Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın memarı” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Azərbaycan sevdalısı – Heydər Əliyev” adlı məruzəsini diqqətə çatdırıb. Natiq ulu öndər Heydər Əliyevin bütün dünya azərbaycanlılarına ünvanlanmış sözlərini yada salaraq qeyd edib ki, “Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.”
Sonra muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda çıxış edərək ümummilli ıider Heydər Əliyevin Azərbaycan klassiklərinin irsinin qorunmasına dəstəyindən, görkəmli yazıçılara və şairlərə, onların yaradıcılığına, ümumiyyətlə ziyalılara verdiyi dəyərdən, ədəbiyyatın inkişafına qayğısından bəhs edib. Məruzəçi, həmçinin Heydər Əliyevin təşəbbüsü ilə bir çox ədiblərin yubileylərinin dövlət səviyyəsində keçirildiyini, klassik və çağdaş ədəbiyyat nümunələrinin nəşrini xatırladıb.
Muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Heydər Əliyev və ədəbiyyat muzeyləri” adlı məruzəsində diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyət illərində Azərbaycan mədəniyyətinə və ədəbiyyatına xüsusi önəm verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bu dövrlərdə ədəbiyyatla bağlı ev muzeylərinin yaradılması, genişləndirilməsi və yenidənqurulması istiqamətində geniş tədbirlər görülüb. Xüsusən ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan bu mədəniyyət ocağına xüsusi diqqət və qayğısının muzeyin inkişafında həlledici rolu olduğunu qeyd edib. “Mədəniyyət xalqın ruhudur. Ədəbiyyat isə bu ruhun sözlə ifadəsidir,” – deyən Heydər Əliyev Nizami Muzeyinin fondlarının zənginləşdirilməsinə dəstək olub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.
Qabil YUSİFOĞLU
XQ