Azərbaycanın iqtisadi uğurları ümumi inkişafın etibarlı təminatıdır

post-img

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək ilin əvvəlində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atıldığını, ilin sonuna qədər isə ölkəmizin uğurlu inkişafının təmin ediləcəyinə əminliyini ifadə edib. 

Dövlətimizin başçısı bu ilin 6 ayında isə respublikamızın daya­nıqlı inkişafının təmin olunması, qeyri-neft sektorununda nəzərdə tutulan layihələrin gerçəkləşdi­rilməsi, düşməndən təmizlənən iqtisadi rayonlarının bərpası və iqtisadi-sosial sahələrdə islahatla­rın davam etdirilməsinin qarşıya əsas vəzifələr kimi qoyulduğu­nu bildirib. Müşavirədə hesabat dövründə iqtisadiyyatın davamlı inkişafını əks etdirən göstəricilər də diqqətə çatdırılıb. Qeyri-neft sənayesində 6,5 faiz artım əldə olunduğu, qeyri-neft sektorunun, ümumiyyətlə, 3 faizdən çox yük­səldiyi vurğulanıb. 

Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bil­dirən rəqəmlərin əldə edilməsi iqti­sadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qoru­nub saxlanılmasının məntiqi nəti­cəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəm­ləndirilməsi, iqtisadiyyatın şaxə-ləndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisa­diyyatına inteqrasiyası istiqamətin­də nəzərdə tutulan tədbirlərin ardı­cıl həyata keçirilməsi ilə şərtlənir. 

Hesabat dövründə ÜDM is­tehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahə­dəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradıl­ması, rəqabətqabiliyyətli və ixrac­yönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumə­tin daim diqqət mərkəzində saxla­nılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçi­liyində olan Sumqayıt Kimya Sə­naye Parkında rezidentlərin sayı 35-ə çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsində isə ümumi investi­siya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb və onlardan 8-i fəaliyyətə başlayıb.

Müşavirədə qeyd edilib ki, cari ilin 6 ayı ərzində ölkənin maliy­yə vəziyyəti də böyük dərəcədə yaxşılaşıb. Buna isə, ilk növbədə, maliyyə sektorundakı nizam-inti­zamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahat­ların davam etdirilməsi, şəffaflığın təmin olunması kimi amillər sayə­sində nail olunub. Belə bir şərait təbii ki, büdcəyə yenidən baxılma­sını və dürüstləşmə aparılmasını şərtləndirib. Ümumiyyətlə, hesa­bat dövründə proqnozlardan xey­li dərəcədə böyük vəsait toplanıl­ması büdcəyə yenidən baxılması zərurətini qarşıya çıxarıb. 

Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər sırasında, ilk növbədə, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma iş­lərinin aparılması, vaxtilə öz doğ­ma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şə­kildə ata-baba yurdlarına qayıdı­şının təmin edilməsi, bu zəmində Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi xüsusi yer tutur.

Büdcəyə dəyişikliklərin edil­məsini zəruri edən məsələlərdən biri də Silahlı Qüvvələrimizin mü­dafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmlən­dirilməsi, daxildə və xaricdə təh­lükəsizlik tədbirlərinin gücləndiril­məsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu döv­lətlər tərəfindən respublikamıza qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilmə­sidir.

Bütün bunlarla bərabər, bey­nəlxalq yardım proqramları və müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, döv­lət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi üçün dövlət bü­dcəsinə yenidən baxılmasını şərt­ləndirib.

Yeri gəlmişkən, müşavirədə bu məsələyə toxunan ölkə rəhbə­ri builki dövlət büdcəsinin rekord həddə çatdığını, 33 milyard ma­natdan çox səviyyəyə qalxdığını bildirib. Onu da nəzərə alaq ki, ilin birinci yarısında respublikada təcili həllini gözləyən məsələlər də əldə edilən əlavə gəlirlərin mü­vafiq sahələr üzrə bölüşdürülmə­sini tezləşdirib. Prezident İlham Əliyev çıxışında bu barədə deyib: “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 mil­yard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətlən­dirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənmə­sinə sərf ediləcək. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşı­sında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.

Müşavirədə xarici dövlət bor­cunun idarə edilməsi istiqamətin­də görülən işlərə də toxunulub. Yeri gəlmişkən, dövlətimizin baş­çısı tərəfindən bu məsələyə daim xüsusi diqqət yetirilib və müvafiq qurumlara xarici dövlət borcunun ümumi daxili məhsulun 10 faizi həddində saxlanılması tapşırığı verilib. “Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dol­lardır və bu da ümumi daxili məh­sulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkün­dür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir”, – deyə ölkə rəhbə­ri bildirib. 

