Bu ilin yanvar–iyul ayları üzrə operativ məlumatlara əsasən, ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat, yəni 0,3 faiz artaraq 16 milyard 323,4 milyon kilovat-saat olub.
Energetika Nazirliyinin məlumatına əsasən, 7 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 14 milyard 996 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 1milyard 107 milyon kilovat-saat, digər mənbələr üzrə isə 220,3 milyon kilovat-saat qeydə alınıb. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 37,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES) 39,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 14 milyard 653 milyon kilovat-saat, İES-lərdə 13 milyard 622 milyon kilovat-saat, SES-lərdə 1 milyard 31 milyon kilovat-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 milyon kilovat–saat (İES-lərdə 168,2 milyon kilovat-saat, SES-lərdə 67,7 milyon kilovat-saat, GES-də 36,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-də 28,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 369,6 milyon kilovat-saat təşkil edib.
Cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 277 milyon kilovat-saat, idxalı isə 157,6 milyon kilovat-saat olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 416 kilovat-saat qeydə alınıb. İyul ayında elektrik enerjisinin idxalı 19,7 milyon kilovat-saat, ixrac isə 12,4 milyon kilovat-saat təşkil edib.
Yeri gəlmişkən, ölkəmizdə “yaşıl enerji” sahəsində də yüksək göstəricilərin əldə ediləcəyi proqnozlaşdırılır. Hazırda bu istiqamətdə genişhəcmli layihələr gerçəkləşdirilir. Respublikamızın bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Onu da xatırladaq ki, Azərbaycanın hədəfi bərpaolunan enerjinin payının ümumi enerji istehsalında 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
Bu məqsədin reallaşması üçün ölkəmizin Xəzər dənizində təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi potensialı, ümumilikdə 290 QV-dan çox bərpaolunan enerji ehtiyatı var. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpa olunan enerji mənbələri ilə diqqət çəkir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşməndən təmizlənən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas iqtisadi rayonlardan biridir.
Regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının inşasının 2–2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
“AzərEnerji” ASC tərəfindən işğaldan azad edilən ərazilərdə 2020-2023-cü illər ərzində 11 yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyasında indiyədək, ümumilikdə, 110 milyon kilovat/saat (kVts) “yaşıl enerji” istehsal olunub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin yaxın aylarda yekunlaşacağı planlaşdırılıb. Yaxın günlərdə isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.
Mütəxəssislərin bildirdiyinə görə, hər bir SES-də çayın 50 faizinin təminatı nəzərə alınır. Başqa sözlə, ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və həmin borulardan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbuledicilər tikilir. Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədilə özünü dayandıran Avropa istehsalı olan eko-turbinlər quraşdırılır. Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.
“AzərEnerji” ASC tərəfindən indiyədək yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 SES-in ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat/saat ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal ediləcək.
“Xalq qəzeti”

