Makron özünün bahalı qol saatını tamaşaçılardan gizlətməyə cəhd edib

post-img

Prezident Emmanuel Makron çoxdandır iri kapital sahiblərinə söz verib ki, ölkədə hakimiyyətə gələn kimi təqaüd yaşını artıracaq. Dövlət başçısı iqtidarda olduğu birinci dönəmdə bu qeyri-populyar addımı “uğurla” həyata keçirib. Prezident ikinci dönəmdə də bu “missiya”nı davam etdirmək əzmindədir. 

Dövlət başçısı son vaxtlar çıxışların­da tez-tez qeyd edir ki, ölkədə pensiya yaşını iki il artırmaqla, yəni 62-dən 64-ə qaldırmaqla büdcədə böyük vəsaitə qə­naət etmək olar. Onun əsas arqumenti budur ki, Qərbi Avropa dövlətləri arasın­da ən aşağı pensiya yaşı Fransadadır və bu “səhvi” mütləq “düzəltmək” lazımdır.

Guya Fransa sosial xərclərlə bağ­lı özünün “yükü”nü azaltmaqla məm­ləkətin makroiqtisadi vəziyyəti dərhal yaxşılaşacaq, nəticədə “Xoruzlar ölkəsi” dünyada sayılıb-seçilən bir dövlətə çev­riləcək. Makron açıq-aşkar bildirir ki, Fransa vətəndaşı cəmi iki il təqaüdə gec çıxsa, bütün dünya Fransanın qüdrəti qarşısında baş əyəcək. 

Dövlət başçısının bu niyyəti Fransa ictimaiyyətinin, eləcə də bu ölkənin aparı­cı həmkarlar təşkilatlarının kəskin etirazı və təpkisi ilə qarşılanıb. Əslində, bu, göz­lənilən idi. Hər kəs başa düşür ki, pensiya islahatları yüz minlərlə sadə vətəndaşın sosial hüquqlarını pozmaq hesabına ölkə büdcəsini doldurmağa yönəldilib. Həmin vəsait isə son nəticədə onun iri burjua­ziyanın daim artan iştahına yem olacaq. 

Fransa vətəndaşları Makronun bəd niyyətindən xəbər tutan andan, yəni hələ ötən ilin sonundan prezidentin pensiya siyasətinə qarşı kütləvi etiraz aksiyaları­na başlayıblar. İri həmkarlar təşkilatları­nın dəstəklədiyi bu dinc aksiyalar ölkənin böyük şəhərlərini əhatə edib. Hər dəfə bu aksiyalarda yüz minlərlə sakin iştirak edir. Etirazçıların sayı artır ki, azalmır. 

Etiraz aksiyalarına çıxanlar hesab edirlər ki, hökumət əhalinin real gəlirlərini azaltmaq əvəzinə, korrupsiyanın qarşısı­nı almalı, bütün sahələrdə izafi xərcləri, xüsusilə hərbi xərcləri azaltmalıdır. Bəzi mənbələr qeyd edirlər ki, Yelisey sara­yının hazırkı sahibi “lüzumsuz təntənəli məclislər” təşkil etməklə, hətta, “Günəş kralı” XIV Lüdoviki geridə qoyub. 

Fransa mediası, həmçinin qeyd edir ki, Makron iqtidarı dünyanın müxtəlif ölkələrində, o cümlədən Suriya, Liviya, Yəmən və başqa dövlətlərdə cəlb olun­duğu hibrid, “proksi” müharibələrdə işti­rakına son qoymalı, ölkənin maliyyə və­saitlərini münaqişə bölgələrinə “sel kimi” axıtmamalıdır. Bu, o deməkdir Makron Fransanın super güc olduğu ilə bağlı id­dialarından əl çəkməlidir. Prezidentin isə hələlik belə bir planı yoxdur. 

Yelisey sarayının rəhbəri onu da yax­şı başa düşür ki, təşəbbüsündə bulundu­ğu qeyri-populyar pensiya islahatları he­sabına ölkəsinin gündən-günə pisləşən makroiqtisadi vəziyyətini düzəltmək gü­cündə deyil. Lakin Makron “oyun qayda­ları”nı yaxşı bilir. Bilir ki, onu hakimiyyətə gətirən “dərin dövlət”in tələblərini yerinə yetirməyə bilməz. Fransa xalqının başı­nı tovlamaq olar, amma “dünyanı idarə edənlər” belə zarafatları sevmirlər. 

Fransa Prezidenti xalqın bu və başqa haqlı irad və tələblərinə heç cür məntiqi cavab tapa bilmədiyi üçün məkrli yollar axtarmağa başlayıb. Məlumdur ki, pen­siya islahatları ilə bağlı qanun layihəsi əvvəlcə Fransa parlamentinin aşağı pa­latası – Milli Assambleyada müzakirə olunmalıdır. Burada isə iqtidar səs çox­luğuna malik deyil və ciddi müzakirələrin onun üçün başağrısına çevriləcəyi istisna edilmir. 

Makron belə bir çətin məqamda “fənd işlədib” fövqəladə hallarda ona verilən sə­lahiyyətlərdən və qanunvericilikdəki boş­luqlardan istifadə edərək bir müddət əvvəl qanun layihəsinin parlamentdə müzakirə­sinin başa çatmasını gözləmədən təsdiq edib. Bununla da, prezident yanan alovun üzərinə sanki benzin töküb. İndi təkcə ölkə ictimaiyyəti deyil, Fransa parlamenti də dövlət başçısından narazı qalıb. 

Prezidentin haqqında söz açdığımız addımından sonra əhali yenidən küçələrə axışıb. Ötən həftənin cümə axşamı etiraz aksiyalarında yarım milyona yaxın insan iştirak edib. Təkcə Parisdə 120 min adam dövlətin pensiya siyasətinə kəskin etira­zını bildirib. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrində mağazaların vitrin­lərini sındırıb, maşınları yandırıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. 

Fransa Daxili İşlər Nazirliyinin məlu­matına görə, cümə axşamı keçirilən ak­siyalarda ölkə üzrə 475 insan saxlanılıb, 441 polis isə xəsarət alıb. Ölkənin böyük şəhərlərindən biri olan Bordoda etirazçı­lar, hətta, yerli bələdiyyə binasına hücum edərək ona od vurublar. Lakin təhlüklə­sizlik xidməti orqanları yanğının geniş­lənməsinin qarşısını ala biliblər. 

Cümə günü Böyük Britaniyanın Kralı III Karl Fransaya rəsmi səfər etməli idi. Parislilər hörmətli qonağın qarşısında Makronu gözdən salmaq məqsədilə hə­min gün etiraz aksiyası keçirəcəkləri ilə hədələyiblər. Fransa prezidenti məcbur olaraq Böyük Britaniya Kralına zəng edib səfəri təxirə salmasını xahiş edib. Kral lütfkarcasına səfərini yayın əvvəllərinə kimi ertələyib. 

İki gün əvvəl isə Makron ölkədə pen­siya islahatları ilə bağlı populyar televizi­ya kanallarının birinə müsahibə verib və özünün “daşdan keçən” arqumentlərini bir daha səsləndirib. Bu zaman gözlənil­məz bir məqam üzə çıxıb. Müsahibə za­manı prezidentin hardansa yadına düşüb ki, pensiyaya çıxmaq ümidlərini gözlərin­də qoyduğu on minlərlə sadə insan onun bahalı qol saatına baxıb bundan pəjmür­də ola bilərlər. 

Makron canlı yayımdaca əllərini sto­lun altına salaraq qol saatını tələsik çıxa­rıb və yenidən əllərini şəstlə stolun üzə­rinə qoyanda hamı görüb ki, prezidentin qolunda artıq saatı yoxdur. Tamaşaçılar əvvəlcə buna təəccüb ediblər, sonra başa düşüblər ki, dövlət başçısı bu dəfə artıq fokusçu kimi sanki gözbağlayıcı ro­lunda çıxış edir. 

Məsələ böyüyüb, sosial şəbəkələr buna geniş mənfi reaksiya verib Makro­nun onsuz da aşağı olan reytinqi bir anın içində daha da enib. Milli Assambleyanın solçu “Qalib Fransa partiyası”ndan olan deputatı Klemans Quett bu fokusa görə dövlət başçısını riyakarlarda günahlan­dırıb. Xanım siyasətçi deyib ki, “Zənginlə­rin prezidenti”nin (Makron nəzərdə tutu­lur) ləqəbi həqiqətən əyani şəkildə özünü doğruldub”. 

Bu arada sosial şəbəkələrdə prezi­dentin əhalidən gizlətməyə çalışdığı qol saatının 86 min dollar olduğu barədə mə­lumatlar yayılıb. Lakin Yelisey sarayında bunu təkzib etməyə çalışıblar. Onların sözlərinə görə, bu markadan olan saatla­rı hazırda 2400 avroya almaq mümkün­dür. İqtidar rəsmisi onu da bildirib ki, pre­zident artıq 6 aydır ki, bu qol saatını taxır. Düz deyirlər, səhv deyirlər, özləri, bir da allahları bilər. 

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualını cavablan­dırarkən qeyd edib ki, Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaş­ları tərəfindən Fransada həddindən artıq və qeyri-proporsional güc tətbiq edilir, bəzi hallarda etirazçılara qarşı qeyri-in­sani davranışlara yol verilir. XİN rəsmisi Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət et­məyə çağırıb. Yeri gəlmişkən, Fransada etirazçılara qarşı hüquq-mühafizə orqan­ları tərəfindən geniş şəkildə güc tətbiq olunması Avropa Şurası, “Amnesty In­ternational” və bir çox digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən də pislənilib.

Sonda Makrona xalqımızın bir zərb-məsəlini xatırlatmaq istəyirik: “Başqasının gözündə tük axtaranlar, nədənsə öz gözlərindəki tiri görmürlər”. Görmək lazımdır, hörmətli Fransa prezi­denti. Başqa dövlətləri insan hüquqlarını pozmaqda suçlamaq əvəzinə, lütfən öz ölkənizdə insanların təməl hüquqlarına hörmət edin!

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

mak10.jpg

Sosial həyat