Tarixin və xatirələrin əbədi sakini haqqında kitab

post-img

“Pərvanə ömrü” Azərbaycan ictimaiyyətinin istedadlı təhsil təşkilatçısı kimi tanıdığı Nazim Əkbərovun trilogiyasının birinci kitabıdır. Nəfis tərtibatla çap olunmuş kitab XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevdən və onu əhatə edən mühitdən, yaxın ətrafından bəhs edir. 

Maraqla oxunan əsərin qəhrəmanı bütün həyatını təkcə mənsub olduğu xalqın deyil, millətindən, dinindən, irqindən asılı olmayaraq hər bir insan oğlunun rifahına, qurtuluşuna, səadətinə həsr etmişdir. Bu amalı yolun­da çox böyük fədakarlıqlara qatlaşmış, klassik ifadə ilə desək, özünü oda-közə vur­muşdur. Buradan da roma­nın adı üzə çıxır – Pərvanə ömrü. 

Romanda tarixi şəxsiy­yət olan Hacı Zeynalabdi­nin, onun müasirlərinin xalq, vətən eşqini pərvanənin şama olan eşqi kimi dəyər­ləndirməyə çalışan müəllif bu eşqi bütün ömrü boyu da­şıyan fədakar bir qəhrəman obrazı yaradıb. Əsərdə onun və məsləkdaşlarının keçdiyi yolun nə qədər çətin olduğu­nu göstərən müəllif xələflər­lə sələflərin arasında əlaqə qurmağa cəhd edir, bütün bunların isə oda yanmadan mümkün olmadığını göstər­mək istəyir. 

Maraq doğuran başqa bir fakt isə budur ki, roman­da millətinin inkişafı yolunda bütün çətinlikləri dəf etməyə çalışan, saysız-hesabsız basqılar önündə müqəddəs ideallarından bir an belə ya­yınmayan Hacı Zeynalabdin yalnız böyük sərvət sahibi kimi deyil, daha çox maa­rifpərvər və xeyriyyəçi şəxsiy­yət kimi təqdim olunur. Buna görə də “el atası” kimi möh­təşəm bir titula sahib olan Hacı hələ sağlığında xalqın yaddaş tarixinə həkk olun­muşdur. Bakıda ilk teatr bi­nasının tikintisi, at-dəmir yo­lunun (konka) işə salınması, şəhərin mərkəzində Ticarət evi - Tağıyev pasajı fəaliyyəti, Bakıya içməli suyun çəkilmə­si layihəsinin hazırlanması və həyata keçirilməsi kimi savab işlər Hacı Zeynalabdinin xe­yirxah əməllərinin az bir his­səsidir. 

Bu mövzuda birinci ki­tabını nəşr etdirən müəllif trilogiyasında bu kimi amil­lərə diqqət çəkməyi planlaş­dırır. Altı cildlik tarixi roman haqqında “Həcmi çox böyük­dür, kimdir bu qədər böyük həcmdə kitabı oxuyan? – su­alına da obrazlı cavab verir: vaxtı ilə Hacıya özünü həlak eləmə, nəyinə lazımdır?- kimi sualları ünvanlayanlar çox ol­muşdu. Amma Hacı Zeyna­labdin Tağıyev bu cür sözlər önündə ilişib qalsaydı, pər­vanə olardımı? Ona görə də onun həyatını, keçdiyi yolları tanıtmaq üçün cild-cild ro­manlar kifayət deyil, on min­lərlə kitab yazılsa belə, yenə azdır. 

Biz də öz növbəmizdə bu müqəddəs və xeyirxah işində müəllifə uğurlar arzu edirik.

 

Namiq ƏHMƏDOV, “Xalq qəzeti”

Sosial həyat