Türk dövlətlərinin sadələşdirilmiş gömrük dəhlizi yaradılır

post-img

Milli Məclisin 4 aprel 2023-cü il plenar iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış saziş təsdiq olunub. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. 

Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra oluna­caq. Bu layihə dəhlizin reallaşdırılma­sını şərtləndirəcək. 

Türk Dövlətləri Təşkilatı (TDT) hö­kumətlərinin gömrük orqanları arasın­da malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat müba­diləsini asanlaşdırmaq məqsədilə təs­diqlənən saziş türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətin­də daha bir önəmli addım hesab olu­nur. Belə bir layihə sayəsində təşkilata üzv hökumətlər arasında daşınan mal­lar və nəqliyyat vasitələri haqqında mə­lumatların elektron şəkildə mübadiləsi nəzərdə tutulur. 

Milli Məclisin deputatı Vüqar Bay­ramovun sözlərinə görə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Tək­cə ötən il Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 mil­yard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlməsi faktı da bunun bariz ifadəsidir. 

Deputatın bildirdiyinə görə, ötən il Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyə ötən il əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 mil­yon 486 min dollaradək yüksəlib. Türk­mənistan ilə həmin göstərici üzrə 5,1 dəfə artım qeydə alınıb və 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. Özbəkistan ilə ticarətdəki 64 faizlik artım birgə dövriyyənin 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artı­rıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyə­sində artım qeydə alınıb. İki dövlət ara­sındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyə isə ötən il 6 milyard dollara yaxınlaşıb. 

Ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı mü­nasibətlərin son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın Vətən mühari­bəsində əldə etdiyi tarixi zəfərdən son­ra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yük­səlməsi proqnozlaşdırılır. 

Xatırladaq ki, türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə türkdilli döv­lətlərin xalqları arasındakı tarixi bağla­ra, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, “Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sa­zişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.

Türk Dövlətləri Təşkilatının Baş ka­tibi qazaxıstanlı Bağdad Amreyevdir. Təşkilatın katibliyi İstanbulda yerləşir. Ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Döv­lətləri Təşkilatı olub və səmərəli bey­nəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Ayhan SATICI,

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin Türk Dünya­sı Araşdırmaları Mərkəzinin rəhbəri: 

– “Türk Dövlətləri Təşkilatı hö­kumətləri arasında sadələşdirilmiş göm­rük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlət­lərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqın­da” sazişlərin təsdiq edilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətini artırır. Regionda baş verən yeni geosiya­si və geoiqtisadi reallıqlar çərçivəsində, 2020–2021-ci illərdə Orta Dəhliz üzrə yük daşımaları 350 min tondan 530 min tona qədər artıb. Gömrük dəhlizinin ya­radılması isə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında sürətli yük da­şımalarına, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artı­ma gətirib çıxaracaq.

TDT hökumətləri arasında bey­nəlxalq kombinə edilmiş yük daşıma­larının icra edilməsi regionda nəqliyyat əməliyyatlarını asanlaşdırmaq üçün mühüm addımdır. Təşkilat ölkələri ara­sında yük daşımaları prosedurlarının asanlaşdırılması ilə yanaşı, Orta Dəhliz boyunca əməkdaşlığın inkişafına, nəq­liyyat, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılmasına səbəb olacaq. Bu da, öz növbəsində, TDT ölkələri arasın­da, həmçinin marşrut boyunca tranzit potensialının artmasına və bu prosesdə iştirak edəcək ölkələrin regional və bey­nəlxalq nəqliyyat sistemlərinə inteqrasi­ya etməsinə töhfə verəcək.

Azərbaycanın bu proseslərdə fəal şəkildə iştirak etməsini yalnız qəbul edilən qanun layihələri ilə deyil, Zən­gəzur Dəhlizi boyunca sürətlə aparılan işlərlə də müşahidə etmək mümkündür. Çünki Zəngəzur Dəhlizi də Orta Dəhliz üzrə Cənubi Qafqazdan keçən marşru­tun diversifikasiyasına və türk dövlətləri arasında coğrafi baxımdan bağlantısına xidmət edir.

TDT ölkələri arasında Telekommu­nikasiya İnfrastruktur İndeksi (Tİİ) və İnsan Kapitalı İndeksi (HCİ) üzrə göstə­ricilər kifayət qədər yüksəkdir. Bu kimi sahələrdə yüksək göstəricilərə malik ölkələrdə elektron məlumat mübadiləsi, gömrük prosedurlarının asanlaşdırılma­sı, elektron ticarət qovşaqlarının yara­dılması, xidmət və investisiya sektorları üzrə azad ticarət razılaşmalarının əldə edilməsi və ümumilikdə iqtisadi əmək­daşlığın dərinləşdirilməsi daha məqsə­dəuyğun hesab olunur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

ayhan9.jpg

İqtisadiyyat