Paris Olimpiadasına nə qədər pul xərclənib?

post-img

Paris-2024 Olimpiadası tarixə ən az pul xərclənən Oyunlar kimi də düşəcək. O, 2008-ci ildə Pekində keçirilən Oyunlardan dörd dəfə uçuz başa gəlib. Bəs bu necə mümkün olub?

Birincisi, təşkilat komitəsi çoxdankı ənənəyə əməl etməyib, yəni böyük Olimpiya obyektlərin tikintisini həyata keçirməyib. Təşkilatçılar turnirləri mövcud arenalarda keçirmək qərarına gəliblər. Bu qərar təkcə qənaət xatirinə deyil, həm də tarixdə ən ekoloji cəhətdən təmiz oyun statusunu saxlamaq üçün qəbul edilib.

Olimpiada üçün yalnız Su İdmanı Mərkəzi və Olimpiya kəndi tikilib. Onların tikintisinə 9,7 milyard dollarlıq büdcənin, təxminən, 80 faizi xərclənib. Bununla belə, Paris artıq xərclərdən də xilas ola bilməyib. İlkin büdcə, təxminən, 6,8 milyard dollar olub. Təşkilatçılar xərclərin artmasının əsas səbəbinin inflyasiya olduğunu bildiriblər.

Təhlükəsizlik və personal xərcləri Olimpiadanın büdcəsini artırıb. Fransa Paris bölgəsində təhlükəsizlik üçün, təxminən, 45 min polis və hərbçi, həmçinin 50 min özəl podratçı cəlb edib. Eyni zamanda, hökumət işçilərinin tətillərinin qarşısını almaq məqsədilə mükafatlar və digər təşviqlərə əlavə vəsait ayırmağa razılaşıb.

Olimpiya büdcəsinə Sena çayının təmizlənməsi üçün ayrılmış 1,5 milyard dollar  daxil edilməyib. Eyni zamanda, büdcədə metro xəttinin uzadılmasına yönəldilmiş 3,8 milyard dollar da nəzərə alnmayıb. Rəsmilər bunların həyata keçirilməsi planlaşdırılan və digər büdcələrdə nəzərə alınan layihələr olduğunu söyləyiblər.

Qış və Yay Olimpiadaları neçə milyard dollara başa gəlib?

2024-cü ilin qiymətləri ilə Soçi (2014) – 63,3, Pekin (2008) – 55,9, ­Pekin (2022) – 40,9, Tokio (2020) – 37,1, Rio-de-Janeyro (2016) – 25, Afina (2004) – 19,8, London (2012) – 17,9, Pxençxan (2018) – 16,5, Paris (2024) – 15, Vankuver (2010) – 9,5, Turin (2006) – 5,6 və Solt-Leyk-Siti (2002) –  3,1milyard dollarla yekunlaşıb.

Pünhan 
XQ

 

İdman