Özbəkistanın Səmərqənd şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarəedicilər Şurasının “Dayanıqlılığa sərmayə qoyuluşu” mövzusunda 32-ci illik iclası başlayıb. Toplantıya 73 ölkədən 2 mindən çox qonaq, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyalar, beynəlxalq maliyyə institutları və bankların rəhbərləri, iqtisadiyyat, investisiya, maliyyə və texnologiya sahələri üzrə ekspertlər, həmçinin mətbuat nümayəndələri qatılıb.
Əsas mövzusu iqtisadiyyatın davamlılığına sərmayə qoyuluşu olan tədbirdə banka üzv ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün layihələrin hazırlanmasına dair panel müzakirələrin keçirilməsi planlaşdırılıb. Üç gün davam edəcək toplantı çərçivəsində beynəlxalq ticarət, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, kiçik və orta biznesin iqtisadi əhəmiyyəti, inkişaf etməkdə olan bazarlarda rəqəmsallaşma, AYİB-nin “Yaşıl şəhərlər” Proqramı, “Regional iqtisadi perspektivlər” kimi mövzular üzrə sessiyaların təşkili nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB -nin üzvüdür. Bankın Azərbaycana investisiyaları ümumi portfelin 1 faizini təşkil edir. Bu maliyyə qurumu Azərbaycanda indiyədək 188 layihəyə ümumilikdə 3,53 milyard avro sərmayə yatırıb. AYİB -nin investisiya portfelində özəl sektorun payı 13 faiz təşkil edib.
Hazırda respublikamızda bankın portfelində 35 aktiv layihə var. Həmin layihələr üzrə portfel 844 milyon avro təşkil edir. Əməliyyat aktivləri 729 milyon avro, ümumi ödənişlər isə 3,036 milyard avro həcmindədir.
AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudovanın sözlərinə görə, bank cari ildə energetika, nəqliyyat, özəl sektor, kiçik və orta sahibkarlıq, həmçinin bank sektoru kimi bir sıra sahələrdə 300 milyon dollara yaxın investisiya qoymağı planlaşdırır. Nəqliyyat sahəsinə toxunan K.Mahmudova bildirib ki, beynəlxalq maliyyə təşkilatı Avropa ilə Asiyanı birləşdirmək üçün Azərbaycanın Orta Dəhlizə inteqrasiyasına kömək edəcək layihələrə investisiyaların ayrılacağını da planlaşdırıb. Ümumilikdə AYİB bu layihələri ilə əsas diqqəti dəmiryolu daşınmaları, Xəzər dənizi və Qara dəniz vasitəsilə tranzit kimi nəqliyyat-logistika əlaqələrinin təkmilləşdirilməsinə yönəltməyi qərarlaşdırıb.
Yeri gəlmişkən, 2022-ci ildə AYİB Azərbaycanda doqquz layihəyə 86 milyon avro investisiya qoyub. İnvestisiyaların 71 faizi ölkədə “yaşıl” iqtisadiyyatın inkişafına, bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastrukturun yaradılmasına, habelə telekommunikasiya, KİV və texnologiya sektoruna yönəldilib. Bundan başqa, ötən il AYİB Azərbaycanda enerji mənbələrinin diversifikasiyasına mühüm töhfə verib.
Burada onu da qeyd edək ki, bank investisiya fəaliyyəti ilə yanaşı, proqnozlaşdırma da həyata keçirir. Məsələn, AYİB 2023-cü il üçün Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5 faiz proqnozlaşdırıb. Maliyyə qurumu bununla bağlı yaydığı hesabatda gələn il üzrə müəyyənləşdirdiyi 2,7 faizlik iqtisadi artım proqnozunu da dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.
Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4,6 faiz müəyyənləşdirmişdi. Bank mütəxəssislərinin fikrincə, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması iqtisadi artıma təsir göstərəcək əsas risklərin davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlılığından irəli gəlir.
Yeri gəlmişkən, burada nühüm bir məqama da toxunmaq istərdik. Belə ki, AYİB bu gün respublikamıza investisiya qoyuluşu ilə bağlı diqqəti daha çox “mavi” hidrogenə yönəldir və bu, əsasən ən arzuolunmaz əlavə məhsul olan karbon dioksidi tutmaq üçün istifadə olunur. Bu, cəlbedici bir fikirdir, xüsusən ona görə ki, ölkəmizdə həm təbii qaz bolluğu, həm də karbonun tutula biləcəyi tükənmiş neft və qaz yataqları var. Bununla belə, respublikamızda “yaşıl” hidrogenin, atmosferə atılmadan sudan çıxarılan hidrogenin ən təmiz formasının istehsalına xüsusi önəm verilir.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
AYİB-in ölkəmizdə diqqət yetirdiyi bir neçə təşəbbüsü xatırlatmaq istərdim. Bunların sırasında təşkilatın maliyyələşdirəcəyi “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsi də mühüm əhəmiyyətə malikdir. Bu, ilk növbədə, respublika iqtisadiyyatında kiçik və orta biznesin dominantlığının diqqət mərkəzində saxlanılması ilə bağlıdır. Çünki dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir.
Hazırda ölkədə inkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə, eyni zamanda, biznes şəraitinin daha da yaxşılaşmasına yönəldir. Bu model biznesin inkişafını, bu sahədə yalnız bacarıqların bütün sahələrdə uğurun fundamental şərti olacağını diqtə edir.
Biznesin bütün bazarlarda səmərəli fəaliyyəti üçün zəruri şərtlərin təmin olunması, iqtisadiyyata cəlb edilən investisiyaların, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığının, onların iqtisadi maraqlarının qorunması məqsədilə müəyyən layihələr gerçəkləşdirilir.
Azərbaycan hökuməti tərəfindən bütün bu məsələlər nəzərə alınaraq “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsi dəstəklənib. Yeri gəlmişkən, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən Azərbaycanda adıçəkilən layihənin maliyyələşdirilməsinə qərar verilib.
Məlumata görə, SECO 2027-ci ilə qədər davam edəcək bu layihəyə 2 milyon İsveçrə frankı (təxminən 2,25 milyon ABŞ dolları) ayıracaq. Layihə AYİB-in Kiçik Biznesə Təsir Fondunun (SBIF) xətti ilə həyata keçiriləcək.
Bütün bunlarla bərabər, sözügedən maliyyə təşkilatı tərəfindən yaxın vaxtlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılması nəzərdə tutulub.
Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək.
Sonda onu da xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, Gəncə AYİB-nin “Yaşıl şəhərlər” proqramına qoşularaq şəhərdə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyənləşdirməyə və prioritetləşdirməyə başlayıb.
V.BİNYATOĞLU, “Xalq qəzeti”