Təxminən iyirmi gün sonra Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq. Çünki, 13-15 sentyabr tarixlərində ralli həvəskarları möhtəşəm “Formula 1” Qran-Prisinin həyəcanını bir daha yaşayacaqlar.
Artıq səkkiz ildir ki, ölkəmizdə Formula 1 yarışları keçirilir. Azərbaycan ev sahibliyi etdiyi digər beynəlxalq idman yarışları kimi “Formul-1”ə də yüksək səviyyədə hazırlaşır.
Şəhərdə həyata keçirilən hazırlıq işləri ilə yaxından tanış olmaq üçün üz tutduq mərkəzi küçələrə. “Formula 1”-ə qızğın hazırlıq prosesinin getdiyinin şahidi olduq. Artıq təhlükəsizliklə bağlı beton dirəklər quraşdırılıb, məhdudlaşdırıcı sədlər çəkilib. Yarışları yaxından izləmək üçün tribunalar təşkil olunub, küçələr müxtəlif iri reklam lövhələri və yol nişanları ilə bəzədilib. Yarış zamanı piyadaların yolu rahatlıqla keçə bilmələri üçün yerüstü piyada keçidləri də quraşdırılıb.
“İçərişəhər” metrosunun yaxınlığında bir neçə yaşlı sakinin “Formula 1” yarışları haqqında müzakirə aparmaları diqqətimizdən yayınmadı. Heç fürsəti əldən verməyib yaxınlaşdıq. Tanış olduq. “Formula 1” yarışları haqqında bizə də fikirlərini bildirmələrini xahiş etdik. 65 yaşlı Yusif Babayev bu cür yarışların keçirilməsinin ölkəmiz üçün önəm daşıdığını və paytaxta çoxlu turist gəlməsi baxımından da əlverişli olduğunu dedi:
–Bu yarışların keçirilməsi məni çox sevindirir. Çünki, dünyanın diqqəti Azərbaycana yönəlir. Bu da ölkəmizin daha çox tanınmasına şərait yaradır. Onu da əlavə edim ki, bu cür yarışlar, həmçinin paytaxtımıza çox sayda turist cəlb edir. Bu həm də onu göstərir ki, biz qonaqpərvər millətik.
Digər bir yaşlı sakin isə fikrini belə izah etdi:
–Düzdür, belə tədbirlər şəhər sakinləri və sürücülər üçün müəyyən çətinliklər yaradır. Lakin, onu da nəzərə almaq lazımdır ki, dünyamiqyaslı yarışların keçirilməsi ölkəmiz üçün hər cəhətdən faydalıdır.
Qeyd edək ki, “Formula-1” dünyada ən çox televiziya tamaşaçısı toplayan yarışlardan sayılır. Ümid edirik ki, budəfəki yarış da ölkəmizə gələn qonaqların və yerli sakinlərin yaddaşında unudulmaz izlər qoyacaq.
Fidan SALMANOVA
Elşən AĞALAR (foto)
XQ