2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa ölkələri “yaşıl keçid” platformasının əsas istiqamətlərindən sayılan hidrogenin istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Hidrogen isə planetimizdə ən bol elementlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir.
“Yaşıl hidrogen” bərpaolunan enerjidən istifadə edilərək elektroliz nəticəsində əldə olunan enerji növüdür. Belə ki, hidrogen istehsalında külək və günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. Məlum olduğu kimi, hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən 1 faizi “yaşıl hidrogen”dir. Bununla belə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, 2050-ci ilə qədər enerji istehsalının 12 faizi hidrogenin payına düşəcək.
Məlum olduğu kimi, 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşması imzalanıb. Sazişə imza atan 171 ölkədən biri də Azərbaycan Respublikası olub. Həmin ilin oktyabr ayının 28-də isə Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dövlət başçısının “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamına əsasən isə Azərbaycanda Bərpa olunan enerji mənbələri üzrə komissiya yaradılıb.
Qeyd edək ki, alternativ və bərpaolunan enerji sahəsində yükək potensiala malik olan Azərbaycan da Avropanın prioritet elan etdiyi “yaşıl enerji” platformasına qoşulan ilk ölkələrdəndir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz uzun illərdir ki, Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqu var, bura təkcə qaz deyil, həm də bərpaolunan enerji və “yaşıl hidrogen” daxildir. Yeri gəlmişkən, hazırda Azərbaycanın ixrac etdiyi “mavi yanacağ”ın 50 faizindən çoxu məhz Avropa ölkələrinin payına düşür. “Köhnə qitə” isə 2050-ci ilədək karbon emissiyalı yanacaq növündən tam imtina etməyi hədəfləyir. Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən “yaşıl hidrogen” istehsalına nail olmalıdır. Bunun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. “Yaşıl hidrogen” istehsalına gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesabına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir. Eyni zamanda, hidrogenin istehsalı üçün ölkəmizdə emal müəssisəsi yaradılmalıdır. Həmin müəssisə isə günəş panellərindən və külək qurğularından alınan ekoloji təmiz enerji hesabına işləyəcək.
Artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına başlanılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Azərbaycan Respublikası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin dediyinə görə, hesabatda çox müsbət fikirlər yer alıb. Eyni zamanda, Dövlət Neft Şirkətində də bu sahədə müəyyən təhlillər aparılır.
Məlum olduğu kimi, hazırda ölkəmizdə alternativ enerji sahəsində üç pilot layihə həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Qaradağ günəş elektrik stansiyası layihəsi üzrə işlər artıq son mərhələyə daxil olub. Stansiyanın ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində burada 500 min ədəd günəş paneli qurulur. Xızı-Abşeron külək elektrik stansiyası isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək. Hazırda ərazidə mobilizasiya işləri həyata keçirilir. Yaxın vaxtlarda isə stansiyanın tikintisinə başlanılması nəzərdə tutulur. Bundan əlavə, Böyük Britaniyanın BP şirkəti ilə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində “Şəfəq” günəş elektrik stansiyasının tikintisi ilə bağlı saziş imzalanıb. Ötən müddətdə stansiyanın tikiləcəyi ərazi minalardan tam şəkildə təmizlənib. Artıq ayihə çərçivəsində sənaye miqyaslı məsələlərin həllinə start verilib.
Pilot layihələrlə yanaşı, Azərbaycanda 25 qiqavat günəş və külək enerjisi istehsal olunması ilə bağlı beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalanıb. Bu da onu deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə, həm də “yaşıl enerji” ixracatçısına çevriləcək. Elə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev də hesab edir ki, ölkəmizdə istehsal olunacaq elektrik enerjisi Azərbaycan bazarı üçün həddindən artıq çoxdur. Onun fikrincə, bu enerji ya hidrogen və ya dekarbonizasiyaya töhfə verəcək digər formalara çevrilməli və ya ixrac olunmalıdır.
Göründüyü kimi, hazırda bütün dünyada hidrogenin istehsalı və istifadəsi ilə yanaşı, onun ixracı məsələsi də xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər bu yanacağın boru kəmərləri ilə nəqlini ən optimal variant hesab edirlər. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsi ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur.
Bəs, Azərbaycan gələcəkdə istehsal edəcəyi hidrogeni dünya bazarlarına hansı formada ixrac edə bilər? Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib ki, ölkəmizdən hidrogenin ixracı ilə bağlı dörd variant mövcuddur. Bunlardan birincisi Cənub Qaz Dəhlizinin imkanlarından istifadə edilməklə hidrogen qarışığının təbii qazla birlikdə ixracı ilə bağlıdır. İkincisi, hidrogen ixracı üçün ayrıca boru tikilə bilər. Üçüncüsü, yaşıl enerjini ixrac edib elektrolayzerləri istehlakçıya yaxın yerdə quraşdırmaq olar. Dördüncüsü, başqa məhsulları, məsələn ammoniyanı istehsal edib ixrac etmək olar. Onun fikrincə, artıq ölkəmizdə hidrogen üzrə pilot layihələrin hazırlanması tapşırığı üzrə işlər gedir. Qarşıdakı illərdə hidrogenin ixracı ilə bağlı məsələyə də tam aydınlıq gətiriləcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”