Azərbaycan “yaşıl” ixracatda tranzit ölkə ola bilər

post-img

Son illər “yaşıl enerji”yə keçid kimi xarakterizə olunan qlobal enerji siyasəti öz aktuallığını getdikcə artırır. Azərbaycanı özünün enerji sahəsində fəal tərəfdaşı hesab edən Avropa İttifaqı ölkələri yaxın perspektivdə mədən yanacağından tədricən “yaşıl enerji”yə keçməyi planlaşdırırlar. Bu məqsədlə ən müasir texnologiyaların tətbiqi ilə mövcud potensial hərəkətə gətirilir, alternativ və bərpaolunan enerji istehsalı artırılır. 

Yeraltı enerji ehtiyatları ilə zəngin olan Azərbaycanın da alternativ və bərpaolunan enerji sahəsində potensi­alı yüksəkdir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında mü­hüm rol oynayan Xəzər regionu, həm də “yaşıl enerji” ehtiyatlarının zəngin­liyi ilə seçilir. Belə ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavat həcmində qiymətləndirilir. Bununla yanaşı, ölkəmizin quruda 27 qiqavat külək enejisi potensialı mövcuddur. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş əraziləri də zəngin alter­nativ və bərpaolunan enerji ehtiyatları­na malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev düşməndən geri alınan torpaqlarımızda 10 min kvadratkilo­metr ərazini “yaşıl enerji” zonası elan edib. Bütövlükdə isə, Azərbaycanda 200 qiqavat həcmində alternativ və bərpaolunan enerji potensialı mövcud­dur. Bu da ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçısına çevrilməsinə imkan yaradır. 

Artıq Azərbaycanda alternativ və bərpaolunan enerji sahəsində mühüm layihələr həyata keçirilir. Elə “Azərbay­can 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi əhəmiyyətli yer alıb. Belə ki, Azərbaycanın ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. 

Azərbaycanın “yaşıl enerji” poten­sialı, ölkədə yaradılmış əlverişli biznes mühiti xarici investorların da bu sahəyə marağını getdikcə artırır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Səu­diyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gü­cündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının tikintisi sürətlə davam etdirilir. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Qa­radağ” Günəş Elektrik Stansiyasının tikintisinə başlayıb. Bu stansiyaların işə düşməsi nəticəsində ildə təxminən, 1,4 milyard kilovat-saat elektrik ener­jisinin istehsalı ilə yanaşı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət ediləcək. Eyni zamanda, 600 min tona yaxın karbon qazı tullantısının atmos­ferə atılmasının qarşısı alınacaq. 

Məlum olduğu kimi, Avropa İtti­faqı ölkələri yaxın gələcəkdə karbon yanacaq növlərini “yaşıl enerji” ilə əvəz etməyi planlaşdırırlar. Qeyd et­diyimiz kimi, bu sahədə zəngin po­tensiala malik ölkələrdən biri də Azər­baycandır. Demək, ölkəmiz “yaşıl” potensialını hərəkətə gətirmək üçün müasir stansiyaların inşası ilə yana­şı, ixrac infrastrukturunun yaradılması sahəsində də zəruri tədbirlər həyata keçirməlidir. Artıq bu sahədə lazımi hüquqi baza yaradılır, müvafiq anlaşma sənədləri imzalanır. Elə Azərbaycanın “yaşıl enerji” potensialının Avropa üçün yeni imkanlar açacağını bildirən Prezi­dent İlham Əliyev də son illər keçirilən bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərdə bu vacib məsələyə dəfələr­lə münasibət bildirib, ölkəmizin mövcud imkanlarından bəhs edib. Ötən ilin de­kabr ayında Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağ­lı əldə olunmuş razılaşma bu sahədə atılmış ilkin addım kimi diqqət çəkir. Hazırda layihə texniki-iqtisadi əsas­landırma mərhələsindədir. Layihənin maliyyələşdirilməsində isə Avropanın aparıcı maliyyə institutlarının yaxından iştirakına ümidlər böyükdür. 

