“Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dünən ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilmiş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında səsləndirib. Nəzərə alaq ki, dövlətimizin başçısının bu bəyanatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqlarının getdiyi bir dövrə təsadüf edir.
Deməli, ölkəmizin lideri İrəvana mesaj verir. Təbii, bu mesaj, eyni zamanda, görüşün təşkilatçısı olan ABŞ-a da ünvanlanıb. İndi Ağ ev, necə deyərlər, danışıqların aparıldığı məkanın qapısını, pəncərəsini bərk-bərk bağlamalıdır. Bağlamalıdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aradan çıxmasın.
Bəli, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi kifayət qədər gərgin mərhələyə qədəm qoyubdur, desək, yanılmarıq. Məlum olduğu kimi, haqqında söz açdığımız Vaşinqton prosesinin bir neçə gün, hətta, bir həftə davam edəcəyi bildirilir. Bu isə tərəflərin sülhə gələcəklərinə, yekun sülh müqaviləsinin tezliklə imzalanacağına böyük ümid yaradır. Hərçənd, hər şey gözlənildiyi kimi olmaya da bilər...
Əlbəttə, haqqında söz açdığımız gərginliyin iki qütbü var. Birincisi, Ermənistanın avantürizmi, onun vəziyyətlə barışmaq istəməməsi, 44 günlük müharibənin rüsvayçı nəticələrini minimallaşdırmaq istəyi, Qarabağ ambisiyaları və s. İkincisi, beynəlxalq dairələrin Cənubi Qafqaz siyasi akvatoriyasına marağı, regionda rəqabət aparmaq əzmi. Bu sıraya Qərbin Rusiyanı bölgədən sıxışdırmaq istəklərini də əlavə edə bilərik.
Danışıqların gərginliyini şərtləndirən qeyd etdiyimiz məqamlardır. Bu məqamlar həm də prosesin üç fazasını müəyyənləşdirməkdədir ki, bunlar – Rusiya, Avropa və ABŞ xəttidir. Belə görünür ki, Birləşmiş Ştatlar özünü ənənəvi Qərb xəttindən kənarda tutmağa üstünlük verir. Avropa xəttini xarakterizə edən Avropa İttifaqının təşəbbüsləridir. Mövcud labirintdə müstəqil sülhyaratma missiyası ilə çıxış edən və özünü əvvəlki iki xəttə alternativ qoyan isə Rusiyadır. Yazımızda daha çox bu üç istiqamətin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsindəki, ümumilikdə isə Cənubi Qafqazda sülhün əldə edilməsindəki fəaliyyətinə diqqət yetirəcəyik. Əlbəttə, digər məqamlara da toxunmağı düşünürük.
***
Əvvəla, Rusiyadan başlayaq. Məlum olduğu kimi, 44 günlük müharibənin sona çatmasını təmin edən tərəf, faktiki olaraq, Rusiyadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Moskvanın təşəbbüsü ilə ərsəyə gəldi. Əlbəttə, həmin vaxt Rusiyanın dünyadakı nüfuzu indiki kimi deyildi. Ukraynada müharibə ilə bağlı ehtimallar olsa da, Moskvanın intervensiya potensialı ətrafında söz-söhbətlər başlasa da, dünya Kremldən, belə demək mümkünsə, əlini üzməmişdi.
Üstəlik, əks baxışlara rəğmən, psixoloji anlamda Cənubi Qafqazda Rusiya nüfuzu qəbul edilirdi. Üçtərəfli bəyanat bu nüfuzu bir qədər də möhkəmləndirdi. İş o yerə çatdı ki, Moskvanın həmin sənədin şərtlərinə əsasən tələm-tələsik Qarabağa öz sülhməramlılarını yerləşdirməsi müqavimətlə qarşılanmadı. Hərçənd, demək olmazdı ki, bu gedişat Qərbin, o cümlədən, ABŞ-ın maraqlarına uyğun idi. Belə görünür, beynəlxalq ictimaiyyət müharibənin şokundan ayılmamışdı və Rusiya vəziyyətdən kifayət qədər, bəhrələnməyi bacardı. Dünyaya Cənubi Qafqazın ona məxsusluğuna dair tutarlı mesaj verdi. Hətta, beynəlxalq ictimaiyyətdə Moskvanın sülhyaratma missiyasının səmimiliyi kontekstində də təsəvvürlər formalaşmağa başladı. İstər Avropanın, istərsə də Amerikanın hakim siyasi dairələri bəyanatlar verərək, Kremli Cənubi Qafqazda müharibəyə son qoyduğu üçün təriflədilər də.
Təbiidir ki, həmin vaxt dünyanın başqa seçimi yox idi. Xarici qüvvələr, habelə, ermənipərəstlər Azərbaycanı öz haqlı davasından durdurmağın yollarının olmadığını görmüşdülər. Nəzərə alaq ki, ölkəmizin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsünə müsbət reaksiya verməsi, həm də dövlətimizin başçısının Kreml rəhbərinə şəxsi kontekstdə müsbət münasibətinin nəticəsi kimi də meydana çıxmışdı. Əlbəttə, bu münasibət ölkəmizin milli maraqlarını və haqlarını ikinci plana çıxara bilməzdi və çıxarmadı. Əksinə, Laçın, Kəlbəcər və Ağdam məhz üçtərəfli Bəyanatın şərtlərinə əsasən, bir güllə belə atılmadan geri alındı.
Ancaq sonra nə baş verdi? Əslində, üçtərəfli Bəyanat hüquqi sənəd kimi ciddi əhəmiyyətə malik deyil. O, daha çox müharibəyə son qoyan, atəşkəsi təsbit edən, eyni zamanda yekun sülh müqaviləsinin imzalanması baxımından körpü rolunu oynayan təsirə malikdir. Müharibədən sonra da məhz bu xarakterli daha iki sənəd imzalandı ki, onlar, demək olar, birincinin təkrarı idi. Lakin burada başqa məqamın şahidi olduq. Gördük ki, Rusiya müharibədən sonrakı status-kvonu saxlamaqda maraqlıdır. Yəni, ancaq buna həvəs göstərir, yekun sülhə yox.
Bəli, Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan lidelərinin bir araya gətirilməsinin, eləcə də digər səviyyəli təmasların, əslində, görüntü xarakteri daşıdığı təsdiqləndi. Habelə, məlum oldu ki, Moskva həmin görüşləri keçirməklə, yalnız yeni müharibənin baş verməyəcəyinə əmin olmağı düşünür. Başqa sözlə desək, Rusiya ancaq özünün bölgədəki jandarm funksiyasının təsbit edilməsi üzərinə oyun oynayır. Bu baxımdan isə görünür, rus sülhməramlılarının Qarabağda mövcudluğu faktı kifayət idi.
Kreml səhv etdi. Hadisələrin başqa axarını təsəvvürə gətirmək istəmədi. Nəticə etibarilə, Putinin təşəbbüsü ilə gerçəkləşmiş üçtərəfli görüşlər də əhəmiyətsiz oldu. Görüşlər həm də ona görə əhəmiyyət daşımadı ki, müharibə şokundan ayılmış Ermənistanda, tədricən, öz məvhərinə, yəni, Qərb təmayülünə qayıtma elementləri gücləndi. Təbii, Qərb də Moskvanın Bakı ilə İrəvan arasındakı sülh təşəbbüslərinin nəticəsizliyini gördü və bu cəhət ona müstəqil oyunçu kimi prosesə qoşulmaq şansı yaratdı. Təxminən belə: Rusiya edə bilmirsə, biz edək! Daha doğrusu, Moskva bacarmırsa, biz bacararıq!
Əlbəttə, bu deyimdə ermənipərstlik amili də özünü göstərməyə başladı. Bu yerdə Rusiya ermənipərəstliyi ilə Qərb ermənipərəstliyi arasındakı fərqə toxunaq. Moskva qərbpərəst İrəvan hakimiyyətini öz orbitinə qaytarmaq üçün ona jest edirdisə, müəyyən məsələlərdə dolayısı ilə onun tərəfindən çıxış edirdisə, Qərb ermənipərəstliyi üçün daha ciddi təəssübkeşlik motivləri aktuallaşmaqda idi. Yazımızda bu aktuallığın Azərbaycana işğalçı damğası vurmaq cəhdlərindən də söz açacağıq. Hələlik isə...
***
Bəli, Rusiyanın 44 günlük müharibədən sonrakı status-kvonu saxlamaq cəhdləri həm bölgədə hərbi mövcudiyyət, həm də Ermənistanı öz peykinə daxil etmək məramına söykəndi ki, mövcud amil Qərb tərəfindən məqbul qarşılana bilməzdi. Əvvəla, Qərb böyük enerji sərf edərək 2018-ci ildə Ermənistanda inqilab gerçəkləşdirmişdi və razı olmazdı ki, inqilabın doğurduğu nəticələr sıradan çıxsın. İkincisi isə Rusiyanın Cənubi Qafqazda yalnız hərbi varlığa dayanmış siyasi primitivliyinin müqavimətlə üzləşməsi labüd idi.
Təbiidir ki, Azərbaycan özünün maraqlarını bir an belə kənara qoymadı və Ermənistana üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün təzyiqi gündəmdə saxladı. Üstəlik, ölkəmiz İrəvanın revanşist baxışlarından irəli gələn tədbirlərinə qarşı cəsarətli əks addımlar atdı. Durum Moskva üçün diskomfort yaratmaya bilməzdi. Bu vəziyyət, eyni zamanda, Rusiyanın sülh prosesində səmərəsizliyi ilə bağlı düşüncələrə də yol açdı. Həmin dönəmdə Ukraynada müharibənin başlanmasını və mövcud xüsusda Rusiyanın nüfuzunun aşağı düşməsini də yaddan çıxarmamalıyıq.
Dediyimiz kimi, hadisələr Rusiya sülhyaratma missiyasının real nəticə baxımından passivliyi səbəbindən, Azərbaycan–Ermənistan nizamlanmasının Qərb seqmetninin işə düşməsi reallığını doğurdu. Burada əsas rolu Avropa İttifaqı oynadı. Söhbət Brüssel formatından gedir. Əlbəttə, Rusiya bu formata qarşı olsa da, əvvəlcə ona münasibətdə hər hansı əks fikirlər gündəmə gətirməkdən çəkindi. Yada salaq ki, Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan lidelərinin görüşləri kifayət qədər effektiv alınırdı. Ş.Mişel tərəflərin maraq və mənafelərini uzlaşdırmağı bacarırdı. O vaxtadək ki, ortaya Fransa Prezidenti Emmanuel Makron girdi.
Makron ötən ilin oktyabrında gerçəkləşmiş Praqa Sammitində Aİ Şurasının prezidentinin vasitəçiliyinə, belə demək mümkünsə, şərik çıxdı. Ancaq məlum olduğu kimi, onun hərəkət və davranışları vasitəçilikdən çox tərəfkeşliyə çevrildi. O, Azərbaycanı Ermənistana münasibətdə işğalçı mövqe tutmaqda, Moskvanı isə müttəfiqi İrəvanın maraq və mənafelərinə xəyanətdə günahlandırdı. Hqqında söz açdığımız damğa da məhz budur və vəziyyətin bu şəkil alması Rusiyanın vasitəçiliyin Qərb xəttinə qarşı, necə deyərlər, cəbhə açmasına əsas yaratdı.
E.Makronun patronajlığı ilə Aİ Azərbaycan–Ermənistan sərhədinin Ermənistan tərəfində mülki missiya göndərdi. Baş nazir Nikol Paşinyan isə bəyan etdi ki, ölkəsi danışıqlar masasına yalnız Fransa Prezidentinin də həmin masada olacağı təqdirdə qayıdacaq. Nəticədə, Brüssel prosesi iflasa uğradı. Şarl Mişel isə obrazlı desək, qeybə çəkildi. Bunun qarşılığında Rusiya yenidən aktivləşmək istədi. Lakin onun səyləri heç bir nəticə vermədi. Moskva beynəlxalq ictimai rəyə Qərbi Cənubi Qafqazda vəziyyəti destabilləşdirməkdə ittiham edən bəyanatlardan başqa tutarlı heç nə çıxarmadı. Kreml bu dəfə regiondakı status-kvonu Qərbin səmərəsizliyi görüntüsünə əsasən saxlamaq istədi. Azərbaycan isə dayanmadı...
