Azərbaycan–Özbəkistan münasibətləri yeni müstəvidə

post-img

Bu gün ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə uğurla davam etdirilir. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Onlar bu ölkənin sosial-iqtisadi, mədəni və digər sahələrində fəal iştirak edirlər. Dövlətimizin başçısı İlham Əliyevin xarici siyasətində başlıca məsələlərdən biri də uzaq, yaxın, bütün dost və qardaş ölkələrlə əməkdaşlığa xüsusi önəm verilməsidir. Həmçinin dünyanın hansı nöqtəsində olmağından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyinə laqeyd yanaşılmamasıdır.

Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatı­nın sədri Tənzilə Narbayevanı qəbul edərkən bu barədə ətraflı danışılıb. Söhbət zamanı ümummilli liderin dost və qardaş Özbəkistanla əlaqələrə böyük diqqət yetirdiyini xatırladan döv­lətimizin başçısı bu siyasətin hazırda da bütün istiqamətlərdə uğurla davam etdiyini məmnunluqla vurğulayıb. Pre­zident İlham Əliyev Özbəkistanın döv­lət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirib və bu işdə qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. 

Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Preziden­ti tərəfindən özbək xalqı adından hə­diyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla xatırladıb.

Yeri gəlmişkən, 2021-ci ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təş­kilatının VIII Zirvə görüşündə Özbəkis­tan Prezidenti Şavkat Mirziyoyev işğal­dan azad edilmiş Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına məktəb tikiləcəyini vurğulamışdı. Hazırda tikin­ti işləri yüksək səviyyədə aparılır. Beş korpusdan ibarət olan məktəb binası Özbəkistan dövlətinin işğaldan azad olunmuş Füzuli torpağına və füzulililərə qardaş töhfəsidir. 

V.BAYRAMOV,
Q.KƏNGƏRLİ

Sosial həyat