Yeri gəlmişkən, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin keçdiyi Azər­baycanın, həm də gələcəkdə “yaşıl enerji” ixracı üçün tranzit ölkəyə çev­rilməsi imkanı olduqca yüksəkdir. Bu baxımdan Xəzərin o tayında yerləşən Türkmənistanın alternativ və bərpao­lunan enerji ehtiyatlarının nəqli üçün ölkəmizin ərazisi ən etibarlı marşrut hesab oluna bilər. Ekspertlər hesab edirlər ki, əhalisi 6 milyondan bir qədər çox olan Türkmənistan ərazisinin 80 faizinin səhralıq və çöllüklərdən ibarət olması buranı günəş panellərinin qu­raşdırılması üçün ideal bir məkana çevirir. Belə ki, bu ölkənin “yaşıl” ehti­yatlarını Xəzər dənizinin dibi ilə sualtı kabel çəkilməklə Avropaya nəql etmək olar. 

Göründüyü kimi, bu gün uğurlu enerji siyasəti həyata keçirən Azərbay­can Avropanın enerji bazarında əsas təchizatçı kimi tanınır. Ötən müddətdə əldə olunan yüksək təcrübə ölkəmizin yaxın gələcəkdə “yaşıl enerji” sahəsin­də də əsas tərəfdaşa çevrilməsinə im­kan yaradacaq. 

 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

2022-ci ilin yekunlarına görə, beş Xəzəryanı ölkənin arasında alternativ və bərpaolunan enerji istehsalı sahə­sində ən yaxşı nəticə Rusiya Federa­siyasına məxsusdur. Belə ki, ötən il bu ölkədə küləkdən və günəş panellərin­dən 5,4 milyard kilovat-saat elektrik enerjisi hasil edilib. Qazaxıstanda bu göstərici 5,1 milyard kilovat-saat təşkil edib. “Yaşıl enerji” istehsalında üçüncü olan İrandan sonrakı yeri tutan Azər­baycanda isə 3 ildir ki, 150 milyon ki­lovat-saat təmiz enerji istehsal olunur. 

Bu sahədə sonuncu yerdə qərar­laşan Türkmənistanın “yaşıl keçidə” qoşulması, Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsi Azərbaycan üçün çox faydalı olardı. Aşqabad “ya­şıl enerji”sini Avropaya satmaq ideya­sından uzaq olsa belə, Xəzərin sağ və sol sahillərini birləşdirən elektrik nəqli infrastrukturu yaradılsa, bizim elektriki qazdan almağa ehtiyacımız qalmazdı. Türkmənistan hətta “yaşıl enerji” ol­masa da, qazı elektrikə çevirib Azər­baycana sata bilərdi. Bunun özü də Azərbaycanın ekologiyasının yaxşı­laşdırılması, karbon izinin itirilməsi ilə bağlı atılan böyük addım olardı.

Məlum olduğu kimi, Xəzərin o tayı dünya bazarından təcrid olunmuş bir bölgədir. Türkmənistanın o qədər qazı var ki, digər işlərə elə də ehtiyacı yox­dur. Amma buna ehtiyacı olan Özbə­kistan istər Yaponiya, istər Cənubi Ko­reya, istərsə də Çin və Avropa, onların maliyyə qurumları ilə bu istiqamətdə addımlar atır. Çünki bunlar ehtiyacdan doğan addımlardır. Amma qaz ehtiyat­ları trilyonlarla kubmetr olan Türkmə­nistan, özünün açıqladığı rəqəmlərə görə, 2016-cı ildən bəri “mavi yana­caq” ixracını artıra bilmir. Qazın elekt­rikə çevrilməsi onlara alternativ enerji­dən üç dəfə ucuz başa gəlir. Alternativ enerjiyə ehtiyac duymaması, Qərbdəki potensial tərəfdaşları ilə əlaqələrinin zəifliyi, 2050-ci ilə qədər karbon izinin sıfıra endirilməsi ilə bağlı Paris sazi­şinə qoşulmaması kimi məsələlər isə Türkmənistanın enerji keçidindəki si­yasətini ləngidir. 

Qeyd olunduğu kimi, 2030-cu ilə qədər “yaşıl enerji”nin ümumi elekt­rik balansında payının artırılmasını hədəfləyən Azərbaycan günəş və küləyin hesabına ənənəvi enerjinin payını 30 faiz azaltmaq istəyir. Amma Türkmənistan hökumətinin məhz bu sahəni hədəfləyib irəli getməsi ilə bağlı hansısa açıqlamasını, planla­rını, hələ ki, görməmişik. Əgər Türk­mənistan alternativ və bərpaolunan enerji potensialını hərəkətə gətirməyə başlasa, “yaşıl enerji”nin Avropaya çatdırılması üçün Xəzər dənizinin dibi ilə sualtı kabel xəttinin çəkilməsi çox unikal bir iş olardı.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

is10.jpg

İqtisadiyyat