Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli Fərman imzalayıb. Dövlətimizin başçısı sənəddə Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma, həmçinin taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, eyni zamanda, göstərilən xidmətlərin təhlükəsizliyinin, habelə keyfiyyətinin yüksəldilməsi məsələlərini qarşıya önəmli vəzifə kimi qoyub.
Fərmanla Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Sənədə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin həmin quruma qoşulması formasında yenidən təşkil edilməsi nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak isə adı çəkilən agentliyin balansına verilir.
Fərmanla Nazirlər Kabinetinə normativ hüquqi aktların təkmilləşdirilməsi və agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təklifləri nəzərdə tutulan vaxt ərzində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın agentliyin balansına verilməsini üç ay müddətində gerçəkləşdirmək, agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görmək, eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinə agentliyin yenidən təşkilini, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılır.
Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, aprelin 19-da Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən, şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb.
Sərəncamla rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasının sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.
Sənədlə Nazirlər Kabinetinə bir ay müddətində şuranın əsasnamə layihəsi ilə bağlı təklifləri və şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru
Dövlət başçısının paytaxtımızın inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanı, eyni zamanda, Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı sərəncamı mühüm əhəmiyyəti ilə diqqət çəkir. Yeri gəlmişkən, etiraf edək ki, nəqliyyat sektorunda bu günə kimi, bir sıra həllini gözləyən problemlər mövcuddur və ölkə Prezidentinin imzaladığı adları çəkilən sənədlər həmin çətinliklərin aradan qaldırılması, bu sahədə dönüşün yaradılması, sözügedən sektorun inkişafının gerçəkləşdirilməsi məqsədi daşıyır.
Uzun illər ərzində mövcud sistemin yenidən qurulması, müasirləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə çoxsaylı layihələr reallaşdırılıb. İstər yükdaşımada, istərsə də müxtəlif nəqliyyat vasitələri ilə əhaliyə xidmət göstərilməsində yüksək keyfiyyət göstəricilərinə nail olunub. Əlbəttə, bu məsələdə avtomobil nəqliyyatı parklarının yenilənməsi, xidmət prosesində təhlükəsizliyin təmin olunması və yol infrastrukturunun müasir səviyyədə qurulmasına xüsusi önəm verilib.
Bütün bunlara baxmayaraq, sözügedən sistemdə görüləsi işlər də çoxdur. Məsələn, hazırda həm paytaxt ərazisində, həm də regionlarımızda avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Bundan başqa, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin nizama salınmasında müəyyən çatışmazlıqlar böyük narahatlıq doğurur. Şübhəsiz ki, hər iki tərəfdə göstərilən xidmətlər baxımından müəyyən nöqsanlar da nəzərə çarpır və bu, təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi məsələlərinin həllini zəruri edir.
Bütün bunlara əsasən, deyə bilərəm ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası səmərəli fəaliyyəti ilə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətini və əhalinin mobilliyini təmin edəcək, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsinin daim diqqətdə saxlamaqla, ölkəmizin iqtisadiyyatının daha da güclənməsinə, əhalinin sosial şəraitinin daha da yaxşılaşmasına önəmli töhfə verəcək.
Yeri gəlmişkən, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət nəticəsində son illərdə bu sahə uğurla inkişaf edib. Yol infrastrukturu yenilənib. Yol hərəkətinin təşkilinə gəldikdə isə nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsi daim yenilənib, bu istiqamətdə bir sıra mühəndis və təşkilati tədbirlər reallaşdırılıb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


