Ukraynada döyüşlər səngimir

post-img

Dünən Ukraynada hərbi vəziyyət gərgin olaraq qalıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna ordusunun Donetskin Seversk rayonu istiqamətində hücumunun qarşısı alınıb. “İnterfaks.ru” bildirir ki, bu istiqamətdə Rusiyanın “Cənub” qoşun birləşməsinin hava və artilleriya zərbələri ilə Ukraynaya məxsus iki zirehli maşın, bir tank, dörd nəqliyyat vasitəsi və digər texnikalar sıradan çıxarılıb, 80 hərbçi məhv edilib.

Ukrayna tərəfinin məlumatında isə bildirilir ki, ölkənin Silahlı Qüvvələri Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında uğurlu əks-hücum həyata keçirib və Avdeyevkanın 17 kilometrli­yində, Novoselovkanın şimal-qərbindəki mövqeləri geri alıb. Məlumatı ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu da təsdiq edib. Rusiyanın Baxmut istiqamə­tində hücumları da davam edir. 

UNİAN-ın məlumatına görə, Rusiya qüvvələrinin atəşləri nəticəsində dünən 4 ukraynalı dinc sakin həlak olub, 14 nəfər yaralanıb. Ukrayna Müdafiə Na­zirliyindən bildirilib ki, ölkənin 8 vilayəti atəşə məruz qalıb. Rəqib tərəf qumba­raatanlardan, minaatanlardan, tankdan, artilleriyadan, plotsuz aparatlardan, tak­tiki aviasiyadan istifadə edib. Ümumilik­də, 92 yaşayış məntəqəsi atəşə tutulub, 75 infrastruktur obyekti dağıdılıb.

Ukrayna Prezidenti Volodimir Ze­lenski isə dünən Varşavada səfərdə olub. Burada o, Polşanın qədim və ali ordeni olan “Ağ Qartal”la təltif edilib. Ordeni Zelenskiyə Polşa Prezidenti Anjey Duda Varşava Kral Qalasında keçirilmiş rəsmi görüşdə təqdim edib. Polşa lideri deyib ki, Zelenski Polşa və Ukrayna arasında münasibətlərin dərinləşdirilməsindəki xidmətlərinə, in­san hüquqlarının müdafiəsi, təhlükəsiz­lik və davamlılıq sahəsində fəaliyyətinə görə mükafatlandırılıb.

Ukrayna Prezidenti ofisinin rəhbəri Mixail Podolyak isə “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, ölkəsi Rusiya ilə sülh danışıqları masasına yalnız rus qoşunlarının diplomatik yolla Krımdan çıxmasından sonra otura bilər. Onun sözlərinə görə, Rusiya ordusu Ukray­nadan çıxdıqdan sonra qarşılıqlı təh­lükəsizlik təminatı haqqında danışmaq mümkündür.

Dünən, eyni zamanda sabiq dövlət katibi Mayk Pompeonun başçılığı ilə ABŞ-ın siyasətçilərdən, biznes və xey­riyyə təşkilatları təmsilçilərindən ibarət nümayəndə heyəti Ukraynada olub. Onların əsas məqsədi bərpa və ölkə­nin gələcək inkişafı məsələlərini müza­kirə etməkdir. Son məlumatlara görə, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım tranşı 2,6 milyard dollar təşkil edəcək.

Dünən Çinə səfər edən Fransa Pre­zidenti E.Makron da Ukraynada sülh ya­radılmasını müzakirə edib.

 

Tural İSMAYILOV, 
politoloq:

– Hazırda Rusiyanın aqressiv hü­cumları qarşısında Ukraynanın müda­fiə qabiliyyətinin gücləndiyi müşahidə edilir. Ukrayna ölkəyə qarşı aramsız hücumlar fonunda özünün silah-sur­sat arsenalını da zənginləşdirir. Özəl­liklə Qərbin və NATO-nun Kiyevə ciddi dəstək verdiyini görürük. 

Son vaxtlar kiçik Baxmut qəsəbəsi ətrafında Rusiya ordusunun hələ də hansısa uğur əldə edə bilməməsi Uk­raynanın məhz müdafiə qabiliyyətinin daha da gücləndiyini söyləməyə əsas verir. 

Eyni zamanda Ukraynada bir ten­densiya kimi diqqəti cəlb edən xalq–hakimiyyət birliyi, həmçinin ölkə əha­lisinin tamamilə Prezident Volodimir Zelenski və komandasının ətrafında tək yumruq kimi olmasıdır ki, bu da iş­ğala və qəsbkarlığa qarşı mübarizədə Ukraynanın necə mükəmməl bir örnək yaratdığını göstərir. Bununla bərabər hesab edirəm ki, Ukrayna bu gün 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda hökm sürən xalq–iqtidar birliyinın nümunələrini özündə əks etdirir.

Məhz Azərbaycan nümunə götü­rülərək, bu gün Ukraynada da daxili is­lahatlar baxımından önəmli işlər həya­ta keçirilir. Yəni, Ukrayna bu gün bütün dağıntılar, fəlakətlər, işğal və qəsblərə rəğmən ayaq üstündədir, ölkəyə qarşı həyata keçirilən bir çox proseslərdə kifayət qədər güclü müqavimət forma­laşdıra bilib. 

Eyni zamanda Ukraynanın yaz aylarında əks-hücum əməliyyatları­na başlayacağı ilə bağlı qənaətlər mövcuddur. Hesab edirəm ki, Ukray­na Rusiyanın Baxmut ətrafında uzun müddət davam edən passivlik və uğursuzluğundan istifadə edərək, çe­vik əks-hücum həmlələri həyata keçirə biləcək. Odur ki, hazırda Ukrayna or­dusunda uğurlu əks-hücum əməliyyat­ları üçün ciddi hazırlıq getdiyini zənn edirəm.

Bütün bunlarla yanaşı, Ukraynanın Rusiya ilə müharibənin dayandırılma­sı üçün konkret tələbləri var. Ölkə öz ərazilərində qanunsuz işğalçı birləş­mələrin olmasını əsla qəbul etmir və hesab edirəm ki, Rusiya tərəfindən irəli sürülən sülh təkliflərinə və uza­dılan sülh əlinə Ukraynanın yeganə cavabı sabit qalacaq: bu da Rusiyanın işğalçı qüvvələrinin dərhal ölkə ərazi­sini tərk etməsidir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

tural11.jpg

Sosial həyat