Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası strategiyasında turizmin inkişafı prioritet istiqamət təşkil edir. Çünki həmin ərazilərdə turizm potensialı olduqca zəngindir, burada mövcud sektorun inkişafı üçün bütün imkanlar var. Başqa sözlə, Azərbaycanın bu qədim tarixə malik bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə maraq doğurur. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilən ərazilərin turizmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması da bunun bariz ifadəsidir.
Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın mayın 5-də Xocavənd rayonuna səfərləri zamanı da 30 il ərzində düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəkdə turizm regionu kimi tanınacağı barədə ətraflı danışılıb. Prezident İlham Əliyev və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilərək, bu ərazidə konseptual yanaşma çərçivəsində tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin dirçəldilməsi, ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişafına nail olunması qarşıya mühüm vəzifə kimi qoyulduğu bildirilib.
Yeri gəlmişkən, düşmən işğal dövründə Tuğ kəndində ənənəvi Azərbaycan memarlığına müdaxilələr edib və bəzi tikililəri vandalizmə məruz qoyub. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulub. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi planlaşdırılıb. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması da qərara alınıb.
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində də iştirak ediblər. Səfər zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğun ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verərək bildirib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada inşa olunacaq və bərpa ediləcək binaların ümumi sahəsi isə 3200 kvadratmetr təşkil edəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tuğ kəndində ilk məhəllənin təməlinin qoyulması mərasimində iştirak etmələri isə bu yaşayış sahəsinin tezliklə məskunlaşdırılmasından xəbər verir. Xatırladaq ki, ümumi sahəsi 99 hektara yaxın olan bu yaşayış sahəsinin Tuğun təsdiq edilmiş Baş planına uyğun qaydada salınacağı nəzərdə tutulur. Eyni zamanda, 1089 nəfərin yaşayacağı məhəllədə birinci mərhələdə 24 tarixi fərdi evin bərpa ediləcəyi, 95 evin isə yenidən tikiləcəyi, növbəti mərhələlərdə isə 244 yeni fərdi evin inşası planlaşdırılır. Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilərək, bərpa olunacaq tədris müəssisəsinin 1,9 hektar ərazidə yerləşəcəyi, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqlarının müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcəyi bildirilib.
Yeri gəlmişkən, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində respublikamızın işğal olunmuş rayonlarının təhsil infrastrukturu tamamilə dağıdılıb. Düşməndən təmizlənən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə mühüm işlərin görülməsinə başlanılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər çərçivəsində burada salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində də iştirak ediblər.
Vətən müharibəsində şanlı qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda 28 fərdi evdən ibarət olacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsində olarkən bu yaşayış sahəsində turizm inkişafı ilə bağlı həyata keçiriləcək layihələr barədə də ətraflı məlumat verilib. Həmçinin qəsəbənin tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpasının, həmin ərazinin abadlaşdırılmasının planlaşdırıldığı vurğulanıb.
Dövlətimizin başçısı səfər çərçivəsində “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi, həmçinin Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Füzuliyə də səfər ediblər. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında, habelə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən rayon mərkəzində yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olub, Pirəhmədli və Dədəli kəndlərinin təməlqoyulma, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyulması, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Füzuli–Hadrut avtomobil yolunun açılışı mərasimlərində iştirak ediblər.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq layihələrini yüksək səviyyədə gerçəkləşdirmək, bərpa işlərini nəzərdə tutulan vaxtda həyata keçirmək məqsədi daşıyan “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli sərəncamında bildirilir ki, hazırda işğaldan azad edilən ərazilərin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın gerçəkləşdirilməsi, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinə və iqtisadi inkişafına əsas verir.
Qeyd edim ki, işğalçı tərəfindən tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, bu ərazilərdə dövlət-özəl sektor tərəfdaşlığı, ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və nəhayət, dayanıqlı məskunlaşmanın təmin olunması tədbirləri uğurla icra olunur.
Xatırladım ki, Vətən müharibəsi parlaq qələbəmizlə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə başlanan bərpa-quruculuq prosesi hazırda müasir və səmərəli istehsal, ticarət və xidmət infrastrukturunun qurulması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması fonunda aydın nəzərə çarpır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın savaşdan ötən müddətdə mütəmadi olaraq düşməndən təmizlənən ərazilərə səfər edərək, yaşayış sahələrinin bərpası istiqamətində görülən işlərlə tanış olmaları, dövlətimizin başçısının quruculuq prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə zəruri göstərişlər verməsi 30 il ərzində erməni faşizminin qurbanı olan Qarabağ və Şərqi Zəngəzurun yaralarının tezliklə sağalacağı, dünyanın cənnət məkanlarından birinə çevriləcəyi əminliyi yaradır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”