Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirildi. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor asisstenti Könül Kərimovadır.
Mistik əhvalatların baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından bəhs edir. Burada illərdir məskunlaşmış Ağ dərvişin və Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitir.
Tamaşa, eyni zamanda, həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır. İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Tamaşa "Qisas hissi ilə yaşama" ideyasına xidmət edir, bu fikri aşılayır.
Tamaşada rolları Xalq artistləri Əli Nur və Kazım Abdullayev, Əməkdar artistlər Kazım Həsənquliyev, Rövşən Kərimduxt,
Mətanət Atakişiyeva və başqaları ifa edirlər.
Xatırladaq ki, “Sehrbazlar dərəsi” Türkiyə, Rusiya, Litvada, Qazaxıstan, Yaponiya kimi bir çox ölkələrdə çap edilib.
Fidan SALMANOVA
XQ