Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirdə gerçəkləşib.
Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.
Ardınca Dövlət Himni səsləndirilib. “Prezident Kuboku 2026” haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, 20-dək ölkədən 100-dən artıq idmançının iştirak etdiyi reqata cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə olaraq aprelin 27-də Sərsəng su anbarından start götürüb. Yarışlar 29 aprel tarixində Suqovuşanda davam edəcək. 30 aprel – 1 may tarixlərində Mingəçevirdə final yarışları keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

