Azərbaycan Almaniyanın Bremen şəhərində keçirilən, dünya caz sənayesinin mühüm tədbirlərindən biri sayılan “Jazzahead!” beynəlxalq sərgi-festivalda uğurla iştirak edib.
Bu il 20-ci yubileyini qeyd edən sərgi-festival dünyanın 60-dan çox ölkəsindən 3 mindən artıq peşəkar iştirakçını – musiqiçiləri, agentləri, media nümayəndələrini və caz sənayesi üzrə müxtəlif institutları bir araya gətirib. Festival çərçivəsində Bremen şəhərinin 45 müxtəlif məkanında 160-dan çox konsert və digər tədbirlər təşkil olunub və şəhərdə əsl caz ab-havası yaşanıb.
Beynəlxalq sərgi-festivalda Azərbaycan stendi qurulub, ölkəmizdən olan caz musiqiçilərinin yaradıcılığı beynəlxalq auditoriyaya təqdim edilib. Eyni zamanda, Bakıda keçirilən beynəlxalq caz festivalının tanıdılması istiqamətində görüşlər keçirilib, xarici caz ifaçıları, həmçinin caz sənaye nümayəndələri ilə əlaqələr qurulub və qarşılıqlı olaraq caz festivallarına dəvət olunub.
Tədbirin sonuncu günündə təşkil olunan konsert proqramında Azərbaycanın Əməkdar artisti, tanınmış caz ustası Rain Sultanov və digər musiqiçilərin çıxışları böyük maraqla qarşılanıb və beynəlxalq dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.
* * *
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin, Koreyanın İnçon şəhər cənub təhsil idarəsinin və “Inha” Universitetinin birgə təşkilatçılığı ilə multikultural tədris üzrə koreyalı müəllimlərin peşəkar bacarıqlarının artırılmasına həsr olunmuş müzakirə təşkil edilib.
Səfirliyin əməkdaşları ölkəmizin mədəniyyəti və multikultural modeli, eləcə də Koreya ilə ikitərəfli mədəni və təhsil əməkdaşlığı barədə məlumat veriblər, Azərbaycanla bağlı sualları cavablandırıblar. Məclis ikili bakalavr diplomu proqramı çərçivəsində “Inha” Universitetində təhsil alan azərbaycanlı tələbələrin milli musiqi və rəqs ifaları ilə davam edib, ölkəmizin mədəniyyət nümunələri nümayiş edirilib.
* * *
Finlandiyanın paytaxtı Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi tədbir təşkil edilib.
Şairin 50 şeiri və “Gülüstan” poeması Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Azərbaycan dilindən fin dilinə tərcümə edilib və Finlandiyanın Palladium Kirjat nəşriyyatında çap olunub.
Tədbirin təşkilatçısı və aparıcısı, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğulayıb və bu cür layihələrin mədəniyyətlərarası dialoqu gücləndirdiyini qeyd edib.
Gecədə pianoda Leyli Hüseynova çıxış edib, Sevinc Rüstəmova, Sabina Mirzəyeva, Sura Ağaverdiyeva və Mona Safocifar tərəfindən şeirlər səsləndirilib.
Bu ədəbi gecə Azərbaycan ədəbiyyatının Finlandiyada tanıdılması istiqamətində mühüm addım olmaqla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
XQ



