Ordumuzun gücü daim artır, döyüşkənliyi hər gün yüksəlir

post-img

İkinci Qarabağ müharibəsi Ermənistan ordusu üzərində şanlı qələbə ilə başa çatandan sonra Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş ərazilərimizin bərpasına start verildi. Budur, artıq üçüncü ildir ki, Qarabağ və Şərqi Zəngəzurun erməni barbarlığından xilas edilərək ayağa qaldırılması üçün böyük tikinti-quruculuq işləri aparılır. 

Bu da təbiidir. Çünki işğalçı Ermənis­tanın təxminən 30 il ərzində dağıdıb viran qoyduğu şəhərlərimiz, yüzlərlə kəndimiz, çoxsaylı tarixi-mədəni abidələrimiz, inf­rastruktur obyektlərimiz yenidən qurul­malı, məcburi köçkünlərimiz öz yurd-yu­valarına qayıtmalıdırlar. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, bu insanlar üçün ən yüksək səviyyədə şərait yaradılmalı, onların ləyaqətli şəkildə öz torpaqlarına qaytarılmalıdırlar. 

Hazırda bu istiqamətdə böyük işlər görülür. Amma qarşıda bu işlərlə eyni dərəcədə önəm daşıyan bir vəzifə də var. Xalq yazıçısı Anarın ulu Dədə Qorqudun dili ilə dediyi kimi, torpağı qorumadınsa, əkib-becərməyə, əkib-becərmədinsə, qorumağa dəyməz. Odur ki, bu gün biz dağıdılmış şəhər və kəndlərimizi tikib-ya­radırıqsa, demək, onların daha etibarlı qorunması qayğısına da qalmalıyıq. Özü də hazırkı mürəkkəb şəraitdə, düşmənin məğlubiyyətlə barışmaq istəmədiyi, siyasi münaqişələrin sivil qanunlarla, beynəlxalq hüquq normaları əsasında deyil, güc yolu həll olunduğu bir dövrdə müdafiə məsələsi ikiqat önəm daşıyır. 

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd et­diyi kimi, nəzərə almalı olduğumuz əsas istiqamətlərdən biri hərbi gücümüzün artırılması olmalıdır. Cənab Prezident bununla bağlı dedi: “Beynəlxalq vəziy­yət bəllidir... Dünyanın müxtəlif yerlərin­də beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarla­rına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cüm­lədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müda­fiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəka­tının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi. Ancaq biz görürük ki, dünyada qaydalar tama­milə pozulub, davranış qaydalarına, bey­nəlxalq hüquqa əməl edilmir”.

Beynəlxalq hüquq və prinsiplərlə bağ­lı vəziyyət, təəssüf ki, bu gün acınacaqlı vəziyyətdədir və bu, hər bir dövlətdən, o cümlədən, qonşuluğunda yırtıcı, vəhşi xislətli Ermənistan kimi bir ölkə olan Azər­baycandan öz təhlükəsizliyinin mütləq tə­minatını tələb edir. Hazırda dünya nizamı elə bir vəziyyətə gəlib çatıb ki, dövlət baş­çımızın dediyi kimi, beynəlxalq hüququn qarantı rolunu öz üzərinə götürmüş ölkələr bu hüquq və prinsipləri uf demədən pozur, başqalarının qarşısına isə həmin qayda­lara əməl etmək tələbi qoyurlar. Amma özləri on illərlə formalaşmış, beynəlxalq sənədlərdə təsbit olunmuş, necə deyərlər, oturuşmuş bəşəri davranış qaydalarına əməl etmirlər. Belə olan təqdirdə bizim də zəif və gücsüz olmağa nə ölkəmiz, nə xalqımız, nə də tariximiz və gələcəyimiz qarşısında haqqımız yoxdur. Biz də istə­nilən situasiyada özümüzü qorumaq, öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü mü­dafiə etmək üçün güclü olmalıyıq. 

Müşavirədə Prezident qətiyyətlə bildir­di ki, İkinci Qarabağ müharibəsi başa ça­tandan sonra bu istiqamətdə çox ciddi ad­dımlar atılıb və bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı kifayət qədər artırılıb. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat sahəsində mühüm işlər görülüb və davamlı şəkildə görülmək­dədir. Bütün bunlarla biz: “Daha da güclü olacağıq, çünki bu proses dayanmır və da­yanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş tor­paqların bərpasına nə qədər vəsait lazım­dır, biz o qədər də ayıracağıq”.

Azərbaycan bu gün məhz bu is­tiqamətdə irəliləyir, ölkəmizin qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin artırılması üçün lazımi addımlar atılır. Çünki bu gün dünyada hərbi qüdrət amili ön plandadır və güclə hesablaşırlar, sərt qüvvədən çə­kinirlər. Dövlətimizin başçısı məhz bunları nəzərə alaraq dedi ki, son iki il yarım ərzin­də bir neçə dəfə bu həqiqəti müvafiq ünva­na göstərmişik, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi və milli ma­raqlarımızı qoruya bilmişik: “Əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhd­lər də olmayacaq”.

Prezidentin qeyd etdiyi kimi, artıq Azərbaycanda Silahlı Qüvvələrimizin mo­dernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi, o cümlə­dən ən müasir silahların, texnikaların alın­ması istiqamətində işlər plan üzrə gedir. Silahlı Qüvvələrimizin ən qabaqcıl ordular səviyyəsinə çatdırılması üçün, demək olar ki, gündəlik işlər aparılır. Struktur islahat­ları, idarəetmə və özünümüdafiə nöqte­yi-nəzərindən mühüm addımlar atılır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin-arxayın hiss edə bilək. Amma bütün bunlarla da arxayınlaşmaq olmaz. 

Kapitulyasiya aktına imza atmış, üzə­rinə öhdəliklər götürmüş Ermənistan sülhə gəlməkdə çətinlik çəkir, hələ də revanşizm xülyaları ilə yaşayır. Arada təxribata əl atanda isə qarşısında regionun ən güclü hərbi qüvvəsi olan Azərbaycan Ordusunun dəmir sipərini görür və geri çəkilir. Odur ki, biz də gücümüzü artırmaqda davam etmə­li, istənilən anda təxribatlara layiqli cavab verməliyik. Bununla bağlı Prezident İlham Əliyevin müşavirədə dediyi fikirlər də ma­raqlıdır: “Bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”. 

 

Paşa ƏMİRCANOV, 

"Xalq qəzeti”

Ordu