Son illər Azərbaycanda nağdsız ödəniş sistemlərinin payı getdikcə artır. Bunun da əsas səbəblərindən biri rəqəmsal innovasiyalar dövründə qlobal maliyyə bazarlarının transformasiyaya məruz qalmasıdır. Bu isə öz növbəsində yeni nağdsız ödəniş həllərinin tətbiqi ilə nəticələnir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin bildirdiyinə görə, Azərbaycanda son illər kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq müvafiq dövlət qurumları nağdsız əməliyyatların istehlakçılar və biznes subyektləri arasında əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər planı icra edirlər. Departament rəhbərinin sözlərinə görə, 2016-cı ildə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nu da qəbul edilən bu qərarlar sırasındadır.
N. Hacızadə, həmçinin deyib ki, sosial-iqtisadi inkişaf istiqamətində hökumət və müvafiq monetar institutların qarşısında duran tədbirlərə kölgə iqtisadiyyatına qarşı ölkə daxilində mübarizə və nağdsız əməliyyatların ev təsərrüfatları və biznes subyektləri arasında geniş yayılması, habelə ödəmələr istiqamətində maliyyə infrastrukturunun təkmilləşdirilməsi kimi prioritetlər daxildir.
Xatırladaq ki, Azərbaycanda ilk rəqəmsal həllərin tətbiqinə 2019-cu ildən etibarən başlanılıb. Ötən müddətdə ölkəmizdə bu sahədə kifayət qədər ciddi uğurlar əldə olunub. Azərbaycanda nağdsız ödəniş sistemləri ilə bağlı aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ölkəmizdə əvvəlki dövrlərlə müqayisədə ödəniş sistemlərində ciddi dəyişikliklər müşahidə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə ölkə daxilində kartlarla ödənişlərin həcmi 55,980 milyon manat təşkil edib. Cari ilin əvvəlindən isə bu sahədə artım tendensiyası bir qədər də sürətlənib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank və “Azərpoçt” MMC sistemləri üzrə 2023-cü il aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çoxdur. Bütövlükdə isə, ilin əvvəlindən ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51,4 faizini təşkil edib.
Yeri gəlmişkən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, hazırda Azərbaycanda 14 milyona yaxın şəxsdə kart var. Komitə sədrinin sözlərinə görə, son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. T. Mirkişili onu da qeyd edib ki, təkcə son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da ötən 5 ildə 12 dəfə artım deməkdir. Ekspertlərin fikrincə, son zamanlar ölkəmizdə dövriyyədə olan kartlar vasitəsilə ödənişlərinin sayının artması texnoloji baxımdan yüksək təminatla bağlıdır. Eyni zamanda, son dövrlərdə bağlanılan əməkdaşlıq müqavilələri nəticəsində bir çox məşhur e-ticarət platformaları artıq ölkəmizdə fəaliyyətə başlayıb. Bu da Azərbaycan bazarında nağdsız ödənişlərin payının ciddi şəkildə artmasına səbəb olur.
Mərkəzi Bankın məlumatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 16,1 faiz, kredit kartları üzrə isə 27,2 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1,6 milyon ədəd artıb. Heç şübhəsiz, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artıb. Yeri gəlmişkən, 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 202 milyon manat təşkil edib. Hesabat dövründə həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 535 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 663 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.
Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasında çıxışı zamanı bildirib ki, hazırda ölkədə 81 min terminal var. Bunun 55 mini Bakıda, təqribən 25 mini isə regionlarda fəaliyyət göstərir. Onun sözlərinə görə, ödəniş autenti ölkədə terminalların sayının artmasına təkan verəcək. Xatırladaq ki, autentifikasiya ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedurdur.
Azərbaycanda 2022-2023-cü illər arasında nağd ödənişlər üstünlük təşkil etsə də, nağdsız əməliyyatların davamlı artımı da müşahidə olunub. Bu isə müəssisələr və fiziki şəxslər tərəfindən rəqəmsal ödəniş üsullarının getdikcə daha çox mənimsənilməsindən xəbər verir. Ekspertlər hesab edirlər ki, nağdsız ödənişlərə keçid rahatlıq, təhlükəsizlik və gücləndirilmiş şəffaflıq da daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir, ümumi səmərəliliyə töhfə verir.
Göründüyü kimi, Azərbaycan çox sürətli şəkildə nağdsız ödənişə keçid edir. Qarşıdakı dövrlərdə isə texnoloji irəliləyişlər, təkmilləşdirilmiş infrastruktur sistemi rəqəmsal ödəniş həllərinin qəbulunu daha da sürətləndirəcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”