Yenilməz dostlar

post-img

Söhbət Rəşid Məmmədbəyov və Musa Babayevdən gedir

Tezliklə, martın 5-də Azərbaycanda növbəti dəfə Bədən Tərbiyəsi və İdman Günü geniş qeyd olunacaq. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla həyata vəsiqə almış və hər dəfə fərəhlə gözlədiyimiz gənclik, gözəllik və sağlamlıq bayramı, həmişəki kimi, yenə bütün ölkədə müxtəlif tədbirlərlə hamını sevindirəcək.

Biz də bu əlamətdar hadisə ərəfəsində öz növbəmizdə respublikamızda insan həyatında çox təsirli və zəruri vasitə olan bədən tərbiyəsi və idman məşğələlərinin yenicə təşəkkül tapdığı illərdə beynəlxalq meydanda rəngarəng fəndləri və böyük qələbələri ilə aləmə səs salıb, adlarını XX əsrdə Azərbaycan idmanının ən görkəmli yetirmələrinin siyahısına yazdırmış iki dost, iki məşhur sərbəst güləş ustamızı xatırlayaq.

…Təxminən, 20-25 il əvvəl, 2000-ci illərin başlanğıcında mən Azərbaycanda idman fotojurnalistikasının ən nüfuzlu nümayəndələrindən biri olmuş Faiq Rəcəblidən (Allah rəhmət eləsin) onda ilk olimpiya mükafatçımız Rəşid Məmmədbəyovun şəklinin olub-olmadığını soruşduqda cavab belə olmuşdu: “İstəsən, sənə onun elə bir şəklini gətirə bilərəm ki…”. 

İstədim və vəd etdiyi kimi, ertəsi gün gətirdiyi, indi sizin də maraqla tanış olduğunuz fotonun tarixçəsini danışdı: “Rəşid Məmmədbəyov (şəkildə ayaq üstə güləşən – O.B.) 1952-ci ildə Helsinki Olimpiadasından yenicə qayıtmışdı. Biz onun tələbəsi olduğu Bədən Tərbiyəsi İnstitutunda (indi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – O.B.) rastlaşdıqda dedim ki, gəl şəklini çəkim. Bir az tərəddüd etdikdən sonra idman salonuna getdik və onu Musa Babayevlə milli güləş məşqində çəkdim”.

R.Məmmədbəyov da, M.Babayev də Azərbaycan güləş məktəbinin xatirələrdə yaşayan çox məşhur yetirmələridir. Məşqlərə birgə getmiş, dostlaşmış və güləş meydanında gurultulu qələbələri ilə özləri haqqında xoş təəssürat yaratmışlar. Rəşidin 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında SSRİ-nin sərbəst güləş üzrə yığma komandası heyətində çıxış edərək 57 kq çəki dərəcəsində yalnız final görüşündə uduzub, respublikamıza gümüş medalla və ilk azərbaycanlı olimpiya mükafatçısı kimi qayıtdığını idman həvəskarlarımız yaxşı bilirlər. Onu da əlavə etmək olar ki, Finlandiya paytaxtında Olimpiada Sovet İttifaqı idmançıları üçün iştirak etdikləri ilk Olimpiya oyunları idi. Deməli, Məmmədbəyov tarixdə özünə həm də Olimpiada fəxri kürsüsünə yüksəlmiş ilk sovet atletlərindən biri kimi yer etmişdir. 

Burada SSRİ idmançılarının Helsinkidə 71 medal – 22 qızıl, 30 gümüş və 19 bürünc mükafat qazanaraq ümumi hesabda ABŞ kollektivindən (40+19+17) sonra ikinci yeri tutduqlarını qeyd etmək də, yəqin ki, yerinə düşər. 

Güləş məktəbimizin daha bir görkəmli nümayəndəsi Muxtar Dadaşovla həmkarım, Əməkdar jurnalist Salar Aslanovun müəllifliyi ilə ərsəyə gəlmiş və 1989-cu ildə “Gənclik” nəşriyyatında 30 min nüsxə tirajla çap olunmuş “Azərbaycan pəhləvanları” kitabında qeyd olunduğu kimi, Rəşid həm də SSRİ çempionatlarının beşqat gümüş mükafatçısı olmuşdur. Həqiqətən, 1927-ci il fevralın 28-də anadan olub, 1970-ci il dekabrın 4-də əbədiyyətə qovuşmuş SSRİ Əməkdar idman ustası Rəşid Qarabəy oğlu Məmmədbəyov çox tez, 43 yaşında vəfat etsə də, qələbə və medallarla zəngin bir həyat yaşamışdır.

Kitabda müəlliflər Musa Babayev  haqqında da böyük hörmətlə söz açmışlar. Onlar 1949–1952-ci illərdə 4 dəfə SSRİ çempionu adını qazanmış Musanın (52 kq) özü kimi adlı-sanlı ustalarla görüşlərdə çıxışlarını yüksək qiymətləndirib, Azərbaycan güləşinin banilərindən biri Rza Baxşəliyevin yetirməsini ürəkdən gələn səmimi sətirlərlə xatırlamışlar.
Əlbəttə ki, Azərbaycan Republikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sovet İttifaqı çempionatlarının 4 qızıl medalının sahibi, 1949-cu ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş gənclərin və tələbələrin I Ümumdünya festivalının qalibi, dostu Rəşid kimi Bədən Tərbiyəsi İnstitutunun məzunu, 1988-ci ildə 62 yaşında həyata vida etmiş Musa Məhəmməd oğlu Babayev də kəskin rəqabət meydanında respublikanın ümidlərini tam doğrultmuş və dəfələrlə alqışlanmağa layiq idi.

Dost çempionların o böyük uğurlarından, ölkəmizə, xalqımıza verdikləri töhfələrin sevincli günlərindən artıq 70 ildən də çox vaxt keçir. Xalqın bu qoçaq övladlarının mötəbər beynəlxalq yarışlarda qələbə və medalları Azərbaycanda qədimdən çox sevilən güləşin ənənələrini daha da möhkəmləndirmiş və bütün dünyada məşhurlaşdırmışdır. Ölkə bədən tərbiyəçiləri və idmançılarının gözəl bayramı ərəfəsində onların Vətən idmanının inkişafında və təbliğində xidmətlərini hörmətli oxucularımızın diqqətinə bir daha razılıq hissi ilə çatdırmaq isə bizim mənəvi borcumuzdur. Ruhları şad olsun.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman