İtaliyanın və Aralıq dənizinin ən böyük limanlarından biri olan “Trieste” limanının baş direktoru Zeno D’Aqostino Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər zamanı hər iki liman arasında yeni əməkdaşlıq imkanları araşdırılıb.
Bakı limanından aldığımız məlumata görə, Zeno D’Aqostino limanın əməliyyat qrupu ilə görüşüb, ərazinin əməliyyat imkanları ilə tanış olub. Görüşdə, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən strateji marşrut sayılan Orta Dəhliz vasitəsilə Bakı limanından keçməklə göndəriləcək yük həcminin artırlması məsələsi ətrafında geniş müzakirə aparılıb. Eyni zamanda, Bakı və “Trieste” limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya malik logistika şirkətləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əsas məqsədlərdən biri olması da vurğulanıb.
Zeno D’Aqostino ilə söhbət zamanı Bakı limanının genişləndirilməsi strategiyasına da toxunulub. Xəzər dənizinin ən müasir limanlarından sayılan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı limanı bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışdığı bildirilib. Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahiblik edən “Trieste” limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir.
Bakı limanının məlumatında daha sonra deyilir ki, İtaliya ilə potensial tərəfdaşlıq hər iki limanın mövqelərini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı, region ölkələrinə da fayda gətirə bilər.
Qeyd edək ki, Bakı limanı hazırda böyük yük axınlarına və Çin–Avropa arasında daşımalara hazırlaşır. Buna görə də tezliklə adıçəkilən infrastrukturda tikinti layihələrinin ikinci fazasının həyata keçirilməsi nəzərdə tutulur.
Bu mərhələdə limanın konteyner aşırma gücü 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacaq. Bundan əlavə, burada digər yük terminalları da qurulacaq. Ümumiyyətlə, infrastrukturda reallaşdırılacaq layihələr nəticəsində onun ümumi yükaşırma gücü, təxminən, 25 milyon ton təşkil edəcək. Limanın konteyner aşırma qabiliyyətinin artırılması isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək.
Tikintiyə başlamaq üçün hazırda texniki-iqtisadi əsaslandırma işləri görülür və bu tədbirlərin cari ilin ikinci rübündə başa çatacağı gözlənilir. Qarşıdakı 10 ildə Orta Dəhliz Şərqlə Qərbi birləşdirən əsas dəhlizə çevrilə bilər. Bu müddətdə adıçəkilən infrastrukturun tam dayanıqlı “yaşıl dəhliz” kimi fəaliyyət göstərəcəyi də gözlənilir.
Texniki-iqtisadi əsaslandırma hazırlanandan sonra tikinti dizaynı və texniki tərəfləri müəyyənləşdirən baş planın, həmçinin mühəndislik əməliyyatlarının tərtibi həyata keçiriləcək. Daha sonra isə master-plana uyğun inşaat müddəti açıqlanacaq.
Mütəxəssislərin təxmini hesablamalarına görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkəcək.
Bakı limanının ərazisi daxil olmaqla ətraf sahələrdə azad iqtisadi zonanın yaradılması da nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi infrastrukturu daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə bu məqsədlə Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyənləşdirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb.
Bakı limanının ətrafında Dubaydakına bənzər azad iqtisadi zona modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.
Limanın fəaliyyətindən danışarkən bu infrastrukturun iqtisadi göstəricilərinə də diqqət yetirək. Nazirlər Kabinetinin Milli Məclisə hesabatında bildirilir ki, ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Eyni zamanda respublikamız Orta Dəhlizin təşviqinə öz töhfəsini verib. Belə ki, tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilib. Bununla da hesabat dövründə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb.
Hesabat ilində limandan aşırılmış yüklərin 53 faizi Türkmənistan limanları hesabına olub və ümumi həcm 3 milyon 359 min tona çatıb. Qazaxıstan limanları ilə isə dövriyyə 2 milyon 382 min 956 ton olub, bu isə ümumi dövriyyənin 38 faizini təşkil edib. Digər limanlarla isə yük dövriyyəsi 571 min ton təşkil edib.
Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