Hesabat dövründə ölkədə həyata keçirilən idxal-ixrac əmə­liyyatlarından danışılarkən, xarici ticarət balansının müsbət - yəni, profisiti çox böyük səviyyədə qey­də alındığı vurğulanıb. Makroiq­tisadi sabitliyin uzun illər ərzində təmin edildiyi, manatın məzənnə­sinin sabit saxlanıldığı, belə bir ha­lın dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biri olduğu deyilib və bütün bunlar düşünülmüş siyasətin təzahürü kimi dəyərləndirilib. Əlbəttə, Azər­baycanda bu, başqa cür də müm­kün deyil. Çünki dövlət başçısının reallaşdırdığı siyasətin mərkəzin­də təbii ki, Azərbaycan vətəndaşı dayanır. Makroiqtisadi sabitlik isə təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Ölkəmizdə isə mü­şavirədə vurğulandığı kimi, həm minimum əməkhaqları, həm də minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel şə­kildə manat sabit qalır.

Müşavirədə narahatlıq do­ğuran bir məqam– inflyasiyanın ikirəqəmli olması məsələsinə də diqqət yetirilib. Dövlətimizin baş­çısı Azərbaycanda bütövlükdə iqtisadi potensial və iqtisadi sahə­də əldə edilən nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsinə çatmasının arzuolunan hal olma­dığını, bununla belə ilin sonuna qədər inflyasiyanın birrəqəmli sə­viyyəyə düşə biləcəyinə əminliyini ifadə edib. 

Yeri gəlmişkən, Mərkəzi Ban­kın məlumatına əsasən, qlobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərgin­lik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir po­tensialını saxlayır. İdxal qiymət­ləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Bunun­la belə, son aylarda xarici inflya­siya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial si­yasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.

Eyyub KƏRİMLİ,

iqtisadçı-ekspert 

Müşavirədə cənab Preziden­tin toxunduğu mühüm iqtisadi məsələlər cari ilin ilk 6 ayında əldə olunmuş uğurların geniş icmalı kimi dəyərləndirilməlidir. Azərbaycanın sosial-iqtisadi in­kişafını şərtləndirən amillərin sı­rasında qeyri-neft sektorunda və qeyri-neft sənayesində müşa­hidə olunan artımı xüsusi qeyd etmək olar. Belə ki, hesabat dövründə ölkəmizin qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sek­toru 3 faizdən çox artıb. 

Ölkədə islahatların davam etdirilməsi nəticəsində maliy­yə sektorunda nizam-intizam möhkəmlənib, vergi və gömrük sahələrindən büdcəyə daxilol­malar artıb, şəffaflığ təmin edilib. Bu da Azərbaycanın maliyyə du­rumunun daha da yaxşılaşması­na və büdcəyə yenidən baxılma­sına, dürüstləşmə aparılmasına imkan yaradıb. Nəticədə, rekord həddə olan builki dövlət büdcəsi daha 3 milyard manat artırılaraq 33 milyard manatdan 36 milyard manata çatdırılıb. Hazırda Azər­baycanın xarici borcu 6,7 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 10 faizinə bərabərdir. Bu, həm də dünya ölkələri arasında ən yaxşı göstəricilərdəndir.

Son vaxtlar nəqliyyat sek­torunun əhəmiyyətinin artma­sı, yeni nəqliyyat dəhlizlərinin yaradılması, eləcə də Azərbay­canın yerləşdiyi əlverişli coğrafi vəziyyət əsaslı yüksəlişə zəmin yaradır. Artıq ölkəmizin müasir nəqliyyat infrastrukturu keyfiy­yətcə dəyişərək beynəlxalq stan­dartlar səviyyəsinə yüksəlib. İndi Azərbaycan təkcə böyük yük­ləri aşıran tranzit ölkə olmaqla kifayətlənmir. Eyni zamanda, nəqliyyat marşrutları üzərində istehsal sahələri yaratmaq niy­yətindədir. Bu da insanlar üçün, xüsusən region əhalisi üçün ol­duqca önəmlidir. 

Onu da qeyd edim ki, Azər­baycan bütün gücünü və resurs­larını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfər­bər edib ki, bu da ölkədə əlavə dəyərin yaradılmasına geniş im­kanlar yaradacaq. Hazırda ölkə­miz heç bir yerdən yardım alma­dan, öz gücü hesabına Böyük Qayıdış Proqramını uğurla icra edir. Təkcə onu demək kifayət­dir ki, 2023-cü ilin sonunadək işğaldan azad olunan əraziləri­mizin bərpasına ayrılan vəsait 12 milyard manata çatacaq. Bu­nunla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritet olmasına baxmayaraq, cənab Prezident bütün ölkədə infrast­ruktur layihələrinin reallaşdırıl­masını daim diqqətdə saxlayır ki, bu da regionlar üzrə tarazlı iqtisadi inkişafı təmin edir.

Azərbaycan öz müstəqilliyi­ni, seçimini, həyat tərzini, əra­zi bütövlüyünü qorumaq üçün daha güclü olmalıdır. Ordunun modernləşdirilməsi prosesinin, islahatların davam etdirilməsi, müasir silah-sursat, hərbi texni­ka ilə təmin olunması ölkəmizin təhlükəsizliyinin təminatında pri­oritet istiqamətlərdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”



İqtisadiyyat