Kənddə bolluq fermer zəhməti ilə yaradılır

post-img

Son 20 ildə aqrar sahə 2 dəfə böyüyüb

Son illər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişlənir. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü ilin yanvar–iyun ayları üzrə ölkəmizdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 865,2 milyon manat təş­kil edib. Bunun da 2 milyard 897 milyon manatı heyvandarlıq, 2 milyard 968,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisə­də kənd təsərrüfatı istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3 faiz artıb.

Hazırda ölkənin regionlarında məhsul yığımının qızğın çağıdır. Zamanında nə­vaziş göstərib sığal çəkdiyi torpaqlardan bol məhsul gözləyən fermer və təsərrüfat sahibləri isə məmnundurlar. Çünki torpaq da borclu qalmayaraq kəndlinin zəhməti­nin əvəzinin birə min qaytarmağa çalışır, necə deyərlər, sahibinin üzünü ağardır. 

Dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək də sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticədə ölkədə kənd təsərrüfatının ümu­mi məhsulunun artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın bir dövr ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfəyə yaxın artıb. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, ölkədə bol məhsulun təməli üçün 945 min 223,4 hektar sahədə pa­yızlıq və yazlıq dənli paxlalı bitkilər (qar­ğıdalı istisna olmaqla) əkilib. Cari ilin yan­var–iyun aylarında 631 min 159 hektarın məhsulu yığılıb. Həmin sahələrdən 2 milyon 669 min 45,4 ton məhsul tədarük edilib. 

Hesabat dövründə əkin sahələri ötən ilin müvafiq dövrünə nisbətən azlıq təş­kil etsə də, həyata keçirilən aqrotexniki tədbirlər sayəsində zəmilərdə bol məh­sul yetişdirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ilk yarısının nəticələ­rinə görə, hektarın məhsuldarlığı 32,7 ton təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 30,9 ton olub. Bu sahə­də ən yüksək məhsuldarlıq Mil-Muğan (40,8 ton) və Qarabağ (40,6 ton) iqtisadi rayonlarında qeydə alınıb. Bununla belə, Şirvan-Salyan iqtisadi rayonuna daxil olan Hacıqabulda hər hektardan 51,8 ton məhsul götürülüb ki, bu da respublika üzrə ümumi göstəricidən 19,1 ton çoxdur.

Mövsüm ərzində ölkə üzrə 29 min 54,1 hektar sahədə dən üçün qarğıdalı əkilib. İlin ilk 6 ayında 1056 hektar sahə­də yığım həyata keçirilib və nəticədə, 7685,3 ton məhsul toplanılıb. Bu sahə­də hektarın orta məhsuldarlığı 72,8 ton (ötən il 67,9 ton) təşkil edib. 

Son illər ölkədə kartof əkininə xüsusi marağın göstərilməsi “ikinci çörək” adlan­dırılan bu bitkiçilik məhsulunun istehsa­lının artmasına səbəb olub. Bu da daxili bazarın idxaldan asılılığının minimuma endirilməsi ilə nəticələnib. Mövsüm ərzin­də ölkə üzrə 49 min 475,5 hektar sahədə kartof əkilib. Əkin sahələrinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalma­sına baxmayaraq, fermerlər bol məhsul yetişdirməyə nail olublar. 

İlin ilk yarısında sahələrdən 431min 320,8 ton məhsul yığılıb. Bu sahədə hektarın məhsuldarlığı 203,9 sentner təşkil edib ki, bu da əvvəlki ilin müva­fiq dövründəkindən (194 sentner) xeyli çoxdur. Hesabat dövründə hektarın orta məhsuldarlığı üzrə ən yüksək göstərici Qazax-Tovuz (279,1 sentner) iqtisadi ra­yonunda qeydə alınıb. Bununla yanaşı, Lənkəran-Astara (243,5 sentner), Qara­bağ (143,2 sentner) və Mil-Muğan (143 sentner) iqtisadi rayonlarının fermerləri də sahələrdən bol məhsul əldə ediblər. Ölkənin rayonları üzrə bu sahədə ən yük­sək göstəriciyə isə Ağstafa (300,5 sent­ner), Cəlilabad (288,9 sentner) və Tovuz (282) fermerləri imza atıblar. 

Cari ilin əvvəllərində 61min 277,5 hektar sahədə tərəvəz əkən təsərrüfat sahiblərinin də əməyi öz bəhrəsini ver­məkdədir. Bu ilin yanvar-iyun aylarında 32 min 510,4 hektar sahədə yığım hə­yata keçirən fermerlər 831 min 152,9 ton məhsul yığıblar. Hesabat dövrü ər­zində tərəvəzçilikdə hektarın məhsuldar­lığı 255,7 sentner təşkil edib. Müqayisə üçün deyək ki, ötən il bu sahədə hektarın orta məhsuldarlığı 240,7 sentner olub. Tərəvəzçilikdə ən yüksək göstəricilərə Abşeron-Xızı (2119,5 sentner) və Qa­zax-Tovuz iqtisadi rayonlarının fermerləri imza atıblar.

Hazırda dükan-bazarlarda yay möv­sümündə daha çox tələbat duyulan bos­tan məhsullarının bolluğu müşahidə olu­nur. Bu da səbəbsiz deyil. Əkin mövsümü ərzində 17 min 239 hektar sahədə bos­tan bitkiləri əkən təsərrüfat sahibləri ilin 6 ayı ərzində 5 min 850,4 ton məhsul yığ­mağa nail olublar. Bostanlarda hektarın orta məhsuldarlığı 190,9 sentner (ötən il 188,2 sentner) təşkil edib. Bu sahədə ən yüksək göstərici isə 262,3 sentnerlə Mil-Muğan iqtisadi rayonunda qeydə alı­nıb. Yeri gəlmişkən, hər hektardan 357,7 sentner toplayan Zərdab rayonunun fer­merləri rekord göstəriciyə nail olublar. 

Hazırda ölkə üzrə meyvə və gilə­meyvələrin ümumi əkin sahələri 225 min 743 hektar təşkil edir. Cari ilin 6 ayında 161 min hektarının məhsulu yığılaraq bazarlara 161 min 131,7 ton meyvə və giləmeyvə yola salınıb. İqtisadi rayonlar üzrə bu sahədə ən yüksək göstəricilərə isə Qazax-Tovuz (29 min 48,4 ton) və Quba-Xaçmaz (28 min 782, 5 ton) iqtisa­di rayonlarının təsərrüfat sahibləri imza atıblar. 

Bununla yanaşı, ölkənin çayçılıq təsərrüfatlarının cəmləşdiyi Lənkə­ran-Astara və Şəki-Zaqatala iqtisadi ra­yonları üzrə mövcud 978,1 hektar sahə­dən 546,2 ton yaşıl çay yarpağı yığılıb. Bunun da 918,1 tonu Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb.

Ölkə üzrə kənd təsərrüfatı məhsul­larının yığımı davam edir. Sahələrdə kifayət qədər məhsul var. Fermerlər isə yığımın optimal müddətdə başa çatdırıl­ması üçün bütün imkanları səfərbər edib­lər. 

M. YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat