Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) təşkilatçılığı, Koreya Respublikasının hakim Xalqın Gücü Partiyasının və müxalif “Minjoo” (Demokratik) Partiyasının birgə evsahibliyi ilə aprelin 30-dan mayın 3-dək Koreya Respublikasının Busan şəhərində ICAPP Daimi Komitəsinin 39-cu iclası və İCAPP Biznes Şurasının birinci iclası keçirilib.
Mayın 1-də təşkilatın hazırkı fəaliyyətinə və gələcək planlarına dair müzakirələrin aparıldığı Daimi Komitənin 39-cu iclasında ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq ötən il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və evsahibliyi ilə Bakıda "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda ICAPP-ın xüsusi konfransının uğurlu təşkilinə görə bir daha təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən konfrans iştirakçılarına məktubun ünvanlamasını tədbirin əhəmiyyətinə verilən yüksək qiymətin bariz göstəricisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının əməkdaşları da iştirak ediblər. Onlar çıxışlarında YAP-ın təşəbbüsünə göstərdiyi dəstəyə görə ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda iştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizənin, habelə təmiz və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin əhəmiyyətinin vurğulandığı Busan Bəyanatı qəbul edilib.

