“Dost Aqropark” dünya bazarına “Qarabağ” brendi ilə çıxacaq

post-img

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür. Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafının təmin olunmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. 

Düşməndən təmizlənən ərazilərdə ha­zırda heyvandarlığın inkişaf etdirilməsi üçün aqroparkların, intensiv fermaların yaradılmasına xüsusi önəm verilir. Bunlar heyvandarlıq sahəsində uğur əldə edilmə­sinin zəruri amillərindən biri sayılır və məh­suldar qüvvələrin səmərəli yerləşdirilmə­sinə imkan yaradır, eyni zamanda klaster yanaşmanı önə çıxarır. Belə bir yanaşma isə ölkənin daha çox rəqabət üstünlüyünə malik sahələrinin birlikdə inkişaf etdirilmə­sini nəzərdə tutur. Bu yolla məşğulluğun təmin olunması, iş yerlərinin yaradılması və məhsulların dünya bazarına çıxarılması gerçəkləşir. 

Zəngilan rayonunda yaradılan “Dost Aqropark” məhz klaster yanaşmanin bariz nümunəsidir. Üç mərhələdə həyata keçi­rilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5200 kvad­ratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb. 

Bu gün “Dost Aqropark”ın ikinci və üçün­cü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırıl­ması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradı­lacaq, 10 min baş cins heyvanın yetişdiril­məsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla ya­naşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəs­sisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məh­sullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxa­rılacaq.

“Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

Dəmiryolu çəkiləndən və Zəngəzur dəh­lizi açılandan sonra isə bu ərazi logistika baxımından mühüm önəm daşıyacaq. Belə ki, həm xaricdən bura arpa, buğda gətirmək daha rahat olacaq, həm də aqroparkın is­tehsal etdiyi məhsulları ixrac etmək asan­laşacaq. 

Xatırladaq ki, bu, regionda ilk heyvan­darlıq aqroparkıdır. Yaxın gələcəkdə daha bir neçə belə müəssisənin yaradılması nəzərdə tutulur. 

İşğaldan azad edilən rayonlarda iri aqroparkların qurulması ilə yanaşı, yuxa­rıda qeyd etdiyimiz kimi, intensiv fermer təsərrüfatlarının təşkili də gündəmdədir. Bu təsərrüfatlar əsasən Kəlbəcər, Laçın və Qu­badlıda yaradılacaq. Həmin təsərrüfatlarda naxırın cins tərkibinin yaxşılaşdırılması, heyvanların damazlıq və məhsuldarlıq key­fiyyətlərinin yüksəldilməsi diqqətdə saxla­nılacaq. Dövlət xətti ilə xaricdən gətirilən damazlıq və məhsuldar heyvanlar sahib­karlara güzəştli şətlərlə veriləcək. 

Növbəti mərhələdə isə yeni heyvandar­lıq təsərrüfatlarında yetişdirilən damazlıq heyvanların fərdi fermerlərə və ev təsər­rüfatlarına satışı ilə ölkə üzrə cins tərkibin sağlamlaşdırılması, ət və süd məhsullarının istehsalının daha da artması mümkün ola­caq. Əsasən 100 baş heyvandan artıq in­tensiv fermalara üstünlük veriləcək. 

Hesablamalarla sübut olunub ki, res­publika əhalisini təzə südlə tam etmək üçün 600-700 min baş yüksək məhsuldar inək­lərin saxlanması kifayətdir. Buna görə də problemin kökündən həll olunması üçün xa­ricdən məhsuldar qaramalın idxal edilməsi ilə yanaşı, həm də mövcud inək naxırının damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması zəruridir. 

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

İqtisadiyyat