Sahibkarlığın İnkişafı Fondundan aldığımız məlumata əsasən, bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən bu qurum sahibkarların təqdim etdikləri 971 layihənin maliyyələşdirilməsinə 51,9 milyon manat kredit verib. Həmin güzəştli kreditlər hesabına 765 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, kredit əsasən fərdi sahibkarlar tərəfindən alınıb. Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, cari il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb. Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü kənd təsərrüfatı, ticarət, nəqliyyat və digər sahələrdə xidmətlərin göstərilməsi sahələri üzrə qeydiyyatdan keçib. Onların əsas hissəsi Bakıda (27 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,8 faiz) və Mərkəzi Aran (7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
“Xalq qəzeti”