Qazax buğdasından Bakı unu

post-img

Bakı Taxıl Terminalı Qazaxıstan buğdasının ilk partiyasını qəbul edib. Qazaxıstan mətbuatının məsələ bağlı açıqlamasında bildirilib ki, bu addım iki ölkə arasında ikitərəfli ticarət münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını qoyur.

Bu münasibətlə “Ak Bıday Terminal” ASC-nin İdarə Heyətinin sədri Nurlan Erkojaulı işgüzar səfərlə Bakıya gəlib. Səfər proqramına aqrar logistika və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas görüşlər daxil olub. Bakı Taxıl Terminalının rəhbərliyi ilə keçirilən işgüzar görüş çərçivəsində tərəflər terminalın əməliyyat proseslərini, taxılın qəbul və saxlanması ilə bağlı texniki detalları, eləcə də tədarükün genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin mövcud logistik problemlərə toxunublar və təchizat zəncirlərinin dayanıqlığının və səmərəliliyinin artırılması üzrə təkliflərlə mübadilə aparıblar. Söhbət zamanı Bakı Taxıl Terminalına taxıl göndərişlərinin həcminin artırılması və infrastrukturun modernləşdirilməsi təşəbbüsləri də diqqət mərkəzində olub.

Bununla yanaşı, Nurlan Erkojaulı səfər çərçivəsində ölkəsinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşü zamanı ticarət-iqtisadi əlaqələrin inkişafına dair ikitərəfli yol xəritəsinin müddəalarına uyğun olaraq ixrac həcmlərinin artırılması perspektivlərini müzakirə edib.

Qazaxıstan mediasının yazdığına görə, “Ak Bıday Terminal” ASC-nin İdarə Heyəti sədrinin işgüzar səfəri Qazaxıstan və Azərbaycanın aqrar əməkdaşlığın inkişafında qarşılıqlı marağını bir daha nümayiş etdirib. “Qazaxıstan buğdasının Azərbaycana tədarükü ixrac marşrutlarının genişləndirilməsi və Qafqaz – Xəzər regionunda, eləcə də onun hüdudlarından kənarda iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində strateji addım kimi qiymətləndirilir, – deyə məlumatda bildirilib.

 

İqtisadiyyat