İslahat paketləri uğurla icra edilir

post-img

Bu ilin ilk yarısında ölkəmizin iqtisadiyyatında artım müşahidə olunub. Bu, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dönəmdə baş verib. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər hesabat dövründə 6,5 faiz yüksəlib. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib.

Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının yekunlarına həsr olunmuş müşa­virədə dövlətimizin başçısı tərə­findən səsləndirilən bu rəqəmləri şərh edən İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Günay Quliyevanın sözlərinə görə, cari il ölkəmizin so­sial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu hal­da, hesabat dövründə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təş­kil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edil­məsi nəticəsində 2023-cü ilin yan­var-may ayları ərzində vergi yığım­ları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yarat­maqla büdcəmizi rekord həddə çatdırıb. 

Yeri gəlmişkən, hər iki sahədə–vergi və gömrükdə cari ilin ilk ya­rısı üçün büdcə daxilolmalarını da xatırlatmaq istərdik. Belə ki, İqtisa­diyyat Nazirliyi yanında Dövlət Ver­gi Xidməti xətti ilə ilin ilk yarısında dövlət büdcəsinə vergi daxilolma­larının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Altı aylıq vergi daxilolmaları­nın 5 milyard 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabı­na formalaşıb və bir il əvvələ nis­bətən 18,2 faiz çox olub.

Beləliklə, iqtisadiyyatda şəffaf­laşmanın artması, “kölgə iqtisadiy­yatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırıl­ması vergi daxilolmalarının dina­mik artımı ilə nəticələnib.

Gömrük daxilolmalarında da yüksək göstərici əldə edilib. Belə ki, Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar–iyun aylarında döv­lət büdcəsinə 3 milyard 75 milyon 365,8 min manat məbləğində vergi və rüsum köçürüb. Komitədən ve­rilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 21,1 faiz çox olub.

Rəqəmlərdən göründüyü kimi, hesabat dövründə dövlət büdcə­sinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə ma­liyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gün­dəmə gətirib. Bununla bağlı 2023-cü il iyunun 16-da “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də­yişiklik edilməsi barədə Qanun qə­bul edilib. Sənədə əsasən, Azər­baycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 mil­yon manata çatdırılıb.

Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının iş­ğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da həyata keçirilən genişmiqyas­lı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəl­dilib. 

Əlavə olunan 3 milyard mana­tın 1,8 milyardı düşməndən təmiz­lənən ərazilərimizdə bərpa-quru­culuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-qurucu­luq işlərinə ayrılan vəsait 4,8 mil­yard manata, müdafiə və milli təh­lükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükə­sizliyinin təmin olması prioritetin­dən irəli gəlib. 

Əlbəttə, bu uğurlu göstəricilə­rin əldə olunması ilə ölkəmizin maliyyə vəziyyəti böyük dərəcədə yaxşılaşıb. Bunun səbəbləri ilə bağlı isə Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev iyu­lun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib: “Bu, ik növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndiril­məsi, vergi və gömrük orqanların­da islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi–bütün bu amillər imkan verdi ki, ilin orta­sında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnoz­lardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim bu­ilki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş qurucu­luq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”.

Mirağa ƏHMƏDOV,

iqtisadçı-ekspert

Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bil­dirən rəqəmlər əldə edilməsi iqti­sadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qoru­nub saxlanılmasının məntiqi nəti­cəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəm­ləndirilməsi, iqtisadiyyatın şaxələn­dirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisa­diyyatına inteqrasiyası istiqamətin­də nəzərdə tutulan tədbirlərin ardı­cıl həyata keçirilməsi ilə şərtlənir. 

Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təh­lükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, ha­zırlıqlı peşəkar kadrlar, ixrac bazar­ları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunun 1-ci və 2-ci maddələrində edilən dəyişikliklərə görə, diqqətə çatdırdığımız amillərə əsaslanan yüksək göstəricilər dövlət büdcə­sinə yenidən baxılmanı şərtləndirib. Həmin amillər sırasında, ilk növbə­də, işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma iş­lərinin aparılması, vaxtilə öz doğ­ma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkil­də ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu zəmində ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrasının sürətləndirilməsi prioritetləri xüsusu yer tutub.

Büdcəyə dəyişikliklərin edilmə­sini zəruri edən məsələlərdən biri də Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilmə­si, daxildə və xaricdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dün­yada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən respublikamıza qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Bütün bunlarla bərabər, bey­nəlxalq yardım proqramları və müqavilələr üzrə imzalanan öhdə­liklərin qarşılanması, dövlət borcu­nun idarə edilməsi üzrə yeni yanaş­manın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilmə­si üçün dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat