“Neftçi” bax belə oynayırdı…

post-img

Ondakı flaqman hara, indiki komanda hara

Aralarında yerlə göy qədər fərq var. Əgər XX əsrdəki “Neftçi”, bəlkə də, Avropa çempionatları ilə müqayisə edə biləcəyimiz SSRİ çempionatlarında Moskvanın “Spartak”, “Dinamo”, “Torpedo”, OMİK, “Lokomotiv”, Kiyev, Tbilisi və Minskin “Dinamo”, Leninqradın “Zenit”, Alma-Atanın “Kayrat”, Daşkəndin “Paxtakor” komandaları və digər kollektivlərlə kəskin mübarizədə kifayət qədər layiqli rəqib idisə və hətta bir dəfə – 1966-cı ildə bürünc mükafatçı olmuşdusa, indiki komanda bu gün Azərbaycan Premyer Liqasında birinci dövrədən və ya 9 turdan sonra bircə qələbəsi belə olmayan yeganə kollektivdir və cəmi 5 xalla turnir cədvəlinin sonuncudan əvvəlki – 9-cu pilləsindədir.

Komandanın nə vaxt dirçəlib özünə gələcəyi, nəhayət, nə vaxt “Neftçi” adına layiq oyun oynayacağı isə heç kimə məlum deyil. Belə bir acınacaqlı vəziyyətdə azacıq da olsa, təskinlik tapmaq üçün o uzaq illərə qayıdaq. Baxaq, görək, 40–50 il əvvəl “Neftçi” necə oynayırdı.

Bunun üçünsə növbəti dəfə “Neftçi”-70. Unudulmayan keçmiş. 1937–2007” kitabına (müəlliflər – Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) müraciət edək. Kitabda gördüyüm çoxsaylı fotolardan üçünü “Xalq qəzeti”nin oxucularına da göstərməyi qərara aldım. Ayrı-ayrı futbol adamlarının kitabın müəlliflərinə töhfə etdikləri fotolar onların şəxsi arxivlərindən götürülmüşdür. Müəllifləri göstərilməyib. Şəkillər, yəqin ki, Azərbaycan idman fotojurnalistikasında dərin iz buraxmış Faiq Rəcəbli, Leonid Bedoşvili, Yaşar Xəlilov, Əhməd Abdullayev, Mirheydər Həşimov, Gennadi Malyov və ya onun atası Yevgeni Malyovun, ya da bir başqasının peşəkar yaradıcılığının dəyərli məhsuludur. İndi bunu dəqiqləşdirməyin elə bir mənası yoxdur. Sadəcə, fürsət düşmüşkən, o uzaq illərin foto ustalarının adlarını çəkməklə nəyimiz əskik çıxacaq ki? Fotomüxbirlər də oyun başlayandan onun son saniyələrinədək meydanda futbolçularla bərabər qaçmış, rəqib qapısı ağzında gərgin vəziyyət yaxalamaq, qol sevinci yaşamaq, ertəsi gün isə səhər tezdən fəxrlə redaksiyaları yüksək keyfiyyətli fotolarla təmin etmək üçün qan-tər içində əllərindən gələni etmişlər. Onlara hörmət və ehtiramımız əbədidir!

Diqqət yetirin, kitabda “İ.Cavadov Kiyev dinamoçularını məyus edir” sözləri ilə müşayiət olunmuş fotoda “Neftçi”nin sol kənar hücumçusu və kapitanı məşhur rəqibin birdən-birə beş (!) oyunçusunun əhatəsində topu qapıdan keçirməyi bacarmışdır. Cavadovun arxasındakı kiyevlilərin kapitanı Anatoli Demyanenkonun, daha üç müdafiəçinin və qapıçı Viktor Çanovun (qardaşı Vyaçeslavın bir ara “Neftçi”nin qapısını qoruduğunu da yada salmaq yerinə düşər) bakılıların hücum xəttinin liderinə mane olmaq cəhdləri baş tutmamışdır. Tamaşaçılarla ağzınadək dolu tribunalar qarşısında ustalıqla vurulmuş qol, ustalıqla da lentə alınmış fotodur!

Burada statistika ilə maraqlansaq, məlum olacaq ki, İ.Cavadov 1977–1988-ci illərdə “Neftçi”nin heyətində SSRİ çempionatlarının güclülər dəstəsində 277 oyunda meydana çıxmış və 53 top vurmuşdur.

Həmin qollardan ən birincisini yaxşı xatırlayıram. Yəqin ona görə ki, İsgəndər özünün ilk qol sevincini futbolumuzun əfsanəsi Anatoli Banişevskinin SSRİ çempionatlarında və ölkə kuboku yarışlarında vurduğu 99-cu və 100-cü qollarla yadda qalan oyunda yaşamışdır.

Bu görüş 1978-ci il oktyabrın 15-də 41-ci ölkə çempionatı çərçivəsində Bakıda keçirilmişdir. Qonağımız Dnepropetrovskın “Dnepr” komandası idi. Almaatalı hakim Muxail Çerdantsev matçda meydan sahiblərinin xeyrinə 4:1 hesabı qeydə aldı. İlk topu 9-cu dəqiqədə məhz İsgəndər vurdu. Banişevski isə məqsədinə fasilədən sonra iki dəqiq zərbə ilə çatdı (biri penalti zərbəsi idi). Daha bir qol Səmədağa Şıxlarovun hesabına yazıldı.

Azarkeşlər Maşallah Əhmədovu nəyə görə sevirdilər? Qara qaşlarına, qara gözlərinə görəmi?! Yox, onlar Maşallahı sürətli hücumlarına, cəsarətli oyununa, müdafiəçilərlə əzmkar mübarizəsinə, qapıya mükəmməl zərbələr endirmək bacarığına görə alqışlayırdılar.

İ.Cavadov kimi, M.Əhmədov da gəncliyinin gur çağını (1978–1988) “Neftçi”də keçirmiş, bu komandanın heyətində Sovet İttifaqı çempionatlarının güclülər dəstəsində 258 oyunun iştirakçısı və 64 qolun müəllifi olmuşdur.

M.Əhmədov – İ.Cavadov tandemi komandanın əsas zərbə qüvvəsi idi. Onlar, eləcə də, “Neftçi”nin tarixində daha bir ulduz futbolçu, olimpiya çempionu İqor Ponomaryov qüdrətli bir üçlük təşkil edirdilər və sovet futbolunda hamı bu üçlük haqqında həvəslə danışırdı. Həqiqətən, hər bir işdə gözəllik həmişə hamıda rəğbət hissi oyadır. “Neftçi”nin Cavadov – Ponomaryov – Əhmədov üçlüyü də məhz gözəl oyununa görə sevilirdi.

Təxminən, bir il əvvəl dərc etdirdiyim “Doktor Xetaqurov” sərlövhəli yazıda qeyd etdiyim kimi, Əhmədovun SSRİ çempionatlarında vurduğu qollardan birini lentə alan foto ustalarından biri də “Neftçi”nin məşhur həkimi Boris Xetaqurov olmuşdur. Doktor 1986-cı il iyulun 9-da 49-cu çempionatda bakılıların 2:1 hesablı qələbəsi ilə başa çatan “Zenit” (Leninqrad) – “Neftçi” görüşünün 84-cü dəqiqəsində “fərqlənmiş”, Maşallahın vurduğu qələbə topunu lentə almış və həmin foto bir gün sonra respublika qəzetlərində öz əksini tapmışdı. Bu oyunda birinci qolumuzun müəllifi isə Cavadov olmuşdu.

1960-cı illərin ortaları və ya sonudur. Respublika stadionunda ölkə çempionatı görüşünün birinci hissəsi yenicə başa çatıb. Fasilədə “Neftçi” paltardəyişmə otağına istirahətə getməyib, baş məşqçi Əhməd Ələsgərov futbolçulara elə meydançanın kənarında ikinci 45 dəqiqədə necə oynamaq barədə tapşırıqlarını verir.

Anatoli Banişevski, Adil Babayev, Aleksandr Trofimov, Sergey Kramarenko, Mübariz Zeynalov, Nikolay Boqdanov və onların oyundaşları da məşqçinin göstərişlərini diqqətlə dinləyirlər. Həyatlarının ən yaxşı illərini “Neftçi”yə həsr etmiş Azərbaycan futbolunun bu yetirmələri doğma komanda üçün yaşıl meydanlarda can qoymuşlar. Qədirbilən futbol ictimaiyyətimiz də onların hər birini həmişə minnətdarlıqla xatırlayır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist





İdman