində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafı prioritet istiqamətdir.
Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq taxılçılığın ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı bu istiqamətdə əsas tələbatın təmin olunmasını zəruri şərt hesab edib. Ölkə rəhbəri taxıl istehsalında 100 faiz təminatı böyük torpaq sahələrinin şərtləndirdiyini bildirib.
Fikrimcə, Ermənistanın uzun illər ərzində qanunsuz istismar etdiyi torpaqlarımız dövriyyəyə daxil edildikdən sonra dövlət başçımızın yuxarıda xatırlatdığım fikri gerçəkləşəcək. Yəni ölkəmiz taxıl istehsalında 100 faiz təminat məqsədini reallaşdıracaq.
Onu da qeyd edim ki, hazırda taxıl istehsalçıları olan fiziki və hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan subsidiya hesabına arpa və buğda toxumları, gübrə, dərman və herbisidlər alınaraq verilir.
Taxıl istehsalının artırılmasının əsas yollarına gəldikdə isə deyə bilərəm ki, burada əsas rolu qısa rotasiyalı əkin dövriyyələri, torpaq becərmələri, gübrə verilməsinin səmərəli üsulları, həmçinin optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqi, keyfiyyətli toxum materialından istifadə edilməsi və əkinlərin xəstəlik, ziyanverici, eyni zamanda, alaqlardan mühafizə olunması kimi amillər oynayır.
Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir. Yüksək texnologiya əsasında fəaliyyət göstərən, müasir aqro tələblərə əməl edən təsərrüfatların əkin sahələrində yüksək göstəricilərə nail olunması məhz bunun bariz ifadəsidir.
V.BİNYATOĞLU, “Xalq qəzeti”


