Azərbaycanda illik inflyasiya 13 faizdən aşağıdır

post-img

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 112,7 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, yanvar-may aylarının yekununda ölkədə illik inflyasiya 13,1 faiz olub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, is­tehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib. İyun ayında isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,1 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 110,6 faiz olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 97,9 faiz, ötən ilin iyun ayına nisbətən isə 111,5 faiz təşkil edib. İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 110,3 faiz olub.

Komitənin məlumatında bildirilir ki, bu ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymət­ləri indeksi əvvəlki ayla müqayisədə 100,1 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 109,8 faiz təşkil edib. 

“Xalq qəzeti”

İqtisadiyyat