Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-da səfərdədir

post-img

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 2-də Solt-Leyk-Siti şəhərində prezident Dallin Oks başda olmaqla, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşüb.

Məlumatı QMİ verib.

Şeyxülislam A.Paşazadə Kilsənin rəhbəri, prezident Rassel Nelsonun vəfatı ilə bağlı dərin hüznlə başsağlıqlarını diləyib, daha sonra Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib. QMİ sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olması ilə əlaqədar təbriklərini kilsə rəhbərliyinə çatdırıb. ABŞ-Azərbaycan arasında inkişaf edən əlaqələri yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə bu tərəqqidə hər iki ölkə prezidentlərinin rolunu qeyd etdi. Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndirən Şeyxülislam A.Paşazadə 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Donald Trampın sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq yüksək qiymətləndirib.

Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələrinin olduqca dəyərli olduğunu vurğulayan QMİ sədri qarşılıqlı səfərlərin, birgə tədbir və müştərək layihələrin mənəvi əhəmiyyət kəsb etdiyini, xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib.

Şeyxülislam A.Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oksu Azərbaycana dəvət edib.

D.Oks, öz növbəsində, Şeyxülislamın Yuta ziyarətini kilsələri üçün əlamətdar hadisə olaraq dəyərləndirib, bundan böyük şərəf duyduqlarını ifadə edib. O bildirib ki, İslam və müsəlmanlarla əlaqələrin inkişafı rəhbərlik etdiyi kilsə üçün əsas prioritetlərdəndir. Kilsələrinə İslam dünyasında dəyərli münasibətə görə Şeyxülislama dərin təşəkkürlərini bildirib. Azərbaycana səfər dəvətini minnətdarlıqla qəbul edən D.Oks ölkəmizi ziyarət etməyə böyük maraq göstərdiyini söyləyib. Kilsənin mərhum prezidentinin vəfatı ilə bağlı başsağlığı məktubuna görə təşəkkür edən D.Oks, həmçinin özünün yeni prezident seçilməsi ilə bağlı səmimi təbriklərə görə də minnətdarlığını bildirib. Xüsusi qeyd edib ki, Şeyxülislam onu təbrik edən ilk dini liderdir. Kilsə prezidenti A.Paşazadənin Kilsənin ümumi konfransında fəxri qonaq qismində iştirakının onlar üçün böyük şərəf olduğunu vurğulayıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak ediblər. R.Həsənov ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif platformalarda, o cümlədən dinlərarası dialoq və əməkdaşlıq müstəvisində uğurla davam etməsindən məmnunluğunu ifadə edib. Deputat C.Paşazadə Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olaraq iki ölkə arasında dinlərarası müstəvidə əlaqələrin yüksək səviyyəsini alqışladığını bildirib. O, ABŞ-ın iştirakı ilə paraflanmış sülh sazişinin Cənubi Qafqazda sülh, əmin-amanlıq və inkişaf üçün yeni səhifə açdığını, kommunikasiya imkanlarının inkişafı üçün yeni perspektivlər yaratdığını xüsusi vurğulayıb və bununla bağlı ABŞ dövlətinə təşəkkürlərini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.



Sosial həyat