Bolqarıstanın Enerji və Su Resurslarını Tənzimləmə Komissiyası avqust ayı üçün təbii qazın qiymətini çıxış imkanı, ötürmə, aksiz və ƏDV xərcləri istisna olmaqla, bir meqavatt-saat üçün 59,67 lev səviyyəsində təsdiqləyib.
Tənzimləyici orqan daxili bazar üçün lazımi qazın iki fərqli tədarük mənbəyi hesabına təmin olunduğunu müəyyənləşdirib. Avqust ayı üzrə qiymətin tərkibinə Azərbaycanla bağlanmış və qüvvədə olan uzunmüddətli sazişə əsasən, Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) ilə nəql olunan Azərbaycan qazının tam razılaşdırılmış həcmi daxildir. Bu həcm aylıq istehlakın 74,66 faizini qarşılayır və qazın əlverişli qiymətlərinin əldə olunmasında həyati əhəmiyyətli rol oynayır.
Göründüyü kimi, Bolqarıstanda “mavi yanacağ”ın ucuzlaşmasında IGB mühüm rol oynayır. Başqa sözlə, bu ölkəyə təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə, təbii qaz bazarında rəqabətə mühüm töhfə verir. Bu isə ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin aşağı düşməsini şərtləndirir.
Bu məsələ ilə bağlı bir qədər ətraflı bəhs etmək istərdik. Belə ki, zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Köhnə qitə”nin təbii qazla təminatına mühüm töhfələr verən ölkəmiz artıq bu gün beynəlxalq aləmdə etibarlı enerji tərəfdaşı kimi tanınır. Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-də Trans–Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixrac edir.
TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Boru kəmərinin ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda Azərbaycan TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçıları təbii qazla təmin edir.
XXI əsrin nəhəng enerji dəhlizi olan Cənub Qaz Dəhlizinin son seqmenti sayılan TAP boru kəməri Avropa ölkələrinə qaz idxalı marşrutlarını şaxələndirməyə geniş imkanlar yaradır. Artıq bir sıra ölkələr tərəfindən interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə TAP boru kəməri ilə daxili qaz şəbəkələrinin əlaqələndirilməsinə böyük maraq göstərilir. Bu da Azərbaycan qazının Avropanın dərinliklərinə qədər gedib çatmasına imkan yaradır. Bu baxımdan Yunanıstan–Bolqarıstan (IGB) interkonnektorunu xüsusi qeyd etmək olar.
Bolqarıstan–Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın tələbatının təxminən 75 faizini ödəyir və bu ölkədə “mavi yanacaq”la bağlı münasib qiymətlərin formalaşmasında həlledici rol oynayır.
Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov bu yaxınlarda mediaya müsahibəsində IGB-nin ölkəsinin müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl regional haba çevrilməsinə imkan yaratdığını bildirib.
Səfir müsahibəsində, eyni zamanda, IGB-nin ötən il oktyabrın 1-də Sofiyada Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə keçirilən mərasimdə kommersiya tədarükünə başladığını vurğulayıb.
Xatırladaq ki, IGB qazın Yunanıstan ərazisi ilə Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. Bu, Cənub–Şərqi Avropa regionuna qaz tədarüklərinin diversifikasiyası üçün mühüm və ümumi maraq daşıyan layihə olmaqla Mərkəzi və Şərqi Avropada enerji bağlantısı üzrə yüksək səviyyəli infrastrukturdur. Eyni zamanda, Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabəti şərtləndirir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz–kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
IGB-nin mühüm əhəmiyyətə malik olması artıq statistik göstəricilərlə sübuta yetirilib. Belə ki, 2023-cü ilin birinci yarısında həmin interkonnektor ilə 669 milyon kubmetr qaz nəql olunub. Bu barədə boru kəmərinin operatoru olan ICGB şirkətinin icraçı direktorları Teodora Georgiyeva və Corc Satlasın mətbuata açıqlamalarına görə, hesabat dövründə boru kəməri ilə nəql edilən qazın həcmi 7,8 milyon meqavat-saat olub. Bu isə 669 milyon kubmetrə ekvivalentdir. Bu arada, Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan–Bolqarıstan birləşdirici boru kəməri vasitəsilə kommersiya tədarükünün başlandığı vaxtdan cari il iyun ayının sonunadək nəql olunan qazın həcmi də açıqlanıb. Bolqarıstan mətbuatının yaydığı məlumata görə, hesabat dövründə kəmərlə, təqribən, 1 milyard 90 milyon kubmetr qaz nəql edilib. Bu da elektrik enerjisi ekvivalentində 12,7 meqavat-saata bərabərdir.
Məlumatda qeyd olunur ki, 185 kilometrlik Yunanıstan–Bolqarıstan birləşdirici boru kəməri Bolqarıstanı Trans-Adriatik Qaz Boru Kəməri ilə (TAP) birbaşa əlaqələndirir. İndiyədək IGB-nin 22 interkonnektor istifadəçi şirkəti qeydiyyata alınıb.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Bolqarıstan–Yunanıstan İnterkonnektorunun (IGB) illik ümumi nəqletmə gücü 3 milyard kubmetrdir. Bunun da 1,57 milyard kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq bron edilib. Yerdə qalan imkanlar müxtəlif müddətlərlə Avropanın “PRISMA” və “RBP” kimi 2 iri ticarət platformalarına çıxarılır. Şirkətdən verilən məlumata görə, illik imkanlar üzrə hərraclar uğurla yekunlaşdıqdan sonra IGB-nin növbəti qaz ili üzrə ümumi imkanlarının artıq 80 faizi bron edilib.
Avropada təbii qaza tələbatın getdikcə artması ilə əlaqədar gələcəkdə birləşdirici boru kəmərinin illik ötürmə gücünün 5 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeri gəlmişkən, boru kəmərinin istismarına görə cavabdehlik daşıyan və ötürmə sisteminin müstəqil operatoru olan ICGB şirkəti adıçəkilən infrastrukturun buraxılış imkanlarının ildə 5 milyard kubmetrədək artırılmasında bazarın maraqlı olub-olmadığını öyrənmək məqsədilə bu yaxınlarda buraxılış imkanlarının artırılması proseduruna başlayıb.
Bolqarıstana təbii qaz nəqlinin şaxələndirilməsi üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir. Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti Azərbaycan qazının nəqlinə dair “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Bolqarıstan şirkətinin “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 1 milyard kubmetr qaz alacağı nəzərdə tutulub.
Vaqif BİNYATOĞLU, “Xalq qəzeti”


