Strateji tərəfdaşlıq, qlobal çağırışlar, potensial imkanlar

post-img

Qazaxıstan və Azərbaycan arasında son illərdə yüksək səviyyədə olan siyasi münasibətlər ticari-iqtisadi tərəfdaşlığın inkişafı ilə daha da möhkəmləndirilir. Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz əlaqələrini uğurla inkişaf etdirirlər. İki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında bəyannamənin imzalanması bunun parlaq təzahürüdür.

Bütün bunlar haqqında aprelin 10-da Astanada prezidentlər İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşlərində ətraflı bəhs edilib. Həmçi­nin 2022-ci ildə qarşılıqlı ticarət dövriy­yəsinin həcminin 2021-ci illə müqayisə­də 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dollara çatdığı, bu göstəricilərin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında kompleks proqramın icrası ilə daha da yüksələ­cəyinə inam ifadə olunub.

Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində keçirilən görüşlər­də energetika sahəsində əməkdaşlığın inkişafından da danışılıb. Ötən il “SO­CAR” və “KazMunayQaz” şirkətləri ara­sında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığında irəliləyiş kimi dəyərləndirilib. Cari ilin martından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından hasil edilən neftin nəqlinə başlanılıb. Aprel ayında isə BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılıb.

Görüşlərdə hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi də vurğulanaraq bərpaolu­nan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə edilib. Həm­çinin nəqliyyat-logistika əlaqələrinin in­kişafı, Çin və Mərkəzi Asiya ölkələrin­dən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəa­liyyətin əhəmiyyətindən söhbət açılıb.

Yeri gəlmişkən, son dövrdə iki ölkə arasında Orta Dəhlizin inkişafı məsələ­sinin müzakirəsi də önəmli yer tutur. Xatırladaq ki, Prezident İlham Əliyev bundan əvvəl qazax həmkarı ilə söh­bətində bu mövzuya münasibət bil­dirərək, Orta Dəhlizin inkişafı ilə bağlı məsələlərin zamanın hökmü olduğunu, bunun həm Qazaxıstan, həm də Azər­baycan üçün böyük əhəmiyyət daşıdı­ğını qeyd edib, eyni zamanda, belə bir müasir nəqliyyat infrastrukturunun ya­radılmasının təsadüfdən irəli gəlmədi­yini bildirib: “Orta Dəhliz nəqliyat-logis­tika sistemi çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. La­kin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqla­rında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq”.

Onu da diqqətə çatdıraq ki, respub­likamızın nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının ye­nidən qurulması ilə bağlı layihələr hə­yata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü pi­yada keçidləri inşa olunub. Şərq-Qərb və Şimal-Cənub kimi iri nəqliyyat dəh­lizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçək­ləşdirilib.

 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevi­rib. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tran­zit təxminən 65 faiz artıb.

Azərbaycan Şərq-Qərb və Şi­mal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını da fəal şə­kildə təşviq edir. 

Ölkəmizin tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəh­lizlərindən səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması Azərbay­canın imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütöv­lükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib.

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tran­zit potensialının reallaşdırılması mü­hüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyya­tımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zaman­da, nəqliyyat, infrastruktur və logis­tika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını ge­nişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl in­vestisiyalar artıb. Ölkə regional əhə­miyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat