“Yeni əsrin müqaviləsi” üzrə hazırlıq işləri yekunlaşır

post-img

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasından 5 il yarım vaxt ötür. “Yeni əsrin müqaviləsi” adlandırılan həmin sazişlə AÇG yataqlar blokunun işlənməsi 2049-cu ilədək uzadılıb. Artıq “Yeni əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma işləri finişə yaxınlaşır. 

Aprelin 4-də Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev Bayıl tikinti-quraşdırma sahəsində “Azəri–Mərkəzi–Şərqi” (ACE) platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Burada dövlət başçısına layihə çərçivəsində görülmüş ümumi işlər, o cümlədən ACE platforma­sının üst modullarının texniki imkanaları barədə ətraflı məlumat verilib. 

Xatırladaq ki, “Yeni əsrin müqavilə­si” 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan hö­kumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən Bakıda imzalanıb. Həmin il oktyabrın 31-də saziş Azərbay­can Respublikasının Milli Məclisi tərə­findən ratifikasiya olunub. Bununla da, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənilməsində yeni dövr başlanıb. 

Saziş qüvvəyə mindikdən dərhal son­ra SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsə­dilə mühəndis-layihə işlərinin irəli aparıl­ması haqqında razılaşma əldə edilib. ACE layihəsi üzrə yekun investisiya qərarı isə 2019-cu ilin aprel ayında qəbul olunub. 

Yeri gəlmişkən, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənməsinin növbəti, həlledici mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (ACE) adlandırılan layihə­nin ümumi dəyəri 6 milyard dollar təşkil edir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gü­cündə digər qurğular daxildir. İstismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnoz­laşdırılır. 

ACE layihəsi dənizin, təxminən, 140 metr dərinliyində, mövcud “Mərkəzi Azə­ri” və “Şərqi Azəri” platformalarının ara­sında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılmasını əhatə edir. Layihəyə, həmçinin yataq­daxili yeni sualtı boru kəmərlərinin, eləcə də laya vurulan suların nəqli məqsədilə suvurma boru xəttinin tikintisi daxildir. 

ACE platforması Səngəçal termi­nalından, yəni, uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomat­laşdırmaları daxil edilib və Səngəçal ter­minalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. Bu, həm də BP şirkətinin dün­yada ilk dəfə tətbiq etdiyi uzaq məsafə­dən idarə olunan platformasıdır. 

Layihə çərçivəsində tikinti işlərinə 2019-cu ilin sonlarında başlanıb. Əsas ti­kinti-quraşdırma işləri Bakı Dərin Özüllər Zavodunda və Bayılda yerləşən tikinti-qu­raşdırma sahəsində həyata keçirilib. ACE platformasının dayaq bloku “BOS Shelf” şirkəti tərəfindən inşa edilib. Dayaq blo­kunun çəkisi 16 min ton, hündürlüyü isə 153 metrdir. Bu qurğuya suvurma, neft və qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Sözügedən qurğunun də­nizə yola salınması prosesinə 2022-ci il dekabrın 13-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti sahəsində start verilib. Bütün istismar sınaqlarından sonra da­yaq bloku bu il martın 16-da dənizə yola salınıb. Artıq blok suyun 137 metr dərinli­yində öz daimi yerinə quraşdırılıb. 

ACE platformasının üst modullarına isə neft və qaz emalı qurğuları, inteqra­siya edilmiş qazma qurğusu, qaz kom­pressoru və yaşayış blokları daxildir. “Azfen” şirkəti tərəfindən inşa edilmiş modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur. Layihə çərçivəsində nəzər­də tutulmuş neft, qaz, və suvurma ixrac boru kəmərlərinin quraşdırılması da artıq başa çatdırılıb. Xatırladaq ki, dənizin dibi ilə çəkilmiş 6 və 12 kilometrlik kəmərlər mövcud AÇG sualtı ixrac boru kəmərləri ilə birləşdiriləcək. 

Bütövlükdə isə, tikinti işlərinin və is­tismar sınaqlarının bu ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənərək dənizə göndəriləcək və dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birin­ci quyunun qazılmasına başlanacaq. 

Elman İSKƏNDƏROV, 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft-qaz-mə­dən fakültəsinin dekanı, texnika elmləri doktoru, professor:

– Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası Azərbaycanı dünya­nın enerji təhlükəsizliyinə töhfə verən ölkəsinə çevirib. Bu tarixi uğurun təməli isə 1994-cü ildə Bakıda dün­yanın müxtəlif ölkələrini təmsil edən aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. 

XX əsrin nəhəng neft sazi­şi müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün son dərəcə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyırdı. Hər şeydən əv­vəl, müstəqil iqtisadi siyasət yeridən ölkəmiz özünün yeraltı və yerüstü sərvətlərinin əsl sahibi olduğunu bütün dünyaya bəyan etdi. Bunun­la yanaşı, ulu öndər Heydər Əliyev dünyanın aparıcı neft şirkətlərini gənc suveren Azərbaycan Respub­likasında siyasi sabitliyin və əlverişli investisiya mühitinin mövcudluğuna inandırmağı bacardı.

“Əsrin müqaviləsi” istər karbo­hidrogen ehtiyatlarının miqdarına, istərsə də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biri idi. Onun uğurla reallaşdırılması isə, öz növbəsində, ölkəmizə xarici investisiya axınını xeyli sürətləndirdi. Bunun nəticəsi olaraq sonralar ölkəmizin neft-qaz ehtiyatlarının xarici şirkətlərlə bir­gə işlənilməsinə dair yeni sazişlərə imza atıldı. “Şahdəniz” yatağı isə Azərbaycanı dünyanın potensi­al qaz ixrac edən ölkəsinə çevirdi. Ötən müddətdə ölkəmizin neft və qazın satışından əldə etdiyi gəlirlə­rin məbləği kəskin artdı. 

Məlum olduğu kimi, müqavilənin əhatə etdiyi “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun zənginliyi 2017-ci ildə Azərbaycana daha bir strateji la­yihəyə imza atmağa imkan yaratdı. “Yeni əsrin müqaviləsi” adlandırılan saziş çərçivəsində Azərbaycan iqti­sadiyyatına 40 milyard dollar investi­siya qoyulacaq. Bu, neft sektorunun inkişafı baxımından vacib olmaqla yanaşı, neft sektoruna yardımçı sahələrin inkişafını stimullaşdırmaq baxımından mühüm əhəmiyyət da­şıyır. 

Eyni zamanda “Yeni əsrin müqa­viləsi” ölkəmiz üçün daha əlveriş­lidir. Belə ki, Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi sayılan “Əsrin müqaviləsi”nin da­vamı olan bu saziş ölkəmizin ma­raqlarını tam təmin edir. Hər şey­dən əvvəl qeyd etmək lazımdır ki, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Ən əsası isə, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bundan əlavə, bey­nəlxalq tərəfdaş şirkətlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bo­nus ödəniləcək. Beləliklə, ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 fa­izə yüksələcək. Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

elman.jpg

İqtisadiyyat