Ölkəmizdə 3-4 faiz illik iqtisadi artım gözlənilir

post-img

Son illər ölkəmizdə Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üzrə kompleks tədbirləri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bir çox istiqamətlərdə mühüm nailiyyətlər əldə olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında buna əməl edən 18 dövlətdən biri olub. Bununla yanaşı, İnsan İnkişafı İndeksində göstəricilərini 30 faiz artıran Azərbaycan 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub. 

Bu və ya digər məsələlər barədə iyu­nun 14-də Bakıda keçirilmiş “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci Dayanıq­lı İnkişaf Məqsədləri Dialoqunda ətraflı bəhs edilib. Bildirilib ki, BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq Azər­baycan “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsin­də Gündəlik”dən irəli gələn Dayanıqlı İn­kişaf Məqsədlərinə (DİM) qoşulub. Ötən müddətdə ölkəmizdə DİM-in icrası uğurla davam etdirilib, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda isə ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib. Gələn il isə daha bir hesa­batın təqdim olunması nəzərdə tutulur. 

Beynəlxalq təşkilatların Azərbaycan­da akkreditə olunan nümayəndələrinin, müvafiq qurumların rəhbərləri və əmək­daşlarının iştirak etdikləri tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov çıxış edərək Azərbaycanın BMT-nin Qlobal İnkişaf Strategiyasına qoşulduğunu və bu strateji proqrama töhfə verdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu ilə kimi özünün Milli İnkişaf Konsepsiyasını hə­yata keçirir. Bu konsepsiyaya 40-dan çox proqram daxildir ki, bunlar da ölkədə so­sial-iqtisadi inkişafın dayanıqlı olmasını təmin edir.

Birləşmiş Millətlər Təşkilatının Azər­baycandakı rezident-əlaqələndiricisi Vla­danka Andreyeva çıxış edərək nəzərə çatdırıb ki, BMT-nin məqsədi inkişaf et­məkdə olan ölkələrə yardım etməkdən ibarətdir. Bu gün dünyada mövcud prob­lemlərin həll edilməsi üçün həm zaman, həm də resursların lazım olduğunu vur­ğulayan BMT nümayəndəsi bütün bun­lara baxmayaraq, Azərbaycanın inklüziv inkişaf istiqamətində uğurlu addımlar at­dığını bildirib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək deyib ki, Azər­baycanın yeni strateji inkişaf mərhələsinin əsas hədəfləri milli iqtisadiyyatın rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsi, dinamik, inklüziv və so­sial ədalətə əsaslanan cəmiyyətin forma­lalaşdırılması, ölkənin rəqabətli insan ka­pitalı və müasir innovasiyalar məkanına çevrilməsi, azad edilmiş ərazilərin sürətli reinteqrasiyası kimi 5 əsas məqsəddən ibarətdir. Bildirilib ki, strategiyanın icra­sı nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft və qaz ÜDM-nin illik orta hesabla 5 faiz, 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 2021-ci illə müqayisədə 85 faiz artırılma­sı, eləcə də özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması planlaşdırı­lır. Nazir müavini, həmçinin deyib ki, regi­onlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət təd­birləri gücləndiriləcək. 

“2030-cu ilə doğru: Azərbaycanda so­sial-iqtisadi inklüzivlik” mövzusunda ikinci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda ölkəmizin işğaldan azad edilmiş ərazilə­rinin bərpası istiqamətində həyata keçi­rilən tədbirlərdən də söhbət açılıb. İqti­sadiyyat nazirinin müavini S. Məmmədov qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası və dayanıqlı inkişafının təmin olunması üçün zəruri infrastruktur yaradılır, əhali­nin doğma yurda qayıdışı istiqamətində lazımi tədbirlər görülür. 

Nazir müavini bildirib ki, son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüziv­lik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iq­tisadiyyat və yerli istehsal, “ağıllı” və da­yanıqlı yaşayış məntəqələri, vətəndaş iş­tirakçılığı və s. amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb. Onun dedi­yinə görə, bu məqsədlə işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən sözüge­dən amillər ətraflı araşdırılıb, onların mümkün təsirləri təhlil edilib, BMT-nin və digər beynəlxalq qurumların irəli sür­dükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb.

Azad edilmiş ərazilərin düşmən tərə­findən minalanmasının torpaqların re­abilitasiyasına mane olduğunu diqqətə çatdıran Sahib Məmmədov deyib ki, bu il martın 2-də Bakıda keçirilmiş Qoşul­mama Hərəkatının COVID 19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Prezident İlham Əliyev tərə­findən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəb­büsü irəli sürülüb. 

Tədbirdə dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və dialoqun qu­rulmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, “DİM Dialoq­lar” təşəbbüsü çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, özəl sek­tor və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək daya­nıqlı inkişaf sahəsində Gündəliy”in icrası­na və iqtisadi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində aparılan siyasətə öz müsbət töhfəsini verəcək. 

M. YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat