Bu gün Bişkekdə Türk Dövlətlərinin Süni İntellekt Forumu öz işinə başlayıb. Məlumatı “Anadolu” verib.
Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, iki gün davam edəcək unikal tədbirdə türk ölkələrindən, Mərkəzi Asiyadan və bütün dünyadan nümayəndələr, aparıcı ekspertlər, sahibkarlar, alimlər və İT mütəxəssisləri bir araya gələcəklər.
Forum süni intellekt sahəsində strategiya və innovasiyaların müzakirəsi, texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, dövlət idarəçiliyində, biznes və sosial təşəbbüslərdə İT-nin tətbiqi üçün həllərin işlənib hazırlanması üçün mühüm platformaya çevriləcək.
Tədbir iştirakçıları süni intellektdən istifadənin etik və hüquqi aspektlərini, həmçinin süni intellekt layihələrinə və startaplara investisiyaların cəlb edilməsini müzakirə edə biləcəklər.
Forumda Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi ölkə kimi Macarıstan nümayəndələri iştirak edirlər.
P.ƏMİRCANOV
XQ