Əlverişli şərait yaradılması bu idman növünü daha da kütləviləşdirə bilər
Üzgüçülük idman növləri arasında bütün zamanlarda dünyada populyarlığını qoruyub saxlayır. Onu əsrarəngiz gölləri, bol sulu çayları, hövzələri ilə məşhur olan, eyni zamanda, mülayim iqlim qurşağında yerləşən Azərbaycanda da inkişaf etdirmək çox əlverişlidir. Bəs bu idman növünə ölkəmizdə maraq necədir?
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə ilə üzgüçülüyün ölkəmizdə inkişafı, kütləviləşməsi, əldə edilən nailiyyətlər və gələcək perspektivlərlə bağlı müsahib olduq. Qurum rəsmisi Azərbaycanda üzgüçülüyün tarixinin XX əsrin əvvəllərinə təsadüf etdiyini, məhz həmin zaman Bakıda ilk şəhər çimərliyinin açıldığını dedi:
– Məlumata görə, ilk dəfə 1910-cu ildə gimnastika müəllimi V.Qrjibovski Bakı gimnaziyası və realni məktəbinin şagirdləri üçün üzgüçülük məktəbi təşkil edib. Artıq 1912-ci ilin yayında Dənizkənarı Bulvarda Bakı Gimnaziyasının şagirdləri Xəzər dənizində “böyrü üstə” üsulu ilə 48 kilometr məsafəni 24 saat 10 dəqiqəyə üzmüş fransız dili müəllimləri Leonid Romençenkonu alqışlayıblar. Bu o illər üçün çox böyük nəticə sayılırdı. 1913-cü ildə isə Bakı Üzgüçülük Məktəbində 200-dən çox adam bu idman növü ilə məşğul olub.
– Böyük nailiyyətlər başlanğıcını uşaq idmanından götürür. Üzgüçülüyün uşaqlar arasında kütləviliyinin təmin edilməsi ilə bağlı hansı işlər görülür? İndiyədək həyata keçirilən layihələr bəhrəsini verirmi?
– Üzgüçülük Federasiyası uşaq və gənclər arasında üzgüçülük idman növünə marağın artırılması istiqamətində Gənclər və İdman Nazirliyi ilə birgə bir çox layihələr həyata keçirib. Bu işlər bu gün də davam edir. Bunlara “Birlikdə üzək”, “Kürü keçək?!”, “Parlaq ulduz” layihələrini misal çəkmək olar. Nazirliklə birgə layihəmiz olan “Birlikdə üzək” yarışlarını vurğulamaq istərdim. Layihə çərçivəsində eyni anda ölkənin 30 idman qurğusunda 9 yaşdan yuxarı qadın və kişilər arasında bütün yaş qruplarında peşəkar idmançılar və həvəskarlar öz güclərini sınayıblar.
Ardıcıl olaraq Bakı, Sumqayıt şəhərlərinin, Bakıətrafı kənd və qəsəbələrin uşaqları arasında təşkil olunan açıq çempionatlar, eləcə də regionlarımızda keçirilən yarışlar uşaqlar və gənclər arasında bu idman növünə marağı xeyli artırıb. Bundan başqa, federasiya rəhbərliyinin tapşırığına əsasən, mütəxəssislərimiz kütləvi informasiya vasitələri ilə daim üzgüçülüyün təbliği, suyun və üzməyin insan sağlamlığına önəmi barədə çıxışlar edirlər. Son illər həyata keçirdiyimiz layihələr artıq bəhrəsini verməkdədir.
Bu gün Azərbaycanın milli komandasının tərkibində idmançılar arasında bir nəfər də olsun legioner yoxdur. Planlı şəkildə həyata keçirdiyimiz layihələrin sayəsində artıq milli komandamızda çox qabiliyyətli və bacarıqlı idmançılarımız var.
– Perspektivli uşaqlar komandaya necə cəlb edilir? Uşaq-gənclər idman məktəbləri, cəmiyyət və klublarla iş necə qurulub? Sizcə, orta təhsil müəssisələrində maarifləndirmə ilə uşaqlarda üzgüçülüyə maraq oyatmaq olarmı?
– İl ərzində təşkil edilən yarışlarda Azərbaycanın müxtəlif şəhər və rayonlarından yüzlərlə idmançı öz gücünü sınayır. Hər il yay və qış fəsillərində açıq ölkə birinciliyi təşkil olunur. Bu yarışlara da regionlardan seçilmiş üzgüçülər dəvət alır. Belə turnirlərdə milli komandanın məşqçilər korpusu ən perskpektivli və bacarıqlı idmançıları seçərək komandaya cəlb edir. Xüsusi proqramların köməyi ilə əlavə məşqlər təşkil olunur.
Federasiya üzgüçülük bölmələri olan bütün uşaq-gənclər idman məktəbləri, cəmiyyət və klublarla sıx əməkdaşlıq edir. Həmin müəssisələrdə üzgüçülük dərsləri tədris edən müəllimlərin ixtisaslarını artırmaq məqsədilə treninqlər təşkil edirik. Eyni zamanda, əcnəbi mütəxəssislərin dəstəyi ilə davamlı keçirilən ustad məşqlərində yerli məşqçilərimizə uşaqlara üzgüçülüyün müasir biliklərinin aşılanması istiqamətində dərslər verilir. Onlar sonda xüsusi sertifikatlar alırlar. Bütün bu tədbirlər öz səmərəsini göstərməkdədir.
