TAP-ın genişləndirilməsi Avropanın Azərbaycan qazına tələbatını ödəməyə yönəlib

post-img

Azərbaycanın təbii qazını Avropaya nəql edən Trans-Adriatik boru kəmərinin istifadəyə verilməsi ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini bir qədər də güçləndirib. Bu da “mavi yanacağa” tələbatın ildən-ilə artdığı bir şəraitdə ölkəmizlə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayının xeyli artmasına səbəb olub. Avropada Azərbaycan qazına tələbatın artması isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini yaradır. 

İyunun 13-də Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev və Tür­kiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxışları zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərindən bəhs edilib. Azərbay­candan Türkiyəyə qaz ixracının bundan sonra da artırılması ilə bağlı razılıq əldə edildiyini diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Avropa ölkələrində də Azərbaycan qazına böyük tələbat var. Bu da Azərbaycan qazının qardaş ölkə vasitəsilə Avropaya ixracının ildən-ilə artmasına səbəb olur. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında enerji sahə­sində əməkdaşlığa dair bir sıra vacib məqamlara toxunub. Enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı il­lərdən bəri görülən işlərin təfərrüatlarının iki ölkənin nazirləri tərəfindən müzakirə olunduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa ener­ji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır və buna görə davamlı xahişlər edir. Qar­daş ölkənin rəhbəri bu məsələ ilə əlaqə­dar Azərbaycan və Türkiyənin üzərinə düşən işləri bundan sonra da həyata ke­çirməkdə davam edəcəklərini vurğulayıb. 

Hazırda Avropa İttifaqı (Aİ) infrast­rukturun genişləndirilməsi tədbirlərinə sərmayələrin yatırılmasını təmin et­mək üçün azərbaycanlı tərəfdaşlarla işi davam etdirir. Bunu Avropa İttifaqının nümayəndəsi bildirib. O deyib ki, RE­PowerEU planı (Rusiya qazından asılılığı azaltmaq) və Aİ ilə Azərbaycan arasında yeni strateji enerji tərəfdaşlığına dair An­laşma Memorandumu 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin illik gücünü 2 dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq məqsədi daşıyır. Bunun Avropanın enerji ehtiyatlarının təmin edilməsində mühüm rol oynayacağını vurğulayan nümayəndə onu da deyib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi onun Avropa hissəsi­nin, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) modernləşdirilməsini nəzərdə tu­tur. 

Məlum olduğu kimi, TAP-ın genişlən­dirilməsi Avropaya ötürülən Azərbaycan qazının həcminin artırılmasına imkan yaratsa da, “mavi yanacağ”ın ölkələrə çatdırılmasında interkonnektorlar (bir­ləşdirici kəmərlər) da mühüm rol oynayır. Bunu Yunanıstan–Bolqarıstan interkon­nektorunun timsalında aydın görmək mümkündür. Xatırladaq ki, adıçəkilən kəmər 2022-ci ildə ilkin gücü ildə 3 mil­yard kubmetr olmaqla istismara başlayıb. Ötən müddətdə Yunanıstan–Bolqarıstan interkonnektoru ilə 1 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

Qeyd edək ki, Yunanıstan-Bolqa­rıstan interkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Ümumi uzunluğu 182 kilo­metr olan birləşdirici boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisin­dən keçir. Gələcəkdə kəmərin illik ötürü­cülük qabiliyyətinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 

TAP AG layihəsi üzrə icraçı direktor Luka Skyepatti isə bildirib ki, hazırki mər­hələdə Yunanıstanın Kipoy şəhərindəki mövcud kompressor stansiyasına bir əlavə kompressor aqreqatının quraşdı­rılması və obyektlərin modernizasiyası tələb olunur. Erkən mərhələdə Kipoyda tikinti işlərinin 2023-cü ilin ikinci yarısın­da başlayacağını diqqətə çatdıran icraçı direktor onu da qeyd edib ki, istənilən infrastruktur genişləndirmə ssenarisində əlavə borular tələb olunmur. “TAP-ın və bütünlükdə Cənub Qaz Dəhlizinin dizay­nı əlavə kompressor qurğuları və stansi­yaları hesabına ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrədək artırmağa imkan verir. 

Azərbaycanın energetika naziri Pər­viz Şahbazov da bu yaxınlarda bildirib ki, hazırda TAP konsorsiumu kəmərin ötü­rücülük qabiliyyətinin artırılması üçün 3 ssenarini nəzərdən keçirir. Məhdud sse­nari kəmərin ötürücülüyünün ildə 10 mil­yard kubmetrdən 14,4 milyard kubmetrə, qismən artırılma 17,1 milyard kubmetrə, tam artırılma isə 20 milyard kubmetrə qə­dər çatdırılmasını nəzərdə tutur.

 

Elman İSKƏNDƏROV,

Azərbaycan Dövlət Neft və Sə­naye Universiteti neft-qaz-mədən fakültəsinin dekanı, texnika elm­ləri doktoru, professor

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradı­lan Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib. Məlum olduğu kimi, Azər­baycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avro­paya qaz tədarük etməyə başlayıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünya­da təbii qazın ən iri idxalçısı olan Av­ropa bazarına birbaşa çıxışla Azər­baycan, həm də öz ixrac imkanlarını şaxələndirməyə nail olub. 

Hazırda sözügedən dəhliz Avro­panın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropanın enerji xəritəsinin zəngin­ləşdirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İta­liyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olu­nan qaz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri, eləcə də interkonnektorlar vasitəsilə Şərqi Avropa ölkələrinə çatdırılır. 

İlkin olaraq Cənub Qaz Dəhli­zi ilə 10 milyard kubmetr qaz ixracı planlaşdırılmışdı. Lakin Avropanın təbii qaza olan tələbatı dəhlizin ge­nişləndirilməsi məsələsini aktuallaş­dırdı. Elə bu səbəbdən də ötən ilin iyul ayında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kad­ri Simsonun Bakıya səfəri çərçivə­sində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizinin ge­nişləndirilməsinə dair memorandum imzalandı. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 mil­yard kubmetrə çatdıracaq. 

Memorandumun icrası Avropa­nın enerji təminatını bir qədər də gücləndirəcək. Yaxın zamanlarda isə Avropaya daha çox qaz tədarük olunması üçün Cənub Qaz Dəhlizi­nin son seqmenti sayılan Trans-Ad­riatik Boru Kəmərinin genişləndi­rilməsinə başlanılacaq. TAP-ın, bütövlükdə isə, Cənub Qaz Dəhlizi­nin genişləndirilməsinin Azərbaycan üçün də müstəsna əhəmiyyəti var­dır. Hər şeydən əvvəl, ölkəmiz Avro­paya daha çox qaz ötürmək imkanı qazanacaq. Eyni zamanda, Avropa məkanında Azərbaycan qazının alı­cılarının sayının artması nəticəsində ölkəmiz özünün ixrac coğrafiyasını xeyli genişləndirməyə nail olacaq. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat