Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub.
Qoruqdan bildirilib ki, Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.
Arxeoloji Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov kiçik yaşlı qonaqlara Tarix-Bədii Qoruğun və Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Sonra ukraynalı uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmini izləyiblər. Qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə hədiyyəsi təqdim edilib.
XQ