Ali Avrasiya İqtisadi Şurasında Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərindən ətraflı bəhs edilib

post-img

Prezident İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında bir sıra məsələlərlə yanaşı, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun 3 dəfədən çox artdığını, respublikada yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizə endiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin xarici dövlət borcunun ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil etdiyini və bu göstəricinin ildən-ilə azaldığını bildirib. Ölkə rəhbəri bütün bunlarla bərabər, Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcunu 10 dəfə üstələdiyini də qeyd edib. 

Azərbaycan Prezidenti nitqində başqa bir mühüm məqama da toxunub. Dövlətimizin başçısı bu gün qarşıda du­ran əsas məsələlərdən birinin ixracın şaxələndirilməsi olduğunu xatırladaraq respublikamızın Avrasiya İqtisadi Birli­yinə üzv ölkələrlə ticarət dövriyyəsinin ötən il 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini, cari ilin yanvar-ap­rel aylarında həmin göstəricinin əlavə 38 faiz yüksəldiyini söyləyib. Prezident İlham Əliyev ötən il Avrasiya İqtisadi Bir­liyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 9 faizə yaxın olduğunu da bildirib. “Biz ti­carət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük”, –ölkə rəhbəri vurğulayıb.

Dövlət başçımızın nitqində digər müsbət göstəricilər də diqqətə çatdırılıb:

–Azərbaycanda işsizlik səviyyəsinin cəmi 5 faiz olmasına baxmayaraq, ölkə əhalisinin sayı 30 il ərzində 7 milyondan 10 milyona çatıb;

– respublikada ümumi daxili məhsu­lun nominal həcmi son 20 il ərzində 22 dəfə artaraq 133,8 milyard manata çatıb;

–ölkədə işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir.

Azərbaycan lideri çıxışında respub­likamızın nəqliyyat infrastrukturunun da sürətlə inkişaf etdiyini vurğulayaraq ha­zırda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyini, onlardan ikisinin işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikildiyini, doqqu­zuncu təyyarə limanının isə faşizmin tapdağından xilas olunan Laçında salın­dığını və 2025-ci ildə istismara veriləcə­yini bildirib. Daha sonra “Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı Ali Avrasiya İq­tisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycanın Şimal–Cənub Nəqliyyat Dəhlizi layihəsinin fəal iştirakçısı oldu­ğunu, Bakı–Tbilisi–Qars dəmir yolunun Avropaya, eyni zamanda, Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin et­diyini də diqqətə çatdırıb: “Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yara­dılması təşəbbüsünü irəli sürmüşük”.

Ali Avrasiya İqtisadi Şurasının icla­sında Azərbaycanın gəmiqayırma im­kanlarının geniş olması, belə bir poten­sialdan Xəzər bölgəsi ölkələrinin geniş yararlandığı qeyd edilib. Bu fikrin təs­diqi kimi, Bakı gəmiqayırma zavodunda Azərbaycanın Xəzərətrafı dövlətlərinin sifarişlərinin qəbul edilməsi üzrə danışıq­lar aparıldığı da bildirilib. Eyni zamanda, 5 milyon ton yükün daşınmasına hesab­lanan Ələt Dəniz Limanının yaxın vaxt­larda modernləşdirilərək yükaşırmaların həcminin 25 milyon tona çatdırılacağının nəzərdə tutulduğu vurğulanıb. 

Yeri gəlmişkən, iclasda qeyd edildiyi kimi, son zamanlar Azərbaycan ərazi­sindən yükdaşımaların artması nəzərə alınaraq, artıq bir neçə ildir ki, Bakıda bütün növ gəmilər hazırlaya bilən müa­sir gəmiqayırma tərsanəsinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. 

Nəhayət, dövlətimizin başçısı tərə­findən iclasda Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat yollarının kə­sişdiyi coğrafi məkanda yerləşdiyi ifadə edilib. 

Bu məqamda onu da xatırladaq ki, Prezident İlham Əliyev iclasda qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin ya­radılması təşəbbüsü ilə çıxış edib: “Zən­gəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevriləcək”.

Bütün yuxarıda sadalananlara əsas­lanıb deyə bilərik ki, respublikamız regi­onal iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq–Qərb, Şimal–Cə­nub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq ölkəmizin regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial si­yasət nəticəsində insanların həyat şəra­itinin yüksəldilməsi, rifahının yaxşılaşdı­rılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.

V.BİNYATOĞLU, “Xalq qəzeti”

İqtisadiyyat