Naxçıvandan Türkiyəyə dəmir yolu çəkiləcək

post-img

Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də mətbuata bəyanatında bir sıra məsələlərlə bərabər, Naxçıvan üzərindən Türkiyəyə dəmir yolu xəttinin çəkiləcəyini də vurğulayıb. 

Qardaş ölkənin lideri ən çox həssaslıq göstərilən Zəngəzur dəhlizi layihəsindən danışarkən bu təşəbbüsün sürətlə həll olunacağına əminliyini bildirib. Eyni za­manda, belə bir layihənin hər iki qardaş ölkəyə iki mühüm imkan qazandıracağını deyib. Belə ki, Türkiyə rəhbəri istər av­tomobil, istərsə də dəmir yolları ilə bağlı atılacaq addımlar sayəsində Azərbay­candan İğdıra, Naxçıvana yolun açılması ilə qardaş ölkənin muxtar respublika ilə əlaqəsinin daha güclü olacağını diqqətə çatdırıb. Ərdoğan daha sonra bildirib: “Bu əlaqələrin yaradılması Türkiyə ilə Azər­baycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniy­yətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrast­rukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tu­nellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən – istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə or­taya qoyur”.

Bakıda keçirilən Azərbaycan ilə Tür­kiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında da bu barədə ətraflı bəhs edilib. İclasda Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars–İğdır–Aralık–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu layihəsinin reallaşdırılmasının mühüm önəm daşıdığı xüsusi vurğula­nıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çə­kilməsi nəticəsində Azərbaycan–Türkiyə iqtisadi–ticari əlaqələrinin genişlənəcəyi diqqətə çatdırılıb. 

Yeni yaranmış reallıqlar fonunda nəq­liyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd et­diyi bildirilən həmin tədbirdə Zəngəzur dəhlizinin açılmasının regional əmək­daşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Zəngəzur dəhlizindən söz düşmüş­kən, xatırladaq ki, bu infrastruktur ölkə­mizin Qərb hissəsi ilə Ermənistanın əra­zisindən keçərək Naxçıvanla nəqliyyat əlaqələrinin yaradılmasını nəzərdə tutur. Bununla da sözügedən dəhliz Mərkə­zi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əlaqələrin yaranmasında və inkişaf etdirilməsində həlledici rolu şərtləndirir.

Prezident İlham Əliyev çıxışlarının birində Zəngəzur dəhlizinin iqtisadi əhə­miyyətindən danışaraq deyib: “Təkcə Orta Asiya ölkələrinin yükgöndərmə po­tensialını və oraya Avropa istiqamətin­dən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmama­lıdır”.

Zəngəzur dəhlizinin iqtisadi əhəmiy­yətindən bəhs edərkən bir məqama da toxunmaq istərdik. Bunun üçün əvvəlcə Orta Dəhlizin fəaliyyətinə nəzər salaq. Hesablamalar göstərir ki, Çindən Avropa­ya gedən yük qatarı bu dəhliz vasitəsilə 12 gün ərzində 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlo­bal ticarətdə adıçəkilən infrastrukturun nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Halbuki eyni qatar Cənub Dəhli­zi üzrə Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Azərbaycan reallaşmasına töhfə verdiyi Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əmək­daşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi diqqət çəkir. 

Zəngəzur dəhlizinin də Orta Dəhlizə inteqrasiya ediləcəyi nəzərdə tutulur. Belə halda Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınma­sına imkan yaranır. Zəngəzur dəhlizinin digər bir iqtisadi əhəmiyyəti isə Mərkəzi Asiya ölkələrinin bu yeni nəqliyyat dəh­lizindən gələcəkdə istifadəsi ilə bağlıdır. Başqa sözlə, bu dəhliz “Aşqabad müqa­viləsi” adı ilə tanınan anlaşmaya qoşu­lan ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivləri şərtləndirir. Belə ki, sözügedən müqavilə Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişa­fını gerçəkləşdirmək məqsədi daşıyır.

Adları çəkilən ölkələr vasitəsilə hə­yata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizindən Avrasiya bazarları­na çatdırılması Qarabağ regionunun iqti­sadi potensialının artmasında xüsusi rol oynaya bilər.

Beləliklə, 123,8 kilometrlik Hora­diz–Cəbrayıl–Zəngilan–Ağbənd, 70 kilometrlik Xudafərin–Qubadlı–Laçın, 73 kilometrlik Kəlbəcər–Laçın, 13 kilo­metrlik Füzuli–Hadrut və 45 kilometrlik Bərdə–Ağdam yollarının inşası Qarabağ regionunun, o cümlədən Azərbaycanın nəqliyyat dəhlizlərinə çıxışını çoxşaxəli etməklə bu coğrafiyadan keçəcək xətlə­rin önəmini də artıracaq.

 

Samir HEYDƏROV,

iqtisadçı-ekspert 

Türkiyə Respublikasının Prezi­denti Rəcəb Tayyib Ərdoğan mət­buata bəyanatında Orta Dəhlizin fəaliyyətini yüksək dəyərləndirib. Cümhurbaşqanı çıxışında Orta Dəh­lizin həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə Türk Dünyası üçün böyük önəm daşıdığını vurğu­layıb. 

Mürəkkəb geopolitik vəziyyət səbəbi ilə Orta Dəhlizin dünya ti­carətində bir inqilab olması isə göz önündədir. Belə ki, hazırda Çin–Av­ropa Birliyi (AB) ticarət əlaqələri Çin –ABŞ iqtisadi-ticari əlaqələrini geri­də qoyur. 

Xatırladım ki, 2022-ci ildə Çin–AB arasında ticarət dövriyyəsi 850 milyard avro olub. Bunun əksinə, Çin–ABŞ arasında xarici ticarət döv­riyyəsi 690 milyard dollar təşkil edib ki, burada da xarici ticarət dövriyyəsi 382,9 milyard dollarlıq mənfi saldo təşkil edib. Yəni sadə dildə desək, bir il ərzində iki dövlət arasında əmtəə və xidmət ticarətindən 383 milyard dollara yaxın vəsait Çin iqti­sadiyyatına “axıb”. 

Prezident İlham Əliyev isə mət­buata bəyanatında indiki geosiya­si şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını, Xəzər dənizi ilə daşınan yüklərin həcminin ildən-ilə çoxaldığını bildirib. Dövlətimizin başçısı məhz bu səbəbdən Azərbay­canda nəqliyyat və logistika imkan­larının genişləndirildiyini, Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona çatdırıldığını vurğulayıb. 

Xatırladaq ki, 2017-ci ildə fəa­liyyətə başlayan bu layihənin əhə­miyyəti 2022-ci ildə Ukraynada hər­bi əməliyyatların başlanmasından sonra özünü daha qabarıq büruzə verib. Belə ki, əgər 2022-ci ilə qədər Trans–Sibir dəmir yoluna üstünlük verilirdisə, hazırda Rusiya–Ukrayna müharibəsi kontekstində mövcud re­allıq Avropa İttifaqı ilə ticarət prose­sini ciddi şəkildə mürəkkəbləşdirib. 

Buna görə də hazırda Orta Dəh­liz Avropa ilə Asiya arasında ən təh­lükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türk­mənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mü­hüm önəm daşıyır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat