AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Misli Premyer Liqası, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.
Ardından Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq. Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.
İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
2025/2026-cı illər mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.