Beynəlxalq yükdaşımada mühüm əhəmiyyət daşıyan Orta Dəhliz son illər Avrasiya məkanında cərəyan edən siyasi proseslər, xüsusən də Rusiya–Ukrayna müharibəsi fonunda cəlbediciliyini getdikcə artırır. Dəhliz boyunca vahid tarif, “bir pəncərə” prinsipinin tətbiqi, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropa və Asiya ölkələri, eləcə də yükdaşıma sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər üçün son dərəcə əlverişlidir. Orta Dəhlizin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər.
Məlum olduğu kimi, Orta Dəhlizin funksionallığının artmasında Azərbaycan və Gürcüstan da mühüm rol oynayırlar. Ötən müddətdə dost və qonşu ölkələrdə yaradılmış siyasi sabitlik və lazımi qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadələşdirilməsi, ən başlıcası məsafənin qısalığı və s. amillər Orta Dəhlizdən yaralanmaq istəyən beynəlxalq yükdaşıma şirkətlərinin sayının xeyli artmasına səbəb olub.
Hazırda hər iki ölkədə Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə yol-nəqliyyat infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Elə aprelin 7-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən təkbətək görüşdə də yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulanaraq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyət xüsusi qeyd olunub. Görüşdə, həmçinin Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu baxımdan birgə səylərin göstərilməsinin vacibliyi qeyd olunub.
Yeri gəlmişkən, 2022-ci ildə TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi marşrutu ilə 3,9 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 41 faiz çoxdur. Bununla belə, istər Azərbaycanda, istərsə də Gürcüstanda Orta Dəhlizin genişləndirilməsi üçün imkanlar çoxdur.
Bu amil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatlarında da öz əksini tapıb. Gürcüstan və Azərbaycanın Orta Dəhlizdə birgə uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdıran Prezident İlham Əliyev növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımların atılacağını bildirib: “Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”.
Hazırda Azərbaycanın nəqliyyat-logistika sahəsində strateji tərəfdaşı olan Gürcüstanda da Orta Dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Elə dost və qonşu ölkənin hökumət başçısı İrakli Qaribaşvilinin mətbuata bəyanatında səsləndirdiyi fikirlər də onu deməyə əsas verir ki, ötən müddətdə enerji və nəqliyyat sahələrində bir sıra önəmli layihələr reallaşdıran Azərbaycan və Gürcüstan Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi istiqamətində də birgə səy göstərəcəklər. Belə ki, ölkələrimizin Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışdıqlarını vurğulayan Baş nazir İ. Qaribaşvili deyib: “Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir”. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik”. Onun fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişləndirilməsi Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb olunmasına imkan yaradacaq.
Artıq adıçəkilən dəhlizin mühüm seqmentlərindən sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin genişləndirilməsinə başlanılıb. Ölkəmiz bu məqsədlə 120 milyon dollardan çox investisiya ayırıb. Genişləndirmə işlərinin gələn il başa çatdırılması nəzərdə tutulur. Bununla da, adıçəkilən dəmir yolunun illik yük dövriyyəsinin həcmi 1 milyon tondan 5 milyon tona yüksələcək.
Orta Dəhlizin fəaliyyətinə əlavə güc qatan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı da əhəmiyyəti ilə seçilir. Ötən il liman vasitəsilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb. Bununla belə yaxın perspektivdə limanın imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək genişləndirmə işlərindən sonra limanın ötürücülük qabiliyyəti 15 milyon tondan 25 milyon tona yüksələcək.
Qeyd edək ki, Orta Dəhlizin əhəmiyyəti və ölkəmizin bu layihədə uğurlu iştirakı beynəlxalq arenada da bəyənilir, təqdir edilir. Amerika Birləşmiş Ştatları ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman bu yaxınlarda bildirib ki, Orta Dəhliz regionda ticarətin inkişafına böyük imkanlar yaradacaq və buna görə də dəhlizin müvəffəqiyyətli olması üçün ölkəsi bütün səylərə dəstək veriləcəkdir. Onun fikrincə, dəhliz boyu yerləşən bütün ölkələr bu imkandan faydalanacaq və regionun inkişafına stimul verəcək.
Elə Dünya Bankı (DB) da Orta Dəhliz çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bankın Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib ki, təmsil etdiyi qurum Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontekstində, həmçinin Çindən Avropaya yük daşımalarını həyata keçirməyə imkan verən Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir. O bildirib ki, DB-nin Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramlar tələb olunan və aktual sferaları əhatə edir ki, onlardan biri də Orta Dəhlizin inkişafıdır.
Göründüyü kimi, Azərbaycan və Gürcüstanın beynəlxalq dəstək qazanmış Orta Dəhlizdə birgə iştirakçılığı hər iki ölkənin nəqliyyat-logistika imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığa və tranzit daşımalara da mühüm töhfələr verir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