***
Hazırda Azərbaycan–Ermənistan normallaşmasında ABŞ-ın aktivləşməsi, məhz, yuxarıda sadaladığımız Rusiya və Avropa sülhyaratma missiyasının fayda verməməsindən qaynaqlanır. Belə təəssürat yarandı ki, Birləşmiş Ştatlar həmin vaxtadək prosesi yaxından izləyirdi. Hadisələr, sanki, məşhur şairimiz Abbas Səhətin “Ayı və şir” təmsilindəki kimi ona kənar müdaxilə idi.
ABŞ-ın sözügedən müstəqil iştirakçılığı olduqca həssasdır. Çünki Avropa və Rusiya vasitəçiliyi, belə demək mümkünsə, pusquda dayanıb iflası gözləyirlər ki, təzədən “ovu” ələ keçirsinlər. Bunu Vaşinqton da ciddi şəkildə anlayır və çalışır ki, səhvə yol verməsin. Eyni zamanda mümkün olan hər şeyi edir. Burada Birləşmiş Ştatları Rusiyadan və Avropadan fərqləndirən başlıca xüsusiyyət isə odur ki, o, Azərbaycanın prinsiplərində israrlı olduğunu daha yaxşı dərk edir. Ağ ev onu da yaxşı anlayır ki, hazırkı məqamda Bakı iki ildən artıq bir müddətdə gözləyib.Oyun qaydalarına riayət edib, lakin, haqqı olana çatmayıb. Bunu açıqdan-açığa bildirməsə də, Vaşinqtonun nəzərində Azərbaycanın, hətta, aqressiv ritorikaya əl atması da qanunauyğundur. Bu ritorikanın isə Ermənistanın bir dövlət kimi varlığını şübhə altına alacağı gün kimi aydındır. Yəni, əsl ov İrəvan ola bilər. Əslində Azərbaycan Prezidentinin lap əvvəldə qeyd etdiyimiz fikirləri də gəldiyimiz qənaətin təsdiqidir.
Görünür, Ermənistanın “meşəyə buraxılmış ov donuzu”na çevrilməyə doğru getməsi ABŞ-ın maraqlarında deyil. Ona görə onu yola gətirməkdə əzmli görünür. Bunun yeganə yolu isə səmimiyyət nümayişindən keçir. Yəni, hazırda Amerika səmimiyyəti İrəvanı razı salmaq potensialının məntiqi nəticə doğurması üçün səfərbər olmalıdır. Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasındakı danışıqların müddətinin uzanması buna görədir.
Yeri gəlmişkən, Birləşmiş Ştatların təcrübəsində ölkədə aparılan danışıqların günlərlə davam etməsinə və pozitiv nəticənin əldə olunmasına rast gəlinib. Bu baxımdan çox da keçmişə qayıtmağa ehtiyac yoxdur. Söhbət Deyton sazişindən gedir. O sazişdən ki, 1991–1995-ci illərdə keçmiş Yuqoslaviya ərazisində – Bosniyada vətəndaş müharibəsinə, həmçinin Xorvatiyadakı müharibəyə son qoymuşdu. Tərəflər 1995-ci ilin noyabrında ABŞ-ın Deyton şəhərində bir neçə günlük danışıqlar gedişində razılaşmışdılar. Bundan sonra, 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən yekun sülh sazişi imzalanmışdır.
Ümid edək ki, tarix təkrarlanacaqdır. Onu da nəzərə alaq ki, bu təkrarlanma Birləşmiş Ştatlar üçün Cənubi Qafqazda hakim mövqe qazanmaq baxımından son dərəcə önəmlidir. Yəqin ki, Vaşinqton şansı qaçırmaq istəməz.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