– Beynəlxalq yarışlarda əldə edilən nəticələr qənaətbəxşdirmi?
– Qeyd etdiyim kimi, üzgüçülük üzrə milli komandamızda artıq legioner yoxdur. Son illər beynəlxalq yarışlarda ölkəmizi ancaq yerli idmançılarımız təmsil edirlər. Onlar mötəbər yarışlarda tam yüksək nəticələr göstərməsələr də, artıq Avropa və dünya səviyyəli turnirlərdə müsbət nəticələrimiz var. Məsələn, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdən idmançılarımız 27 medalla vətənə dönmüşdülər. Macarıstanın Şopron şəhərində keçirilmiş və Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya kimi güclü komandaların iştirak etdiyi yeniyetmələr arasında beynəlxalq turnirdə komandamız 14 qızıl, 8 gümüş, 10 bürünc medal qazanmışdılar. Riqada Latviyanın gənclər və yeniyetmələrinin yarışında 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında idmançılarımız yüksək nəticə göstərərək turnirin qalibi olublar.
Bundan başqa, şəxsi yarışlarda üzgüçülərimiz yüksək mükafatlara layiq görülüblər.
Rusiyada universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında üzgüçülərimiz, ümumilikdə, 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar. “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında üzgüçülərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medalla vətənə qayıdıblar. Belə yarışların və qazanılan uğurların sayı çoxdur və bu, bizi sevindirir.
– Yaxın gələcəkdə Dünya və Avropa çempionatlarından yüksək mükafatlar gözləyə bilərikmi?
– Üzgüçülük üzrə milli komandamızın tərkibində perspektivli idmançılarımız çoxdur. Məsələn, sonuncu Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah, bundan başqa Əbdürrəhman Rüstəmov, Oqtay Hüseynov, Süleyman İsmayılzadə, Səid Həmidov, Mehri Əbdürrəhmalı, Məryəm Cavadova, Anastasiya Bobirikina perspektivli üzgüçülərimizdəndir.
Milli komandanın məşqçilər korpusu bu idmançılara böyük ümid bəsləyir. Onlar artıq bir çox beynəlxalq yarışlarda, Avropa və dünya səviyyəli turnirlərdə yaxşı nəticələr göstəriblər. Bu idmançılar yaradılan münbit şəraitdə peşəkar məşqçilərin rəhbərliyi altında öz kvalifikasiyalarını artırırlar və ümidvarıq ki, yaxın gələcəkdə onlar böyük nəticələr qazanacaqlar.
– Klubların hazırkı fəaliyyəti sizi qane edirmi?
– Əvvəlki illərlə müqayisədə, hazırda çox yaxşı şəraitlə təchiz olunan idman klublarımız var. Bu klublarda peşəkar üzgüçülüklə məşğul olan idmançılar yetişir. Federasiya ölkə daxilində keçirilən yarışlarda iştirak üçün onların idmançılarına dəvət göndərir. Məşqçilərinin bilik və bacarıq səviyyələrini artırmaq məqsədilə mütəmadi tədbirlərə onları da dəvət edirik. Hesab edirəm ki, həmin klublarda peşəkar idmançılar yetişdirmək üçün məşqçilərin bilik səviyyələrini daha da artırmağa ehtiyac var.
– Üzgüçülük inkişaf etməkdə olan idman növlərindəndir. Onun daha da populyarlaşması üçün gələcəkdə hansı işlər görülməlidir?
– Gənclərlə görüş zamanı Prezident İlham Əliyev ən çox sevdiyi idman növünün üzgüçülük olduğunu qeyd edib: “Sevimli idman növü məsələsinə gəldikdə isə, deməliyəm, yəqin, dəniz sahilində böyümüş insan üçün, təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın, demək olar, hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür”.
Bu gün Bakıda və Azərbaycanın bütün bölgələrində üzgüçülüyə maraq çox artıb. Valideynlər övladlarını hələ uşaq yaşlarından su idman növləri ilə məşğul olmağa üstünlük verirlər. Biz də federasiya olaraq həm orta ümumtəhsil məktəblərində, həm də gənclər arasında üzgüçülüyün inkişafı məqsədilə maarifləndirici görüşlər keçirməyi, o cümlədən də kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğatı daha da gücləndirməyi planlaşdırırıq.
Müsahibəni apardı:
Leyla QURBANOVA
XQ
Redaksiyadan: Üzgüçülüyün geniş yayılması üçün təmiz və təhlükəsiz su hövzələrinin yaradılması, idman hovuzlarının həvəskarlar üçün əlçatan olması önəmli şərtlərdir. Klub hovuzlarına girişin bahalığı, çay və göllərdə təhlükəsiz yerlərin azlığı Xəzərsahili zonaların hasarlara alınması, üzgüçülüyün populyarlaşması və kütləviləşməsi üçün ciddi əngəl yaradır. Bu mövzuda mütəxəssis və oxucularımızı müzakirəyə dəvət edirik.